Google ötən il boşluqlara görə tədqiqatçılara 6,5 milyon dollar mükafat verib

  • 31 Yanvar 2020

"Google" şirkəti 2019-cu ildə "Android" əməliyyat sistemində aşkarlanan boşluqlar üçün mükafatların ödənilməsi proqramı çərçivəsində təhlükəsizlik üzrə tədqiqatçılara 6,5 milyon dollardan çox vəsait ödəyib. 2019-cu ildə ödənilən mükafatın məbləği 2018-ci illə müqayisədə təxminən iki dəfə artıb. 2018-ci ildə təhlükəsizlik üzrə tədqiqatçılara 3,4 milyon dollar ödənilib. Proqram 2010-cu ildə istifadəyə verilib və ötən müddət ərzində şirkət tərəfindən tədqiqatçılara ümumilikdə təqribən 15 milyon dollar ödənilib.

 

chip.az    "SecurityLab" resursuna istinadən yazır ki, 2019-cu ildə aşkarlanan bir səhvə görə tədqiqatçılara onun təhlükə dərəcəsindən asılı olaraq 100-31 337 dollar verilib. Bundan başqa, bir-biri ilə əlaqəli boşluqlara görə mükafatın məbləği xeyli artırılıb. "Pixel 3" qurğularında bir sıra boşluqlar barədə məlumat verərək 201 337 dollar alan "Alpha Lab" şirkətinin mütəxəssisi Quan Qon məhz belə mütəxəssislərdən olub.

 

Ötən il "Google" maksimal baza mükafat məbləğini üç dəfə artıraraq 5 min dollardan 15 min dollara, eləcə də yüksəkkeyfiyyətli hesabatlar üçün iki dəfə artıraraq 15 min dollardan 30 min dollara çatdırıb.

 

Bundan başqa, şirkət "Google Play" əlavələrində boşluqlar üçün mükafatlandırma proqramının qüvvədə olma müddətini uzadıb. Ötən ildən etibarən proqramda 100 milyondan çox yükləmə sayına malik bütün proqramlar iştirak edə bilər. Proqram çərçivəsində "Google" tərəfindən tədqiqatçılara ödənilən mükafatın məbləği 650 min dolları ötüb.

 

Həmiçin "Android" əməliyyat sistemində boşluqlara görə maksimal mükafatın məbləği artırılıb. Hazırda hücum edilən sistemdə sərbəst kodu məsafədən yerinə yetirməyə imkan verən bir eksployt üçün tədqiqatçıya 1 milyon dollar verilir. Proqram tərtibatçıları üçün ilkin versiyada belə boşluğun aşkarlanmasına görə "Google" 500 min dollar ödəməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır