Kaliforniyada yerləşən Kamp Pendleton bazasında MORP-4 sinif kostyumunda kimyəvi mühafizə bölməsinin mütəxəssisi
Kütləvi qırğın silahlarının (kimyəvi, bioloji, radioloji və ya nüvə) hücum təhlükəsi müasir hərbi əməliyyat aparan hər bir komandiri narahat edir. Beynəlxalq müqavilələrdə bu cür silahların istifadəsinin mümkünsüz görünə biləcəyi təqdirdə belə bu vəziyyətlə qarşılaşmaq mümkündür.
Bu narahatlığın ciddi əsasları mövcuddur, çünki qoşunlar hazırlıqlı olmadıqda və və lazımi şəkildə təchiz edilmədikdə, bu, böyük itkilərə səbəb ola bilər və hərbi əməliyyatın gedişatını ciddi şəkildə poza bilər. Kütləvi qırğın silahlarının (KQS) növlərindən hesab edilən kimyəvi silah (KS) son zamanlar Suriyadakı münaqişə də daxil olmaqla, bir neçə münaqişədə açıq istifadəsi səbəbiylə bəlli bir məşhurluq qazandı. 1980-1988-ci illərdə İran-İraq müharibəsində İraq bəşəriyyətə qarşı amansız cinayətə çevrilən kimyəvi silahdan istifadə etdi. Hücuma məruz qalan iranlılar buna hazır deyildilər və onlar xüsusi kimyəvi mühafizə vasitələri ilə təchiz olunmurdular. Ümumiyyətlə, kimyəvi silahdan istifadə edilən hücumlar, bir qayda olaraq, taktiki xarakter daşımır, burada əsas məqsəd düşmən qüvvələr arasında qorxu və dəhşət yaymaqdan ibarətdir. Lakin kimyəvi silah istifadəsinin tarixini təhlil etsək, bunun nadir hallarda, xüsusən də təlim keçmiş müasir qoşunlara qarşı istifadə edildiyi zaman həlledici hərbi əhəmiyyətə malik olduğu qənaətinə gələ bilərik.
Kimyəvi silahların o qədər də qətiyyətli olmadığını düşünsək belə, kimyəvi döyüş və ya bioloji vasitələrdən qorunmağa hazırlaşmaq üçün lazımi tədbirlərin görülməsinin özü əsgərlərin vəzifələrini yerinə yetirmə qabiliyyətinə mənfi təsir göstərir. Kimyəvi hücum zamanı hər bir hərbçi onun təsirindən qorunmaq üçün dərhal lazımi qoruyucu vasitələri geyinərək reaksiya verməlidir. Bunun üçün ona bir neçə saniyə zaman verilir. Bu o deməkdir ki, hərbi qulluqçular daim özü ilə əleyhqaz və kimyəvi qoruma üçün xüsusi bir kostyum gəzdirməlidir. Bu kostyum zəhərli maddələrdən qorunmaq üçün xüsusi olaraq hazırlanır və çox vaxt adi hərbi geyimin üstündən geyilir. Böyükdür, narahatdır və çox tərləməyə səbəb olur. Bir çox qoruyucu kostyumlar hava keçirmir, nəfəs almır, kostyum sahibinin bədən istiliyinin xaric edilməməsinə, hərbçilərin orqanizmlərinin həddən artıq istilənməsinə səbəb olur. Ətraf mühitin yüksək temperaturu şəraitində, fiziki yük olmadan belə, şəxsi heyətin bədən hərarətinin artması ehtimalı çox böyükdür. Döyüşdə əsgərlərin yüksək fiziki aktivliyi isə istilik vurmasına, habelə orqanizmin susuzlaşmasına və digər ciddi problemlərə səbəb ola bilər. Belə bir kostyumda ən sadə vəzifə də çətinləşir və dözümlülük aşağı düşür. ABŞ Müdafiə Nazirliyi üçün hazırlanan Müdafiə Analizləri İnstitutunun "Qoruyucu dəstin daşınmasının insanın fəaliyyət imkanlarına təsiri" hesabatında deyilir ki, istilik təsir etmədən belə, döyüş və dəstək bölmələrinin tapşırıqları yerinə yetirmə qabiliyyəti əhəmiyyətli dərəcədə azalır. Bu, hərbi təlimlərdə də nümayiş etdirildi və bu müddət ərzində ehtimal olunan itkilərin ikiqat artdığı bildirildi.
Zəhərləyici maddələr dörd əsas fizioloji sinfə bölünür. Hər bir sinifin fərqli xüsusiyyətlərə malik zəhərləyici maddələrindən qorunmaq üçün öz kompleks tədbirlərinin yerinə yetirilməsi tələb olunur. Əsəb-paralic təsirli zəhərləyici maddələr sinir sisteminə sürətlə təsir edir, eyni zamanda sürətlədə parçalanır. Dəriyə təsir edən zəhərləyici maddələr dəri örtüyü ilə təmasda olduqda hüceyrə toxumasını məhv edir və uzun müddət öz xüsusiyyətlərini saxlaya bilirlər. Boğucu zəhərləyici maddələr isə nəfəs aldıqda bronxları və ağciyərləri yandırır. Ümumi zəhərləyici maddələr isə qanın oksigen daşıma qabiliyyətinə mane olur. Onlar tez təsir edir, eyni zamanda tez də dağılırlar. Zəhərləyici maddələr qaz, maye və ya toz halında ola bilər, son iki maddə çox davamlı da ola bilər.
Keçilməz qoruyucu dəst qısa müddətli geyim üçün təsirli və faydalıdır, lakin adətən yalnız bir dəfə istifadə olunur. Bir qayda olaraq, onlar yüngül və ucuzdur, lakin əhəmiyyətli bir çatışmazlığı da mövcuddur - onlar sahibini yüksək istilik yükü ilə də təmin edirlər.
Stressdən azad mühafizə
Uzun illər ərzində personalın fərdi kimyəvi mühafizəsi keçilməz materiallardan hazırlanan xarici qoruyucu geyimlər, əleyhqaz və ya respirator geyməklə təmin edilirdi. Əleyhqazda kimyəvi maddələri udmaq üçün xüsusi filtrlərdən istifadə edilərkən, üst qoruyucu geyim dərini zəhərləyici maddələr ilə təmasdan qoruyan bir plaşa və ya yağış paltarına bənzəyir. Bu geyim növü, hazırda Qərb də daxil olmaqla, çox ölkədə yayılıb və "A" səviyyəli qoruyucu dəstlərə aiddir. Məsələn, "Dupont" şirkətinin "Tychem HazMat" kostyumu operativ reaksiya verməli olan həm hərbi, həm də mülki təşkilatlar tərəfindən geniş istifadə olunur. Bu dəstlər tamamilə hava keçirməzdir və buna görə sahibinin həddindən artıq istilənməsi və yorğunluq ehtimalı səbəbindən ən münimum müddətə geyilir.
Yüngül keçilməz gödəkçələr, şalvar, çəkmə örtükləri (çəkməüstü corab) və ya sadəcə kapişonlu plaşlar qısa müddətdə qorunmaq üçün, məsələn, zəhərləyici maddələrlə yoluxan ərazidən keçərkən istifadə olunur. "Dupont" şirkətinin "Tyvek" və ya digər polivinilxloriddən hazırlanan materiallardan tikilən kostyumlar əsasən bir dəfə istifadə olunur.
ABŞ hərbçiləri bir vaxtlar ilk Körfəz müharibəsində istifadə olunan qrafit örtüklü qoruyucu dəsti standartlaşdıraraq istifadə edirdilər. Bunlar əvvəlki modellərə nisbətən əsgərlər üçün daha uyğun olsa da, daha böyük idi, nəfəs almırdı, islandıqda isə xüsusiyyətlərini zəiflədirdi, qrafit isə onu daşıyan şəxsi heyətin geyimini və bədəninin açıq hissələrini qara rəngə boyayırdı.
"Səhra Fırtınası" əməliyyatından sonra bu dəst bir çox mənfi rəy aldı, bununla əlaqədar olaraq ABŞ hərbçilərinin fizioloji baxımdan yaxşılaşdırılan xüsusiyyətlərə malik alternativ həllərə ehtiyacı olduğu aydın oldu. Bu zaman koalisiya qüvvələrinə daxil olan bəzi ölkələrdə, yuxarıda göstərilən problemlər uğurla həll olunmuşdu və onlar səhra ərazilərində oxşar qoruyucu kostyum dəstlər daşımaq təcrübəsinə malik idilər. Məsələn, fransızlar "Paul Boye" şirkəti tərəfindən hazırlanan və baxmayaraq ki, bu da qrafit astarlı idi, lakin əlavə bir fizioloji təsiri olmayan kostyum geyirdilər, onlar adi hərbi təchizata daha çox bənzəyirdi.
Digər bir filtrasiya texnologiyası qoruyucu kostyumun astarına yapışdırılan qrafit kürələrinə əsaslanırdı. Almaniyanın "Bliicher as Saratoga" şirkəti tərəfindən təklif edilən bu texnologiya, ABŞ ordusuna tədarük üçün qəbul edilən JSLIST (Joint Service Lightweight Integrated Suit Technology) ümumqoşun yüngül dəstində istifadə olunur. Öz növbəsində, İngiltərənin "Haven Technologies" şirkəti "Kestrel" və "Phoenix" dəstlərini təklif etmək üçün OPEC CBRN kompaniyası ilə bir araya gəldi.
OPEC sözçüsü "Kestrel" orta çəkili dəstin, 30?ha yüngül və isti iqlim üçün ideal olduğunu" söylədi. "Kestrel" 2016-cı ildə Avstraliya silahlı qüvvələri üçün də seçildi.
JSLIST ABŞ Silahlı Qüvvələrinin silahlanmasına kimyəvi və bioloji mühafizə dəsti kimi qəbul edilib. Bu dəstə üst geyim, əleyhqaz, əlcəklər və çəkmə qorunması daxildir
Tədqiqat və inkişaf
ABŞ-da məqsədi əsgərə daha az fizioloji yük ilə təsir edən fərdi mühafizə sistemləri yaratmaqdan ibarət olan bir neçə tədqiqat və inkişaf proqramı həyata keçirilir.
Yanaşmalardan biri, standart geyim təchizatını zəhərləyici maddələrə qarşı müqavimət imkanları ilə təmin etməkdir, bunun nəticəsində hərbçilərin xüsusi kostyumları daim özləri ilə daşımaq və onları müntəzəm olaraq geymək zərurəti aradan qalxar.
Geyilən dəstdə əlavə paltar təbəqəsinin xaric edilməsi isə əlavə olaraq istilik yükünü azaltmağa və daşınma rahatlığını artırmağa kömək edir.
WL Gore kompaniyası "Chempak" da daxil olmaqla keçilməz və seçimə görə keçici olan qoruyucu parçalar hazırlayıb. Şirkət nümayəndəsinin sözlərinə görə, bu qısa müddətli istifadə üçün çox yüngül üst geyimdir. Seçimə görə, keçirici olan mühafizə parçası tərləməni azaldır, istiliyi buraxır, eyni zamanda zəhərləyici maddələrin nüfuz etməsinin qarşısını alır. Bu, geyim sahibinin bədən istiliyinin də müəyyən qədər azalmasına kömək edir. Tez-tez "Chempak" qumaşından alt paltarları tikilir, bunun üstündən isə adi hərbi geyim geyilir. Bu alt paltarı daha uzun müddət geyilə bilər, çünki daha az həcmlidir və nəticədə daha rahatdır.
Mümkün bir həll yolu olaraq nanotexnologiya da öyrənilməkdədir ki, bu da zəhərləyici maddələrdən qorunmaq üçün daha yüngül və nəfəs alan toxuculuq məhsulları əldə etməyə imkan verəcək. Nanofiber liflərlə örtülən parçaların yaxşı perspektivləri mövcuddur, çünki uducu material (absorbent) bu parçalara hopdurulduqdan sonra o, maye və aerozol maddələrə keçirilməz olaraq həm istiliyin xaric edilməsinə şərait yaradır, həm də tərləmə prosesinə şərait yaratmır. Bu qoruyucu xüsusi formanın daha davamlı olacağına və sahibinə daha üstün komfort şərait yaradacağına inanılır.
Etiraf etmək lazımdır ki, zəhərləyici maddələrdən qorunmanın ən yaxşı xüsusiyyətlərinə malik kostyumların hazırlanmasına çox ciddi diqqət yetirilir. Lakin çoxsaylı ərazi və laboratoriya tədqiqatları bir əsgər üçün ən böyük yükün əleyqazın geyilməsi olduğunu təsdiqləyir. Bu yüksək fiziki yüklənmə vəziyyətində xüsusilə aktualdır.
Bununla əlaqədar qısaltması MOPP (Mission Oriented Protective Postures - tapşırıq xüsusiyyətindən asılı olaraq fərdi qoruyucu vasitələrdən istifadə qaydası) olan müxtəlif fərdi mühafizə səviyyələri müəyyən edilib. Bunlar yalnız normal döyüş uniforması geyilən MOPP 0 səviyyəsindən əlcək və çəkmələrdən tutmuş kapişon və əleyhqaza qədər tam mühafizə dəstinin geyilməsini tələb edən MOPP 4 səviyyəsinə qədərdir.
Digər MOPP səviyyələri mühafizə dəstinin əşyalarının daha az sayını təyin edir, lakin onlar hərbçilərin üzərində daşınmalıdır və dərhal istifadəyə hazır olmalıdır. Ümumiyyətlə, MORR səviyyəsinə dair qərar, zəhərləyici maddələrin istifadəsi təhlükəsinin qiymətləndirilməsinə əsaslanaraq, üst komandanlıq tərəfindən qəbul edilir.
Kimyəvi döyüş zəhərləyici maddələrin aşkarlanması davamlı, hərtərəfli və təcili olmalıdır. "Benin instruments" şirkətinin "Second Sight M2" cihazı bu tələblərə tam cavab verir. O gündüz və ya gecə, hər üç dəqiqədən bir 360 dərəcədə darama keçirir və 10 saniyə ərzində həyəcan siqnalı verir.
Zəhərləyici maddələrin aşkarlanması
Zəhərləyici maddənin varlığının insan duyğularına, ən azı yoluxmuş şəxsi heyətə mənfi təsir göstərməyə başlamazdan əvvəl bəlli olmaması faktı, daha aşağı səviyyəli MORR-dan istifadə etmək qərarın qəbul edilməsini daha da çətinləşdirir.
Bəzi zəhərləyici maddələr qəsdən uzun müddət effektivliyini qorumaqla davamlı olaraq yaradılır. Nəticədə bölmələr fərqinə varmadan belə asanlıqla yoluxmuş əraziyə daxil ola bilərlər.
Buna görə bu maddələrin mövcuddluğu və sürətli aşkarlanması üçün davamlı izləmə çox vacibdir. Bu sistemlər sadə, etibarlı və dəqiq olmalıdır, çünki saxta siqnallar mühafizə dəstlərinin istifadəsini tələb edə bilər ki, bu da şəxsi heyətin fəaliyyət effektivliyini azalda bilər.
Sabit və daşınan detektorlara ehtiyac duyulur, çünki həm ön xəttdə, həm də arxa cəbhədə yerləşən bölmələr KQS-in potensial hədəflərinə çevrilə bilər. Həqiqətən də komanda məntəqələrinə, hava hücumundan müdafiə bölmələrinə, artilleriya batareyalarına, təchizat bazalarına və aerodromlara qarşı zəhərləyici maddələrin istifadəsi düşmənin fəaliyyətlərini pozmaq baxımından çox təsirli hesab edilir, çünki bu obyektlər çox həssasdır və asanlıqla aşkar edilir.
Zəhərləyici maddələri aşkar etmək üçün ən sadə texnologiya indikatorlu kağızdır. Onların versiyaları məsələn, əsgər daşıyan M8 və M9 zolaqlarından, taktiki kimyəvi kəşfiyyat bölmələrinin istifadə etdiyi M18AZ dəstinə qədər dəyişir. Vizual kolorimetriya adlı bir proses, zəhərləyici maddə kağız üzərindəki maddə ilə təmasda olduqda meydana gələn bir reaksiyaya əsaslanır. Konkret maddənin növündən asılı olaraq spesifik vizual rəng dəyişikliyi baş verir. Zəhərləyici maddəni təyin etmək üçün zolaqlar ucuz və sadədir, maye və aerozollarla işləyərkən isə xüsusilə effektiv olurlar. Bununla bərabər onlar yüksək rütubətə həssasdırlar.
Daha dəqiq təyinetmə üçün əllə çalışan sistemlərdən istifadə olunur. Fransanın "Proengin" şirkətinin əl ilə işləyən sabit və mobil "APen Series" detektorları kimyəvi döyüş vasitələrini aşkar və müəyyən etmək üçün alov spektrometri texnologiyasından istifadə edir. Şirkət nümayəndəsinin məlumata görə, yağış və ya yüksək rütubətə, kənar kimyəvi maddələrin mövcudluğuna baxmayaraq, onlar ərazidə əla çalışırlar. Bunlar əsəb-paralic, dərini sıradan çıxaran və qusma yaradan maddələri, həmçinin bir çox toksik sənaye kimyəvi maddələrini aşkar etməyə imkan verirlər.
"Smiths Detection" kompaniyası fərqli texnologiyalardan istifadə edərək eyni vaxtda bir neçə sensorla çalışa bilən HGVI cihazını təklif edir. Onların tərkibinə ion hərəkətliliyi sensoru, fotoionizasiya kamerası və tomoqrafik qamma kamerası aiddir. 3,4 kq ağırlığında olan kompakt blok yalnız zəhərləyici maddə və toksik sənaye maddələrini deyil, qamma şüalanmasını da təyin edir.
"Airsense Analytics" şirkəti isə kimyəvi maddələrin, həmçinin zəhərli sənaye maddələrinin və digər təhlükəli birləşmələrin daha "inkişaf etmiş" aşkarlanmasını təklif edən bir sistem hazırlayıb. Onun GDA-P cihazı kəşfiyyat qruplarına yalnız zəhərləyici maddəni deyil, həm də yüksək effektivliyi olan digər təhlükəli maddələri də müəyyən etməyə imkan verir. Yarımhərbi və qeyri-hərbi strukturların kimyəvi silahlara çıxışı olmadığı üçün onların alternativ həllərdən istifadə edə biləcəyi bir dövrdə bu imkanlar getdikcə daha vacib hala gəlir.
Zəhərləyici maddələri və toksik sənaye maddələrini aşkar etmək üçün hazırlanan başqa bir sistemi qeyd etmək lazımdır. Bu "Owlstone" şirkətinin ABŞ ordusu üçün hazırladığı "Next Generation Chemical Detector" (Sonrakı Nəsil Kimyəvi Detektoru) adlanır. Mexaniki rejimdə çalışan və maşına quraşdırıla bilən versiyalarda istehsal edilən cihaz bir kiloqramdan az kütləyə malikdir və cəmi 10 saniyə ərzində zəhərləyici maddəni aşkarlayır. Cihaz müəyyən edilən maddələrin çeşidini genişləndirmək üçün proqramlaşdırıla bilər.
Ölçü və kütlə personal zəhərləyici maddə detektorlarının ən vacib xüsusiyyətlərindəndir, çünki onlar hər bir əsgərin döyüş effektivliyinə birbaşa təsir edir. "BAE Systems" kompaniyasının təklif etdiyi "Joint Chemical Agent Detector"(JCAD) əl detektoru həm zəhərləyici maddələrin tətbiqi barədə məlumat verir, həm də bu məlumatları sonra ətraflı təhlil etmək üçün yaddaşda saxlayır. JCAD detektorunda eyni vaxtda müxtəlif zəhərləyici maddələrin müəyyənləşdirilməsinə imkan verən yerüstü akustik dalğa texnologiyasından istifadə edilir.
Kimyəvi hücumundan sonra üstünlük verilən davranışlardan biri də yoluxan zonaları qısa bir zamanda müəyyənləşdirmək hesabına həmin ərazilərdən yayınmaqdır.
Bunun açarı isə real zaman rejimində uzaqdan aşkarlanmadadır. Ultrabənövşəyi lazer texnologiyasından istifadə edən "Joint Chemical Stand-off Detector" (JCSD) detektoru üçayaq və ya nəqliyyat vasitəsinə quraşdırılır. İyirmiyə qədər zəhərləyici maddənin və 30 toksik sənaye maddəsinin identifikasiyası iki dəqiqədən az bir müddətdə yerinə yetirilir.
MCAD (Mobile Chemical Agent Detector) adlı başqa bir uzaq məsafədən çalışan detektor isə "Northrop Grumman" şirkəti tərəfindən hazırlanıb. Şirkət bu sistemin tamamilə passiv olduğunu və tanıma alqoritmləri kitabxanasından istifadə edərək 5 km məsafədən təhlükəli maddələri aşkar edə bildiyini iddia edir. Bu kitabxana proqramlaşdırılması hesabına əlavə maddələrlə doldurula bilər. Cihaz naqilsiz kanal ilə idarə oluna və rabitə şəbəkəsinə də qoşula bilir. MCAD həm quruda, həm də dəniz mühitində yüksək effektivlik nümayiş etdirir.
Zəhərləyici maddələrdən qorunan sığınacaqlar kimyəvi hücumdan sonra da qərargahların, tibb mərkəzlərinin və digər vacib xidmətlərin fasiləsiz işləməsini təmin edir
Kanada ordusu üçün "Defense Research and Development Canada" şirkəti tərəfindən hazırlanan CATSI (Compact Atmospheric Sounding Interference) uzaqdan aşkarlama sistemidir.
Quraşdırılan "Furye" spektrometrindən istifadə edərək cihaz 5 km məsafədəki kimyəvi maddələri avtomatik olaraq aşkarlayaraq növünü təyin edə bilir.
"Bruker Daltonik" şirkətinin üçayaq, gəmi və ya nəqliyyat vasitəsinə quraşdırılan "RAPIDPIus" cihazı, zəhərləyici və sənaye kimyəvi maddələrini aşkar etmək üçün passiv infraqırmızı sensorlardan və "Furye" çevrilmə spektroskopiyasından istifadə edir.
"Bertin Instruments" kompaniyasının üçayaqda quraşdırılan "Second Sight MS Gas Detector" qurğusu soyudulmayan multispektral infraqırmızı kameradan istifadə edərək, 5 km məsafədə qarışıq buludlar da daxil olmaqla, təhlükəli maddələri aşkarlaya bilir. Cihaz hər üç dəqiqədən bir seçilən 12, 30 və ya 60 dərəcəlik müşahidə zonasında 360 dərəcəlik darama aparır. Cihaz 10 saniyədən az bir müddətdə sınaqdan keçirdiyi maddələrin müəyyənləşdirilməsini təmin edir.
Bu gün erkən uzaqdan aşkarlanmaya göstərilən diqqət, zəhərləyici maddə istifadəsinə ən yaxşı reaksiyanın, yoluxma zonasının ən sürətli və dəqiq müəyyənləşdirilməsi ilə oranın lokalizasiyasına artan ənənəni əks etdirir. Bu, mobil qüvvələr üçün bəlkə də məqbul ola bilər, lakin fəaliyyətlərində döyüş effektivliyini azaltması səbəbindən stasionar yerləşdirmə tələb edən bölmələr üçün heç də uyğun deyil. Çadırlarda və sığınacaqlarda yerləşmək kimi ən sadə reaksiya, kifayət qədər erkən verildiyi təqdirdə zəhərləyici maddələrin təsirinə məruz qalma dərəcəsini qismən məhdudlaşdıra bilər. Nəticədə, şirkətlər yalnız zəhələyici maddələrin təsirinə davamlı deyil, həm də dezinfeksiya nöqtəsi kimi də istifadə edilə biləcək yerlərdə istifadəyə yaralı yumşaq toxunma materialların istehsalı ilə məşğul olurlar.
Böyük Britaniyanın "Warwick Mills" şirkəti kimyəvi və bioloji maye hopdurulan patentli material parçadan istifadə edir. Şirkət, həmçinin kimyəvi maddələri etibarlı şəkildə özü tərəfindən məhv edən çoxqatlı material hazırlayır. "UTS Systems" şirkəti isə yalnız havadan gələn zəhərləyici maddələrə qarşı davamlı deyil, həm də kimyəvi döyüş vasitələri üçün hava şlüzləri və filtrasiya sistemləri ilə təchiz olunan çadır sığınacaqlarını təklif edir.
Zəhərləyici maddədən istifadə edilərək hərbi hədəflərə hücumun effektivliyi, itkilərlə müqayisədə hücuma məruz qalanların arasında daha çox şok və xaos ilə xarakterizə olunur. Ən nizamlı tapşırıqları yerinə yetirərkən belə mühafizə dəstləri geyinmək və əlavə təhlükəsizlik məntəqələri yaratmaq, döyüş effektivliyinin kəskin azalmasına səbəb olur: artilleriyanın atəş tempi azala bilər, aviasiyanın uçuşları isə daha uzun müddət tələb edərək çətinləşər. Avadanlıqların istismarı və texniki xidməti mümkün olsa belə, insan və maddi resursların əsas hissəsi dezinfeksiya işlərinə cəlb edilir.
Yazı Aleks Alekseyevin məqaləsi əsasında hazırlanıb.
Ordu.az
Chip.az