“Bu gün əlamətdar gündür. Çünki ilk dəfə Azərbaycan tarixində “Elektron məhkəmə”nin mobil tətbiqinə başlanılır.
Chip.az xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında Yasamal Rayon məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib.
“Hələ 2013-cü ildə “Elektron məhkəmə”nin yaradılması haqda ölkə başçısı tərəfindən sərəncam verilmişdi. Bu müddət ərzində çox geniş işlər aparıldı. Görülən işlərin nəticəsində “Elektron məhkəmə”nin mobil tətbiqi mümkün oldu. Çox az ölkələrdə elektron məhkəmənin mobil tətbiqi mövcuddur. Qeyd etməliyəm ki, Avropa Şurasının 47 üzv dövlətindən birinci ölkəyik ki, bu gün elektron məhkəmənin mobil tətbiqini təqdim edirik. Ümidvaram ki, bu tətbiq vasitəsilə məhkəmələrin vətəndaşlar üçün əlçatanlığı daha da asanlaşacaq, şəffaflıq və səmərəlilik yüksələcək. Vətəndaşlar və hüquqi şəxslər məhkəmələrə gəlmədən cari proseslərlə əlaqədar sənədlərini elektron qaydada təqdim edə biləcəklər. Həmçinin çıxarılan qərarlar və digər sənədləri elektron qaydada əldə edə biləcəklər. Düzdür, biz bundan əvvəl “Elektron məhkəmə”nin bu funksionallıqlarını təqdim etmişdik. Lakin bu gün həmin funksionallıqlardan vətəndaşlar kompüterlərə ehtiyac duymadan mobil telefonları vasitəsilə də istifadə edə biləcəklər”, - deyə R.Qurbanov bildirib.