4 fevral 2004-cü ildə Harvard Universitetinin yataqxanasında böyük layihə ilə bağlı ilk addım atıldı.
Bu layihənin adı taleyi kimi hamınıza yaxşı tanışdır... Harvard tələbəsi öz universitet yoldaşlarından başlayaraq 2 milyard insanı cəlb edə bildi. Feysbuk... Bu sosial şəbəkənin istifadəyə verilməsi çox çətin yollardan keçərək dünyanın ən böyük platformalarından birinə çevrildi. Mark Zukerberqin yetişdirməsi olan platformanın bu gün 16 yaşı tamam oldu!
Feysbuk (Facebook) - əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş dünyanın ən böyük sosial şəbəkəsidir. Onun ilk adı “The Facebook” idi.
Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bir xeyli vaxt keçdikdən sonra aktiv iştifadəçilərin sayı 66 milyonu keçmişdi və illik satışlar təxminən 150 milyon dollar olurdu.
Yeni Feysbuk şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til sərmayə qoydu, daha sonra ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başladı. Bütün bunlara o, 500 min dollar vəsait xərclədi, bununla da durmadan irəliləyirdi. 2010-cu ilin oktyabrında Microsoft şirkəti Feysbukun 1,6% səhmini 240 milyon dollara aldı. Bu qiymətə həm də 2011–ci ilə kimi Feysbukda edilən reklam xidmətləri də daxildir.
Feysbukun azərbaycandilli versiyası
Feysbukun Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olundu və səsvermə nəticəsində qəbul olundu. İkinci mərhələdə Feysbukun özü tərcümə olundu. Bu mərhələ hələ başa çatmasa da, artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə Feysbuku bu dildə istifadə edə bilərlər.
Feysbuk "Translations Apps" tətbiqetməsi çərçivəsində istifadəçilər xidməti səhifələrin mətnlərini və saytın menyusunu tərcümə edir, administrasiya isə tərcümənin nəticələrini yoxlayır və üslubun dəyişilməz qalmasına nəzarət edir. İnterfeysin ayrı-ayrı elementlərinin ən yaxşı variantları səsvermə yolu ilə müəyyən olunur.
Şəbəkənin ilk istifadəçiləri
Sosial şəbəkədə qeydiyyatdan keçən ilk insanlar texnologiya tarixinə düşmüş oldular. Həmin insanların siyahısından olan 5 nəfəri sizə təqdim edirik:
Mark Zukerberq - dünyaca məşhur Feysbukun yaradıcısıdır. Hazırda da Feysbukda fəaliyyət göstərir.
Kris Hyuz - Feysbukun həmtəsisçilərindən biri və Markın otaq yoldaşı olub. Hazırda Hyuz dünyanı dəyişdirmək üçün sosial mediadan istifadə etməyə çalışan Jumo startapın banisidir.
Dastin Moskovits - Harvarddakı tələbəlik illərində Zukerberqin otaq yoldaşı olub. O, hazırda "Asana"nın həmtəsisçisidir və texnoloji startup-ların maliyyələşdirilməsi ilə məşğuldur.
Arie Hasit - hal-hazırda İsraildə yaşayır və yerli dini qruplardan birinin mənəvi lideridir.
Endryu Makkolam – O da Harvardı bitirmiş və Markla birlikdə “Əməliyyat sistemləri” dərslərinə iştirak edib. Zukerberq Makolamdan Feysbukun ilk loqotipini hazırlamağı xahiş edib.
Feysbuk azərbaycanlı olsaydı...
Feysbuk Azərbaycanlı olsaydı, yenicə şəkilli şəxsiyyət vəsiqəsi almış vətəndaş olacaqdı. Orta statistik məktəbli kimi Universitet xəyalı ilə yaşayıb hazırlıqlara gedəcəkdi. Yeniyetməlik dövründə istənilən insan kimi emosional və hiperaktiv olardı. Axı yalnız yeniyetmə əsəbdən bu cür yanıb sönə, necə deyərlər, “error” verə bilər. Bu balaca hər bir sahəyə qarışmaqla böyük olduğunu sübut etmək istəyir, axı hər şeydən “başı çıxır”, axı 16 yaşı var... Nə qədər balaca olsa da, yaşıdlarından fərqlənərdi. Bir çox yeniyetmə ilk məhəbbəti də elə bu yaşlarda yaşayır, çəhrayı arzular dünyasına qərq olur, bizimki isə bu cəhətdən tam formalaşmış sayılır. O, yaşına baxmayaraq, artıq cəmiyyətdə özünü doğrultmuş və yuksək dünyagörüşünə malik bir şəxsiyyətdir.