Azərbaycan ordusunun arsenalında “Pegasus 120” yükdaşıyan kvadrakopterləri?

  • 24 İyul 2018
  • 2016

“Aeronautics” şirkəti “Pegasus 120” multirotorlu pilotsuz aparatlarını ilk dəfə ötən il “Paris Airshow” sərgisində nümayiş etdirib.

Bu il iyulun 11-də Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevlə “Aeronautics” şirkətinin icraçı direktoru Edid Yari arasında imzalanmış Memorandum “yeni tip pilotsuz aparatların” birgə istehsalını nəzərdə tutur. Agentlik bildirir ki, hərçəndə söhbət ancaq niyyət protokolundan gedir, bununla belə anlaşma “Pegasus 120” pilotsuz sistemlərinin Azərbaycana təchizatına imkanlar açır.

İsrailin “Azad Systems” şirkəti artıq Azərbaycanda “Orbiter 1K” zərbə pilotsuz aparatlarının birgə istehsalını həyata keçirir.

“Pegasus 120” multirotorlu pilotsuz sistemləri isə 75 kiloqrama qədər faydalı yükü 10 kilometrə qədər məsafəyə daşımaq qabiliyyətindədir. Maksimal uçuş çəkisi 120 kiloqramdır.

Aparat elektrik mühərrikləri ilə təchiz edildiyi üçün çox aşağı səs səviyyəsinə malikdir. Bu aparatı “Orbiter 2” və “Orbiter 3” pilosuz uçan aparatlarının yerüstü idarəetmə sistemi vasitəsilə idarə etmək mümkündür.

“Aeronautics” şirkətinin marketinq və satışlar üzrə baş direktoru Dani Eşxar aparatın təqdimetmə mərasimində bildirib ki, “Pegasus 120” xüsusən dağlıq bölgələrdə münaqişələr zamanı çox faydalı olacaq. “Biz başa düşürük ki, regionumuzdakı münaqişələrə görə bəzən qüvvələr sərhədlərdən xaricdə yerləşə və yollar çox çətin ola bilər. Bu həm təbii səbəblərlə-meşələr və dağlarla, həm düşmən təhdidləri , yolların minalanmasından irəli gəlir. Belə vəziyyətdə həmin qüvvələri havadan təchiz etmək lazım gəlir. Siz bu aparatın köməyi ilə qüvvələri su, yanacaq, ərzaq, təchizat predmetləri, dərman, döyüş sursatları, yəni lazım olan hər şeylə təchiz edə bilərsiniz”-o bildirib.

Eşçar deyib ki, bölmələrin havadan vertolyotla təchiz edilməsi bəzi hallarda çox riskli olur. Bu zaman həm texnika, həm heyət üzvləri təhlükədə qala bilər. Pilotsuz uçan aparatlar isə dəyəri ucuz olduğuna və insan həyatını riskə atmadığına görə döyüş əməliyyatları zonasında böyük fayda gətirəcək.

Həqiqətən Qarabağda potensial hərbi əməliyyatlar teatrındakı coğrafi vəziyyəti nəzərə alanda “Pegasus 120” pilotsuz sistemləri Azərbaycan ordusu üçün çox faydalı ola bilər. Bu aparatla həm qış aylarında yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin təchizatını asanlaşdırmaq, həm döyüş əməliyyatları zamanı bölmələrə təchizat dəstəyi vermək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır