Deputatlığa namizədlərin sosial media tanıtımı - Yeni İnfluencer-lər gəlir

  • 03 Fevral 2020

Dünyada sürətlə inkişaf edən “İnfluencer Marketing” sahəsinə son dövrlər Azərbaycanda da böyük maraq müşahidə edilir. 
 

Business Insider Intelligence-in hesablamalarına görə, 2019-cu ildə bu marketinq sənayesinin bazar dəyəri  8 milyarda çatıb. 2022-ci ildə isə bu rəqəmin 15 milyard dollar olacağı təxmin edilir.
 

Qeyd edək ki, İnfluencer  anlayışı  məşhur simalar, bloqerlər, daha çox insan tərəfindən izləyicisi olan nüfuzlu sosial media istifadəçiləri, həmçinin izləyicisi çox olmasa belə, maraqlı və yaradıcı paylaşımlar edən insanları nəzərdə tutur. 

 

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkisi ölkədə bu sahədən aktiv istifadəyə böyük imkan yaradır. Hazırda 1300-dən çox deputatlığa namizədin əksəriyyəti sosial medianın gücündən aktiv istifadə edir. Namizədlər maraqlı, yaradıcı posterləri ilə izləyicilərin rəğbətini qazanır və yaxud tənqid atəşinə tutulur. Nəticədə isə onlar özlərinə sosial mediada auditoriya toplamış olur. 

 

Dünya ölkələrində bu marketinq ilə məşğul olan çox sayda şirkətlər mövcuddur. Ölkəmizdə də bu sahə ilə bağlı Keepface platforması fəaliyyət göstərir. Platforma brend şirkətləri nüfuzlu sosial media istifadəçiləri və bloqerlərlə birləşdirən onlayn məkandır. Ölkədəki İnfluencer-lərlə işləmək və məhsul, xidmətlərinin tanıtımını həyata keçirmək istəyənlər platforma üzərindən onlarla əlaqə saxlayıb, əməkdaşlıq edə bilər.


Şirkətin həmtəsisçilərindən Emin Vəli məsələ ilə bağlı TED.az-a açıqlamasında bildirib ki, parlament seçkisinin nəticəsindən asılı olmayaraq Azərbaycanda çox sayda yeni İnfluencer-lər yaranacaq. 

 

Onun sözlərinə görə, namizədlər aktiv formada sosial media tanıtımı həyata keçirir, özlərinə kifayət qədər geniş auditoriya cəlb edir, insanlarda inam yaradırlar: “Azərbaycanda hər il sosial media istifadəçilərinin sayı 15 faiz artır. Əhalinin aktiv hissəsi sosial mediadadır. Ona görə həm brendlər, həm də şəxsi brendlərini yaratmağa çalışan şəxslər burada böyük potensial görür. Bu trend sürətlə  baş verir. Seçkilər də bunun bariz nümunəsidir”.

 

Emin Vəli qeyd edib ki, Azərbaycanda seçkilərlə bağlı uzun müddətdir belə aktivlik olmamışdı: “Əgər namizəd  müəyyən sayda  insana  təsir edə bilirsə, onu İnfluencer adlandırmaq olar. Onları seçkiyə inandırır, insanları inandırıb səs toplamağa çalışır və bunun üçün sosial media tanıtımları hazırlayırlar. Hesab edirəm ki, bu seçkilərdən çox sayda yeni “Makro İnfluencer”lər yaranacaq və biz də platformada data bazamızı genişləndirə biləcəyik”.

 

 

Onun sözlərinə görə, əslində parlamentin buraxılması və yeni seçkinin təşkili qısa zamanda baş verir. Bunu da nəzərə alaraq namizədlərin sosial media aktivliyi daha çox diqqət çəkir: “Namizədlərin paylaşımlarını ətraflarında olan “Makro İnfluencer”lər paylaşır və beləliklə, deputatlar özlərinə auditoriya yarada bilir. Məlum məsələdir ki, seçki bitdikdən sonra müəyyən adamlar seçiləcək. Düşünürəm ki, seçilməyən insanlar seçkidən sonra da sosial media fəaliyyətini davam etdirəcək. Yəni, ən azından namizədlər növbəti seçkidə qalib ola biləcəklərini düşünəcəklər və budəfəki seçkilərin bir təcrübə olduğunu qəbul edəcəklər”. 

 

Platforma rəsmisi onu da bildirib ki,  seçkidən sonra namizədlər rəqiblərinin kampaniyalarını təhlil edəcək və zəif tərəflərini gücləndirməyə çalışacaqlar, növbəti seçkilərə daha yaxşı hazırlaşacaqlar. 

 

Emin Vəli  Keepface platformasında indiyə qədər 25 min İnfluencer-in qeydiyyatdan keçdiyini vurğulayıb.

 

Xatırladaq ki, İntaqramda influencerlərin aktivliyi 48% artıb. “Influencer  Marketing” sahəsində ən aktiv bazarlar ABŞ (42%), Cənubi Koreya, Böyük Britaniyaya (11%) məxsusdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər