Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü

  • 6 gün Əvvəl

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib.

Günün əsas hədəfi 2030-cü ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir. Bu isə o deməkdir ki, elmi sahələrdə daha çox qadın çalışmalıdır. Müxtəliflik istedadlı tədqiqatçıların əhatəsini genişləndirir, yeni perspektivlər, istedadlar açır və yaradıcı potensialı üzə çıxardır. Bu günün qeyd olunması qadın və qızların elmi və texnoloji sahələrdə rolunu, həmçinin onların elmdə iştirakını gücləndirməyin vacibliyini xatırladır.

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü münasibətilə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, elm kollektiv bilik sahəsidir. Ancaq elmin inkişafı kişi və qadın arasındakı fərqə görə ləngiyir. Tələbə qızların çox az hissəsi ali məktəblərdə elmi fənləri öyrənməyi seçirlər. XXI əsrin çağırışlarını uğurla həll etmək üçün biz bütün potensialımızdan istifadə etməliyik. Bunun üçün gender stereotiplərini qırmaq lazımdır. Bu isə qadınların peşə karyeralarında alim və tədqiqatçı olmağı seçmələrinə kömək göstərməyi zəruri edir.

BMT-nin saytında qeyd edildiyi kimi, ötən il fevralın 10-da Əddis-Əbəbədə keçirilən Afrika İttifaqı sammitində iştirak edən A.Quterreş Afrika qitəsində qızların kompüter proqramçısı kurslarına cəlb olunması ilə bağlı mərasimdə də iştirak edib. Bildirib ki, qadınların cəmi 25 faizinin internetdən istifadə etmək imkanın olduğu və qızlar üçün bir çox ölkələrdə təhsilin əlçatmaz olduğu Afrikada beynəlxalq təşkilatlar və hökumətləri birgə fəaliyyətlərini gücləndirməli, daha çox vəsait ayırmalıdırlar.

BMT-nin hesabatlarında qeyd olunur ki, elm və gender bərabərliyi təşkilatın 2030-cu ilədək dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bəşəriyyət son 15 ildə bu sahədə böyük nailiyyətlər əldə etsə də, təəssüflə qeyd etmək lazımdır ki, qızlar və qadınlar hələ də təhsil almaqda əngəllərlə qarşılaşır. Dünyada elmi tədqiqatlarla məşğul olanların cəmi 30 faizi zərif cinsin nümayəndələridir. UNESCO-nun hesabatına görə, 2014-2016-cı illərdə ali məktəblərdə təhsil alan qızların cəmi 30 faizi elmi-texniki fənləri seçir. İnformasiya kommunikasiya texnologiyaları üzrə ixtisasları seçən qızlar 3 faiz, riyaziyyat və statistika üzrə 5 faiz, mühəndislik və sənaye üzrə isə 8 faizdir.

Qızların elmdə iştirakının zəif olmasının əsas səbəbi stereotiplər və yanlış təsəvvürlərdir. Cina Devis İnstitutunun apardığı tədqiqatların nəticələrinə görə, kinofilmlərdə qadın obrazlarının cəmi 12 faizi elmlə məşğul olan zərif cinsin nümayəndələridir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır