Smartfon bazarının lideri hansı şirkətdir? – AÇIQLAMA

  • 31 Yanvar 2020

Huawei şirkəti birinciliyə olduqca yaxındır

 

Samsung şirkəti smartfon bazarının lideri oldu.

 

chip.az xəbər verir ki, bu haqda "Strategy Analytics" şirkətindən məlumat yayılıb.

Mütəxəssislərin illik hesabatına görə, 2019-cu il ərzində dünya üzrə 1,41 milyard smartfon satılıb. Bu rəqəm 2018-ci illə müqayisədə cəmi 1% azdır.

İlin yekunlarına əsasən, smartfon bazarının lideri olan Samsung ötən il 295,1 milyon mobil telefon sataraq ümumi bazarın 20,9%-nə sahib olub. Şirkət mobil bazara liderlik etsə də, cihaz satışını azaldıb. Belə ki, Samsung 2018-ci ildə 299,1 milyon, yəni 2019-cu ildən 4 milyon daha çox smartfon satmışdı.

 

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) təzyiqinə baxmayaraq, Huawei şirkəti ötən il satışını 20% artıraraq, təxminən 240,5 milyon cihaz satıb. Hazırda Huawei ümumi smartfon bazarının 17%-nə sahibdir. Görünür, hər iki şirkət üçün bu il ciddi rəqabətə mühiti yatişəcək.

 

İlk üçlüyü Apple şirkəti tamamlayıb. 2019-cu ildə 197,4 milyon smartfon satan şirkət ümumi bazarın 14%-nə sahib olub. Apple şirkəti üçün bu rəqəm ötən ilin öncəki rübünə nisbətən təxminən 10 milyon azdır. Çünki ötən ilin ilk rübündə smartfon bazarının lideri məhz Apple şirkəti olmuşdu. Sözügedən şirkət mobil telefon bazarında Samsung-u 2 milyon cihazla qabaqlayırdı.

 

Qeyd edək ki, növbəti pillədə ardıcıl olaraq, Xiaomi (124,8 milyon, bazarın 8,8%-i) və Oppo (115,1 milyon, bazarın 8,1%-i) şirkətləri gəlir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır