"Google" peyvənd olunmayan əməkdaşlarını işdən çıxarmaqla hədələyib

  • 16 Dekabr 2021

"Google" korporasiyası işçilərindən peyvənd sertifikatları təqdim etməyi və ya tibbi, ya dini səbəblərə görə peyvənddən azadolma haqqında icazə almağı tələb edib.

Chip.az "APA-Economics"a istinadən xəbər verir ki, bu barədə şirkət daxilində yayılan açıqlamada bildirilir.

Qeyd olunur ki, bunu etməyən hər kəs növbəti ilin yanvarın 18-dən sonra 30 günlük ödənişli inzibati məzuniyyətə göndəriləcək. Bundan əlavə, onlar altı aya qədər ödənişsiz məzuniyyətlə üzləşə bilər və sonra isə işdən çıxarılacaqlar.

Qeyd edək ki, ABŞ Prezident Administrasiyası 100 və ya daha çox işçisi olan şirkətlərdən işçilərinin 18 yanvar 2022-ci il tarixinədək COVID-19-a qarşı tam peyvənd olunmasını və ya mütəmadi olaraq PCR testindən keçmələrini təmin etməyi tələb edib.

Noyabrın əvvəlində federal məhkəmə qərarı dayandırmaq qərarına gəldi, lakin "Google" 150 mindən çox əməkdaşından ofisə gəlib-gəlməyəcəklərindən asılı olmayaraq, daxili sistemlərə peyvənd məlumatlarını yükləmələrini istəyib.

"Google"un sözçüsü Laura Li Erikson "The Verge"ə bildirib ki, peyvənd tələbləri işçilərin təhlükəsizliyini və xidmətlərin düzgün işləməsini təmin etmək üçün ən vacib yollardan biridir: "Peyvənd oluna bilən işçilərə kömək etmək üçün əlimizdən gələni etməyə sadiqik. Bu istiqamətdə siyasətimizi qətiyyətlə davam etdiririk".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır