Silahlanmamızda nüvə sursatlarından istifadə edə bilən artilleriya qurğusu - 2S7 Pion (HƏRBİ EKSPERT)

  • 20 Dekabr 2019

Uzun müddət artilleriyanın daşınması və yerləşdirilməsi mürəkkəb bir proses hesab olunurdu. Adi güllələr, minaatan mərmiləri və qəlpələr texnikaya zərər vermədən belə ordunu artilleriya dəstəyindən məhrum edə bilirdi. Bu problemin həll edilməsi cəhdləri sonunda özüyeriyən artilleriya qurğularının yaranmasına səbəb oldu. Bu gün Azərbaycan Ordusunun silahlanmasında mövcud olan unikal konstruksiyalı 2S7 "Pion" artilleriya qurğularından bəhs ediləcək.

XX əsrin ikinci yarısında hazırlanan, maraqlı texniki xüsusiyyətlərə və effektiv atəş gücünə malik qurğuların döyüş qabiliyyəti və hərəkətlilik imkanları, onların bu günə qədər aktual qalmasına səbəb olub.

"Pion" özüyeriyən artilleriya qurğularının yaradılması tarixi nüvə silahının inkişafı ilə əlaqələndirilir. 1960-a qədər nüvə bombalarının istifadəsi ilə bağlı qlobal qarşıdurmanın mümkünsüz olduğu məlum oldu. Belə bir müharibənin, demək olar ki, bütün iştirakçıları məhv edəcəyi şübhəsiz idi. Bu cəhəti nəzərə alaraq, qlobal güclərin silahlanmasında əsas aksenti taktiki nüvə silah və sursatlarına tərəf yönəltdilər. Bu tip nüvə silahları mülki əhali arasında itkiləri istisna etməklə, yalnız hərbi obyektlərə və düşmən infrastrukturuna zərbə vurmalı idi.

Bu çərçivədə artilleriya qarşısında düşmənin taktiki nüvə silahlarının daşıyıcılarının məhv edilməsi kimi yeni bir vəzifə formalaşırdı. Möhkəmləndirilən istehkam mövqelərinin və stasionar silahların məhv edilməsi vəzifəsi də aktual olaraq qalırdı.

Yeni artilleriyanın ilk layihələri 1960-cı illərin əvvəllərində görünməyə başladı. Lakin keçmiş SSRİ rəhbəri Xruşşov raketlərə diqqət yetirərək lüləli artilleriyaya şübhə ilə yanaşırdı. Yalnız 60-cı illərin ikinci yarısında yeni bir artilleriya qurğularının aktiv inkişafı başladı. Hərbçilərin yeni özüyeriyən silahlara qarşı irəli sürdüyü əsas tələb, 25 km məsafədəki hədəflərin məhv edilməsindən ibarət idi.

 

İstehsalçı 

 

Əsas korpusu keçmiş SSRİ-nin Kirov zavodunda baş dizayner N.S. Popov tərəfindən, artilleriya hissəsi isə "Barrikada" zavodunun OKB-3 dizayn bürosunda baş dizayner Q.I.Alekseev tərəfindən hazırlanan 203 mm-lik 2S7 "Pion" özüyeriyən artilleriya qurğusunun istehsalına 1967-ci ildən başlanılıb.

QRAU-nun təlimatı ilə Kalinin adına Artilleriya Akademiyası qurğunun çapını seçmək üçün 210 mm-lik S-72 topunu, 180 mm-lik S-23 topunu və 180 mm-lik MU-1sahil topunu nəzərdən keçirdi.

"Barrikada" zavodu artıq hazırlanan B-4 və B-4M silahları üçün istehsal etdiyi texnikalarının davamlılığını təmin etmək üçün topun çapını 210 mm-dən 203 mm-ə endirməyi təklif etdi. Təklif GRAU tərəfindən təsdiqləndi.

 

Gələcəkdə ağır özüyeriyən qurğularda istifadə üçün iki şassi variantı nəzərdən keçirildi:  - T-64A tankı bazasında hazırlanan MT-T çoxməqsədli şassi variantı - "Obyekt 429A";
- T-10 ağır tankı bazasında hazırlanan şassi variantı - "Obyekt 216.sp1".

 

Qurğuda zirehli və qapalı qüllə nəzərdə tutulmurdu. Topun açıq şəkildə qurulması lazım idi, lakin yüksək geri təpməyə (135 t) qarşı mövcud şassilərin müqavimət qüvvəsi ağır toplara uyğun gəlmirdi. Buna görə də SSRİ-də mövcud olan tanklar ilə maksimum uyğunlaşan, lakin yeni hərəkətli hissəyə malik platformanın hazırlanması qərara alındı.

Əldə edilən tədqiqatlar "Pion" (QRAU indeksi - 2C7) adı ilə dizayn fəaliyyətlərinin əsasını təşkil etdi. "Pion" qurğuları həmin dövrdə Ali Baş Komandanlığın ehtiyat artilleriya hissə və bölmərinin silahlanmasında mövcud olan 203 mm-lik yedəkli B-4 və B-4M haubitsalarını əvəz etmək üçün nəzərdə tutulurdu.

Rəsmi olaraq, 2S7 özüyeriyən silahların inkişafına Sov.İKP Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin 1970-ci il 8 iyul tarixli 427-161 nömrəli qərarı ilə başlandı. Yeni özüyeriyən silahlara olan tələblər olduqca sərt idi. Qəlpəli fuqas üçün 8.5-35 km-lik məsafə rekord hesab edilirdi. Özüyeriyən qurğu həm də kifayət qədər sürətli olmalı idi. Ən əsası, sistem 3VB2 nüvə mərmilərindən atəş açmaq imkanına malik olmalı idi.

 

1973-cü ilə qədər davam edən fəaliyyətlər nəticəsində yeni silahın əsas texniki imkanları formalaşdırıldı:  35 km-ə qədər atəş məsafəsi;
3VB2 nüvə mərmilərindən istifadə imkanı;
şossedə 50 km/saat sürət.

 

 

Əslində 2S7 sabit topu əvvəllər, bir dəfə poliqonda 2 kiloton gücə malik 3B2 nüvə mərmisindən atəş açmışdı, lakin bu sınaqların stabil keçirilməsi barədə məlumatlara açıq mətbuatda rast gəlinmir.

 

1974-cü ilə qədər qurğunun iki prototipi hazırlandı. Sınaqlarda atəş məsafəsi ilə bağlı problemlər yarandı, lakin bu, qısa müddətdə yeni tip sursat və barıt yükünün yaradılması ilə aradan qaldırıldı. Özüyeriyən artilleriya sistemi 2C7 "Pion" SSRİ Silahlı Qüvvələri tərəfindən 1975-ci ildə silahlanmaya qəbul edilib. 1977-ci ildə isə Ümumittifaq Elmi Tədqiqat Texniki Fizika İnstitutunda 2S7 özüyeriyən artilleriya qurğuları üçün hazırlanan nüvə döyüş sursatları da silahlanmaya qəbul edildi.

2S7 "Pion" qurğularının seriya istehsalı Leninqradın Kirov zavodunda 1975-1985-ci illərdə həyata keçirildi. Bu qurğular 1975-ci ildən xüsusi gücə malik artilleriya briqadalarının silahlanmasına daxil olmağa başladı.

2C7 "Pion" düşmənin nüvə hücum vasitələrinin, artilleriyasının, minaatanlarının, texikalarının, arxa cəbhəsinin, komanda və idarəetmə məntəqələrinin, canlı qüvvəsini məhv etmək və ya sıradan çıxarmaq üçün nəzərdə tutulur.

1986-1990-cı illərdə isə onun 2S7M versiyasının istehsalı həyata keçirildi. Bu silahların ümumi istehsal sayı 500 ədəddən çoxdur.

Quruluşu 

Bu silahlar unikallığı ilə hətta bu sahə ilə əlaqəsi olmayan insanlar üçün də kifayət qədər maraqlıdır. "Pion" qurğusu qülləsiz və topun açıq şəkildə korpusun arxa hissəsinə birləşdirilən sxemə uyğun hazırlanıb.

Hərəkət zamanı bütün heyət üzvləri qurğunun korpusunda yerləşdirilir. Korpus dörd hissəyə bölünür. Ön tərəfdəki idarəetmə bölməsində komandir, sürücü-mexanik və ekipaj üzvlərindən biri yerləşir. İdarəetmə bölməsinin arxasında mühərrik transmissiya bölməsi, onun arxasında isə hesab bölməsi yerləşir. Burada tuşlayıcı və 3 nəfər (modernləşdirilən versiyada 2 nəfər) hesab üzvləri ilə bərabər mərmi yığını (ukladka) yerləşir. Arxa bölmədə isə qatlanan dayaq lövhəsi və özüyeriyən artilleriya qurğusunun topu yerləşir.

2C7-nin korpusu, xarici təbəqə qalınlığı 13 mm, daxili təbəqə qalınlığı isə 8 mm olan iki qatlı güllə keçirməz zirehdən hazırlanıb.

Özüyeriyən qurğunun daxilindəki ekipaj üzvləri (hesab da adlandırılır) kütləvi qırğın silahlarının istifadə edilməsinin nəticələrindən qorunur. Korpus nüfuz edən radiasiyanın təsirini üç dəfə zəiflədir.

Özüyeriyən qurğunun əsas silahının yüklənməsi yerdən və ya yük maşını platformasına quraşdırılan xüsusi qaldırıcı mexanizmindən istifadə olunmaqla əsas silaha nisbətdə sağ tərəfdən həyata keçirilir. Doldurucu isə bu zaman silahın sol tərəfində yerləşir, idarəetmə panelindən istifadə edərək yükləmə prosesini idarə edir.

 

2A44 yivli topu 

 

Ənənəyə görə, həmişə əsas silah olan 2A44 topuna xüsusi diqqət yetirilir. Bu yivli top "Barrikada" zavodunun OKB-3 dizayn bürosu tərəfindən hazırlanıb. Topun lüləsi, korpusa porşenli çaxmağa malik qurğu vasitəsilə birləşdirilən sərbəst borudur. Silahın lüləsi və geri təpmə əleyhinə qurğuları yellənən hissənin beşiyində yerləşdirilib. Yellənən hissə isə ox üzərində quraşdırılan və işarələnən yuxarı dəzgah üzərində sabit bərkidilib.

Geri təpmə əleyhinə qurğular hidravlik təpmə əyləcindən və lülə kanalına nisbətən simmetrik olaraq yerləşən iki pnevmatik qaytarıcıdan ibarətdir. Geri təpmə əleyhinə qurğularının belə bir sxemi, silahın geri çəkilən hissələrini həddindən artıq geri çəkilən vəziyyətdə, şaquli tuşlamanın hər hansı bucağında, atəş açılana qədər etibarlı bir şəkildə saxlamağa imkan verir. Atəş zamanı geri təpmə uzunluğu 1400 mm-ə çatır.

Sektor tipli qaldırma və dönmə mexanizmləri silahın şaquli olaraq 0 ilə + 60 ° arasında, üfiqi olaraq isə −15 ilə + 15 ° bucaq arasında tuşlanmasını təmin edir.

Tuşlanma həm 2C7 qurğusunun nasos stansiyasından təchiz edilən hidravlik kanallar, həm də əl mexanizmlərindən istifadə etməklə həyata keçirilə bilər. Pnevmatik balans mexanizmi topun yellənən hissəsinin balansdan kənar anını kompensasiya etməyə xidmət edir.

Hesab üzvlərinin işini asanlaşdırmaq üçün, özüyeriyən qurğu mərmilərin doldurma xəttinə verilməsini və onların topun lülə kamerasına göndərilməsini təmin edən yükləmə mexanizmi ilə təchiz edilir.

Korpusun arxa hissəsində yerləşən qatlanan dayaq lövhəsi sursatın atəş gücünü torpağa ötürür və özüyeriyən qurğuların daha çox sabitliyini təmin edir. 3 nömrəli barıt yükləri ilə "Pion" dayaq lövhəsini quraşdırmadan birbaşa atəş aça bilər.

"Pion" özüyeriyən topunun daşınan sursat dəsti 4 mərmidən (modernləşdirilən versiyada 8 mərmidən) ibarətdir. Qurğuya əlavə verilən nəqliyyat vasitəsində isə 40 mərmidən ibarət ehtiyat döyüş dəsti daşınır.

SSRİ hərbi dəniz donanması üçün 2A44 topunun sursatsız 65-70 ton kütləyə malik xüsusi variantı da hazırlandı, lakin 75 ədədlik daha geniş sursat dəstinə malik iri çaplı top layihəsinin HDD rəhbərliyi tərəfindən "batırılaraq" həyata keçirilməsi əngəlləndi.

 

2A7 "Pion" qurğusunun əsas Taktiki-Texniki Xüsusiyyətləri  Kütləsi: 46.5 ton;
Çapı: 203.2 mm;
Tuşlama bucaqları:
- şaquli: 0-60 °;
- üfüqi: −15 + 15 °;
Maksimum atəş məsafəsi: 37.5 km;
Minimum atəş məsafəsi: 8.4 km;
Qəlpəli fuqas mərminin kütləsi: 110 kq;
Atəş tempi: dəqiqədə 2.5 mərmiyə qədər;
Daşınan sursat dəsti: 4 ədəd;
Sursat növləri: fuqas, qəlpəli fuqas, xüsusi;
Səfər vəziyyətindən döyüş vəziyyətinə keçid: 5 dəqiqə;
Heyət (hesab): 7 nəfər;
Mühərrikin gücü: 780 at gücü;
Maksimum sürət: 51 km/saat;
Magistral yolda ehtiyat məsafə: 500 km.

 

Bu silahların ən geniş istifadəçisi Rusiya hesab edilr. Hazırda onların 327 ədəd "Pion" və "Malka" özüyeriyən artilleriya silahları mövcuddur, lakin onların 300-ə qədəri saxlanma bazalarında (anbarlarda) passiv istifadədir.

 

Döyüşlərdə tətbiqi 

 

Sovet Ordusunda istifadəsi zamanı "Pion" özüyeriyən silahlardan heç bir silahlı qarşıdurmada istifadə edilməyib. Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin imzalanmasından sonra SSRİ-nin bütün özüyeriyən "Pion" və "Malka" qurğuları Avropadan çıxarılaraq Sibir və Uzaq Şərq hərbi dairələrinə köçürüldü.

2S7 özüyeriyən qurğulardan döyüş istifadəsinin yeganə məlum epizodu 5 günlük Rusiya-Gürcüstan müharibəsidir. Gürcüstan ordusu 6 ədəd 2S7 özüyeriyən qurğuya malik artilleriya batareyasından Qori uğrunda döyüşlərdə istifadə etdi. Rusiya tərəfinin "İskəndər" operativ taktiki raketindən Qori şəhərinin televiziya qülləsinin yaxınlığındakı "Pion" özüyeriyən artilleriya batareyasının mövqelərinə endirdiyi zərbə isə nəticə vermədi, çünki zərbə anında batareya mövqelərini dəyişmişdi və buna görə də raket boş bir ərazidə yerə düşdü. Lakin sonradan Rusiya ordusu digər vasitələrlə bu qurğuların 5 ədədini məhv etdi, sonuncusu isə qənimət kimi ələ keçirildi.

Ukraynanın şərqindəki əməliyyatlarda Silahlı Qüvvələr tərəfindən "Pion" qurğuların yerləşdirilməsinə dair bəzi görüntülər mövcuddur, lakin tətbiqi ilə bağlı etibarlı məlumatlar yoxdur.

 

Təşkilati quruluşu 

 

2S7 özüyeriyən qurğuları SSRİ Ali Baş Komandanlığının artilleriya ehtiyatına aid olan artilleriya briqadalarının əlahiddə özüyeriyən artilleriya divizionlarının silahlanması üçün hazırlanıb.

Standart divizionun hər birində 4 ədəd 2S7 özüyeriyən artilleriya qurğusu olan 3 batareydan (cəmi 12 özüyeriyən qurğudan) ibarət idi. Hər bir briqada isə 2 özüyeriyən 2S7 divizionundan və 2 özüyeriyən 2S4 minaatan divizionundan ibarət idi. Lakin 2S4 divizionları 2S7 ilə əvəz edilə bilərdi.

Hazırda Ali Baş Komandanlığın ehtiyat qüvvələr strukturu dəyişdirilib. Rusiya Silahlı Qüvvələrində 2S7 qurğuları ordu tabeliyindəki artilleriya briqadalarının hər birində bir divizion (hər biri 12 ədəd) və dairə komandanlığının tabeliyindəki 45-ci artilleriya briqadasında bir divizion (16 ədəd 2S7) olmağla saxlanılıb. Qalan qurğular isə saxlanma bazalarında yerləşdirilib.

 

Nüvə sursatlarından istifadə 

 

Bütün taktiki nüvə silahları Ali komandanlıq tərəfindən birlik və daha yüksək hərbi qurumlara ədədlə göndərilərək təhvil verilir və onların istifadəsi üçün konkret və sərt şərtlər qoyulur. Onu istifadə etməyə qərar verəcək komandan səviyyəsi də əvvəlcədən əmrlə təyin edilir.

Nüvə sursatları böyük hədəflərə və düşmən qüvvələrinin cəmləşmə rayonlarına taktiki nüvə zərbəsi endirmək üçün nəzərdə tutulur. Onlar artilleriya üçün ən təsirli və dağıdıcı vasitə hesab edilir. Terminologiyada onları xüsusi sursat da adlandırırlar. Burada xüsusi sursatları, düşmənin birbaşa məhv edilməsi üçün nəzərdə tutulmayan xüsusi təyinatlı sursatlarla (işıqlandırma, tüstü, təbliğat və s.mərmiləri ilə) qarışdırmaq olmaz.

"Pion"lar üçün nəzərdə tutulan 3VB2 xüsusi nüvə sursatları adətən ordu komandanlarına və birlik komandirlərinə verilir, lakin taktiki zərurət yarandıqda briqada və diviziya səviyyəsi də bu sursatlarla təmin edilə bilər.

Onlar birbaşa hissə və birliklərdə saxlanılmır. Yuxarı komandanlıq ehtiyac yarandığı şəraitdə nüvə sursatlarını məxfi istifadə təlimatı (əmri) ilə birlikdə onu tətbiq edəcək birlik komandirinə göndərir.

Analoqları 

2S7 özüyeriyən silahların kütləvi istehsalına başlayan zaman ABŞ artıq 203 mm M110 özüyeriyən qurğulara malik idi. 2S7 özüyeriyən qurğuya 7 nəfər, M110-a isə 5 nəfərlik heyət xidmət edirdi. ABŞ onları 1977 və 1978-ci illərdə M110A1 və M110A2 səviyyəsində modernləşdirdi.

2S7-yə bənzər sistemlər yaratmaq cəhdləri İraqda da baş tutub. 1980-ci illərin ortalarında 210 mm AL FAO özüyeriyən qurğusunun inkişafına başlanılıb.

Silah İranın M107 qurğusuna cavab olaraq yaradılırdı, əlavə olaraq yeni qurğu hər parametrə görə İran silahını xeyli üstələməli idi. Nəticədə, AL AL FAO prototipi 1989-cu ilin mayında nümayiş etdirildi.

210 mm-lik özüyeriyən qurğu G6 qaubitsasının şassisi üzərinə yerləşdirildi. Özüyeriyən qurğunun sürəti saatda 80 km sürətə çatırdı. Lülə uzunluğu 53 kalibrə, atəş məsafəsi isə 45 km, maksimum atəş məsafəsi 57,3 km-ə bərabər idi. Lakin 1990-cı illərin əvvəllərində İraqa qarşı tətbiq olunan iqtisadi sanksiyalar silahın istehsalına mane oldu və layihə prototip mərhələsindən kənara çıxmadı.

1990-cı illərin ortalarında Çin şirkəti NORINCO M110 bazasında 203 mm-lik özüyeriyən bir prototip hazırladı. Bunun əsas səbəbi M110 özüyeriyən silahlarının qeyri-qənaətbəxş atəş diapazonu ola bilərdi. Yeni artilleriya qurğusunun qəlpəli fuqas mərmilərlə maksimum atəş məsafəsini 40 km-ə, aktiv reaktiv mərmilərlə isə 50 km-ə qədər artırmaq mümkün oldu. Bundan əlavə, özüyeriyən Çin qurğuları idarəolunan, nüvə, mina düzən kasset tipli mərmilərlə də atəş aça bilirdi.

Modernləşməsi 

Hər bir sistem kimi, "Pion" özüyeriyən artilleriya qurğuları da daim modernləşdirilir. Yeni texniki həllərin, yeni istehsal texnologiyalarının, yeni materialların peyda olması ümumilikdə silahların, o cümlədən özüyeriyən silahların təkmilləşdirilməsinə səbəb olur.

1980-ci illərin ortalarında artilleriya qurğusunun modernləşdirilməsi ilə bağlı sual ortaya çıxdı. Özüyeriyən 2S7 "Pion" özüyeriyən qurğusunun davamı 2S7M "Malka" oldu. Bu başqa bir silah sistemi deyil, məhz "Pion"un modernləşməsidir. Yeni maşın dizel, benzin və kerosin ilə çalışa bilən və daha güclü V-84B mühərriki əldə etdi. Digər dəyişikliklər xidmət müddətini 8-10 min km-ə qədər artıran şassiyə də təsir etdi.Mühərrik və şassidə dəyişiklik edildi. Sınaqlar 1985-ci ilin fevral ayında başladı və həmin il başa çatdı.

Komandir və tuşlayıcının yerləri əlavə indikatorlar ilə təchiz edildi, bu da ərazidə yerləşdirmə müddətini azaltdı. Ekipaj 7 nəfərdən 6 nəfərə endirildi, sursat dəsti isə səkkiz mərmiyə qədər artdı. Yeni 2S7M özüyeriyən artilleriya sistemi 1986-cı ildə istehsal olunmağa başladı və "Malka" adlandırıldı. Sənədlərdə "Pion-M" kimi də göstərilir.

2019-cu ilin sonuna qədər "Uraltransmaş" zavodu "Pion" qurğularının sürət qutuları, paylama mexanizmləri və enerji təchizatı sistemi yeniləri ilə əvəz olunması, daxili rabitə avadanlıqlarının, radiostansiyanın, nüvə əleyhinə müdafiə cihazlarının və müşahidə avadanlıqlarının əsaslı təmir olunması, məlumatların qəbulu və emalı üçün avadanlıqların tam modernləşdirilməsini başa çatdırmalı idi, lakin bu fəaliyyətlərin nəticəsi hələlik məlum deyil.

 

İstifadəçiləri 

 

Rusiyadan başqa "Pion" qurğuları hazırda Azərbaycan, Anqola, Gürcüstan, Özbəkistan və Ukraynanın silahlanmasında yer alır. Belarus, Bolqarıstan, Polşa və Çexoslovakiya (hazırda Çexiya və Slovakiya) bu silahları silahlanmasından çıxarıb.

Azərbaycan Belarusun malik olduğu 36 ədəd 203 mm çaplı 2S7 "Pion" özüyeriyən artilleriya qurğusundan 12 ədədini əldə edib. Onlardan 3 ədədi 2008, 9 ədədi isə 2009-cu ildə çatdırılıb. 12 ədəd "Pion" bir artilleriya divizionunun tam təchiz edilməsi üçün yetərlidir.

 

Müsbət və mənfi cəhətləri

 

Zamanına görə atəş gücünə, mühərrik parametrlərinə, manevr imkanlarına görə unikal silah sistemi hesab edilən qurğu, 1986-cı ildə həyata keçirilən 2S7M səviyyəsində modernizasiya nəticəsində 2010-cu ilə qədər olan dövrdə inkişaf etmiş artilleriya sistemlərinə qarşı irəli sürülən tələblərə cavab verə bildi.

Nüvə sursatından istifadə imkanı, uzaq mənzilli atəş məsafəsi, qısa müddətdə ərazidə yerləşməsi və ya oranı tərk etməsi "Pion" qurğusunun əsas üstünlüklərinə aiddir. Belə bir uzaq məsafədən düşmənin əks batareya atəşi aparması faktiki olaraq qeyri-mümkündür. Yəni 2S7 atəş açan anda hərəkət etməyə başlasa, mərmi hədəfə çatana qədər qurğu atəş mövqeyini tərk etmiş olacaq. Manevr və sürət göstəriciləri də qənaətbəxşdir. Dayaqların 800 mm yerə nüfuz etməsi sabitliyə müsbət təsir edə bilər.

Hazırkı vəziyyətə görə, 2S7 qurğusunun əsas çatışmazlıqlarına isə topun açıq quraşdırılması, ekipajın qəlpə və mərmilərdən mühafizə edilməməsi, daşınan sursat dəstinin azlığı, aşağı atəş tempi və s. aid edilir.

Bu qurğuların müasir döyüşlərdə səmərəli istifadəsi çox da inandırıcı görünmür, bunun üçün ən azından "Pion" qurğularının mütləq şəkildə idarəolunan sursatlar dəsti hazırlanmalıdır. Bundan əvvəl isə özüyeriyən qurğuların bütün sistem və avadanlıqlarının döyüş hazırlığı, onların resurları yoxlanılmalıdır.

Chip.az Ordu.az-a istinadən yayımladı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır