Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - II YAZI (ANALİZ)

  • 19 Dekabr 2019

Nümunə tədqiqatlar

 

Aşağıdakı bölmə Estoniya, Finlandiya, Almaniya, Hollandiya və Norveçdəki kiber komandanlıqların missiyaları, təşkilati strukturları və əsas funksiyalarını təsvir edəcək. Bu bölmədəki məlumatlar, əsasən, açıq mənbələrdən, eləcə də hökumət və silahlı qüvvələrin strategiyaları, doktrinaları, milli qanunvericilik, veb-saytları, mətbuat məqalələri, hesabatları və digər mənbələrdən toplanıb. Bundan əlavə, bu araşdırmanın müəllifi beş ölkədən mövzu üzrə ekspertlər ilə 10 müsahibə aparıb.

Hər bir ölkənin hərbi kiber müdafiə qüvvələri haqqında ictimaiyyətə açıqladığı məlumat dəyişir. Buna görə də, nümunə tədqiqatları hər bir ölkənin xüsusi funksiyaları və təşkilati quruluşu haqqında ətraflı məlumat səviyyəsində fərqliliklər meydana çıxarır ki, bu da müəllifin müvafiq məlumatları toplaya bilmə dərəcəsini əks etdirir.

 

Estoniya: Kiber komandanlıq Strateji Təlimatlar

 

 

2014-2017-ci illər üçün Kibertəhlükəsizlik Strategiyasına əsasən, Estoniya hərbi kiber müdafiə imkanlarını inkişaf etdirir. Bunlara erkən xəbərdarlıq, çəkindirmə və aktiv müdafiə daxildir. Aktiv müdafiə, adətən, xüsusi təhlükələrə cavab olaraq istifadə edilən mavi şəbəkələrdən kənar əməliyyatlara aiddir. 2018-ci ilin avqust ayında Estoniya Müdafiə Qüvvələri Kiber Komandanlığı yaratdı. Bu komandanlıq 2023-cü ilə qədər tam operativ qabiliyyətə çatacaq və özəl sektorun mütəxəssisləri də daxil olmaqla, 300 hərbi və mülki işçi heyətindən ibarət olacaq. Onun işçi qüvvəsinin əksəriyyəti mövcud vahidlərdən köçürüləcək. Yalnız 60 yeni vəzifə yaradılacaq. Bundan əlavə, Estoniya Müdafiə Nazirliyi Hüquqi və İnzibati İşlər üzrə Müşavirinə tabe olan bir kiber Siyasət, İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsini də özündə təşkil edib.

Kiber Komandanlığın qurulmasının əsasları

 

Kiber Komandanlığı qurmaq üçün ilkin şərt, hərbi personalın zehniyyətinin dəyişməsi idi. Estoniyalı mütəxəssislər hesab edirdilər ki, Kiber Komandanlığın təsis edilməsi kinetik münaqişədə kiber məkan əməliyyatlarının rolu ilə bağlı strateji və operativ səviyyəli komandirlərin bu sahədəki anlayışlarını artırıb. Bu onlara kiber məkan əməliyyatlarının təbiətini anlamaq, hərbi missiyalara və əməliyyatlara qarşı kiber təhlükələrdən daha yaxşı xəbərdar olmaq imkanı verir.

 

Beynəlxalq yerləşdirmələrin siyasi səlahiyyətləndirilməsi

 

Milli Müdafiə Aktına görə, parlament Silahlı Qüvvələrin hər bir fərdi işinə ayrı-ayrılıqda icazə qərarı verməlidir. Ölkənin əməliyyatlarda iştirak etmək üçün müqavilə bağladığı hallardan, ya da digər müttəfiq ölkələrin cəld reaksiya qüvvələrinin səlahiyyətləndirmədən öncə istifadəsi halları istisna hal (NATO-nun Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi üzrə kollektiv özünü müdafiə etmə əməliyyatı) kimi göstərilə bilər. Bundan əlavə, Estoniya hökuməti ölkənin təhlükəsizliyinə təhdid halında və ya beynəlxalq hərbi əməliyyatlarda iştirak üçün müdafiə hazırlığına icazə verə bilər. Bu halda, Silahlı Qüvvələr qanunvericiliklə müəyyən edilmiş və milli müdafiə tədbirləri planında nəzərdə tutulmuş milli müdafiə işlərini yerinə yetirə bilər və ya hökumət tərəfindən əlavə vəzifələr verilə bilər.

Estoniya parlamentinin əvvəlcədən qərarı olmadan Milli Müdafiə Aktına uyğun olaraq, hücum kiber məkan əməliyyatları NATO və digər müttəfiqlərinin missiyaları və əməliyyatlarını dəstəkləmək üçün həyata keçirilə bilər. Lakin bu imkanların qanuniliyinin geniş təsviri bu tədqiqatın əhatə dairəsindən kənardır.

 

Kiber Komandanlığın missiyası 

 

Kiber Komandanlığın missiyası Estoniya Müdafiə Qüvvələrinin və onun müttəfiqlərinin informasiya sistemlərini müdafiə etməkdir. Eyni zamanda aktiv kiber müdafiə əməliyyatları aparmaq hazırlığını da özündə saxlayır. Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Estoniyanın maraqlarına və infrastrukturlarına təhdidlərin qarşısını almaq və aradan qaldırmaq üçün Kiber Komandanlıq məsuliyyət daşıyır. Bundan əlavə, Estoniya Müdafiə Qüvvələrinin informasiya mühitinin qorunması və hərbi əməliyyatlar üçün missiyanın təmin edilməsi də komandanlığın məsuliyyətinə daxildir. Estoniya, NATO-nun maraqları və ehtiyacları baxımından kiber imkanlarını inkişaf etdirir, Alyansın missiyaları və əməliyyatlarını dəstəkləmək məqsədilə hücum kiber məkan imkanlarını tətbiq etməyə hazır olduğunu bəyan edib.

 

Təşkilatlanma

 

Tallindəki Kiber Komandanlıq Estoniya Müdafiə Qüvvələrinin daimi struktur vahidi olmaqla müharibə birliklərindən (məsələn, piyada briqadaları, donanma, hava qüvvələri, hərbi polis və s.) biridir. Norveç Kiber Komandanlığı kimi, Estoniya Kiber Komandanlığı da Silahlı Qüvvələrin bir qolu sayılır. Almaniyada isə bu xidmət bir qədər fərqlidir, Kiber Komandanlıq silahlı qüvvələrin müstəqil bir funksional xidməti kimi fəaliyyət göstərir. Bu bölmə hərbi xidmətin bir hissəsidir və xüsusi silahlanma və döyüş avadanlığını özündə saxlayır. Estoniya Müdafiə Qüvvələrinin digər bölmələrinə isə kommunikasiya, elektron kəşfiyyat, piyada, avanqard dəstələr, hava hücumundan müdafiə qüvvələri və artilleriya daxildir. Kiber məkan əməliyyatları planlaşdırma və icra ilə yanaşı, Kiber Komandanlıq təhsil, təlim, əsgər və ehtiyat qüvvələri üçün təlimlər vasitəsilə qüvvələr yaratmaq kimi məsuliyyət daşıyır. Kiber Komandanlığın komanadanı birbaşa Baş Qərargah rəisinə hesabat verir.

Kiber Komandanlıq beş alt bölmədən ibarətdir: Dəstək və Siqnal Taboru, Baş Qərargahlar və Dəstək Şirkəti, İKT Texnologiya Mərkəzi, Strateji Kommunikasiyalar Mərkəzi, Kiber və İnformasiya Əməliyyatları Mərkəzi. Bundan başqa, Estoniyanın Müdafiə Qüvvələri İdarəetmə və Əlaqə Sistemləri İdarəsinə (həmçinin, Siqnallar Departamenti və ya J6 kimi tanınır) malikdir. Bu qurum Estoniya Müdafiə Qüvvələri və Strateji Kommunikasiyalar Mərkəzinin kiber müdafiə məsələlərindəki müşahidəsinə nəzarət və koordinasiyanı həyata keçirir. Strateji Kommunikasiyalar Mərkəzi Estoniya Müdafiə Qüvvələrinin strateji kommunikasiyalarını təşkil edir və strateji ünsiyyət fəaliyyətlərinin həyata keçirilməsinə rəhbərlik edir. Kiber Komandanlığın Strateji Kommunikasiyalar Mərkəzi bu fəaliyyətləri əməli səviyyədə həyata keçirir.

Kiber Komandanlıq hərbi əməliyyatları planlayarkən və idarə edərkən kiber və kəşfiyyat fəaliyyətlərinin planlaşdırılması üçün rəhbərlik və ştab/heyət komponentlərinə malikdir. Ştablar komponenti kiber müdafiə qabiliyyətlərini əlaqələndirir və müdafiə təşkilatında, eləcə də Estoniyanın dövlət və özəl sektorlarında və beynəlxalq tərəfdaşlardakı digər aktorlarla əməkdaşlıq edir. Kiber məkan əməliyyatlarını planlaşdırmaq və icra funksiyasını birbaşa Baş Qərargaha tabe olan bir orqan çərçivəsində bir mövqeyə qaldırmaq hərbi əməliyyatlarda daha yaxşı koordinasiyaya imkan verir ki, bu da möhkəm dayaqlı kiber komanda strukturunu yaradır. Müstəqil Kiber Komandanlığın yaradılması kiber müdafiə üçün daha çox maliyyə və insan resurslarının ayrılmasına zəmin yaradır.

 

Funksiyalar Kiber Komandanlığın əsas funksiyaları aşağıdakılardır:
1) Ölkənin bütün müdafiə təşkilatı üçün komanda dəstəyi, kiber müdafiə, İKT-nin inkişafı və fəaliyyətinin təşkili;
2) İnformasiya və kiber əməliyyatların təşkili.

 

Bu funksiyaları yerinə yetirmək üçün Komandanlıq kiber imkanların və komanda dəstək imkanlarının inkişafını, döyüş və ehtiyat birliklərinin hazırlanmasını və qurulmasını, kiber müdafiə üçün çağırışçıların təlimini və Estoniya Müdafiə Qüvvələri üçün iş mühitini istiqamətləndirir və koordinasiya edir. O, həmçinin silahlı qüvvələr üçün strateji ünsiyyətləri dəstəkləyir və təmin edir.

Öz növbəsində, Kiber və İnformasiya Əməliyyatları Mərkəzi bütün müdafiə təşkilatını kiber təhdidlərə qarşı müdafiə etməklə yanaşı, kiber və informasiya əməliyyatlarını planlaşdırır və əlaqələndirir. Bu quruma aşağıdakı alt bölmələr daxildir: Kiber və İnformasiya Əməliyyatlarını İdarəetmə Mərkəzi, Planlaşdırma Komandası, CIRC – Kiber İnsidentlərə Reaksiya İmkanları, Kiber Əməliyyatlar Komandası və Kiber Zona.

Kiber Zona 2011-ci ildə Tallində yaradılıb. O, 2014-cü ildə NATO Kiber Zonasına çevrildi. 2016-cı ildə və 2018-ci ildə Alyans onun gələcək inkişafına investisiya etdi.

NATO-nun Kiber Zonası, NATO Kiber Müdafiə Mərkəzinin (CCD CoE) və NATO Kiber Koalisiyasının “Locked Shields” (Kilidli Qalxanlar) kimi çoxmillətli texniki kiber müdafiə təlimlərində istifadə olunur.

 

Situasiyadan Xəbərdar olma

 

Kiber Komandanlıq Silahlı Qüvvələr üçün kiber vəziyyətin aydınlanmasını təmin edəcək ki, bu da gələcəkdə milli səviyyəli təhlükəsizliklə əlaqələndiriləcək. Milli səviyyədə müvafiq dövlət orqanlarının, o cümlədən silahlı qüvvələrin təmin etdiyi situasiya barədə bilgi və təhdid təhlili, Baş Nazirin Ofisinin Situasiya Mərkəzində konsolidasiya ediləcək. Təkcə 2017-ci ildə Situasiya Mərkəzinin inkişafına 7,1 milyon avro ayrılıb. Maraqlıdır ki, Dəstək və Siqnal Taboru müdafiə yönümlü elektron müharibə barədə tədqiqat və inkişaf layihələrini həyata keçirərkən bu vəzifələri yeni təşkilati strukturda özündə əks etdirmir. Üstəlik, Kiber Komandanlığın heyəti komandanlığın kəşfiyyat fəaliyyətinin planlaşdırılmasına rəhbərlik etməsinə baxmayaraq, onun Kəşfiyyat, Müşahidə, Araşdırma (KMA) qabiliyyətinə malik deyil. Müvafiq olaraq, Kiber Komandanlıq Estoniya Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat Mərkəzindən vəziyyətlə əlaqədar məlumatlar alacaq.

Hərbi Kəşfiyyat Mərkəzi ölkənin hərbi müdafiəsi üçün erkən xəbərdarlıq edir, təhlükəsizlik və kəşfiyyat fəaliyyətlərini təşkil edir və bütün müdafiə təşkilatı üçün təhlükə qiymətləndirilməsi və situasiya məlumatlarını təmin edir. Bundan başqa, Estoniya Xarici Kəşfiyyat Xidməti (Müdafiə Nazirliyinin yurisdiksiyası altında) xarici ölkələr haqqında məlumatları elektron vasitələrlə toplayır və işləyir, həm də bütün müdafiə təşkilatına hərbi kəşfiyyat sahəsində peşəkar yardım göstərir.

 

Mülki orqanlara yardım

 

Kiber Komandanlığın dövlətə və ya onun kritik infrastrukturuna qarşı ciddi kiber hücumlar olması halında mülki orqanlara kömək edilməsində rol oynayacağı gözlənilmir. İqtisadi Məsələlər və Kommunikasiyalar Nazirliyinin nəzdindəki İnformasiya Sistemi İdarəsi kibertəhlükəsizliyin təmin edilməsi, kiber hadisələrin qarşısının alınması və onun həllinin koordinasiya edilməsi üçün hər zaman cavabdehdir. Buna geniş miqyaslı kiber insidentlərə milli reaksiyaların koordinasiyası da daxildir. Bundan başqa, ölkə Estoniya Müdafiə Liqasının (CDU) Kiber Müdafiə Birliyinə də malikdir. Bu qurum həm normal şəraitdə, həm də fövqəladə və böhran hallarında mülki hakimiyyət orqanlarına kibertəhlükəsizliklə bağlı kömək etmək üçün istifadə oluna bilər. Estoniya Müdafiə Liqası, Müdafiə Qüvvələrinin bir hissəsi olmaqla, könüllü olaraq hərbi şəkildə təşkil edilmiş milli müdafiə təşkilatıdır; CDU Müdafiə Qüvvələrinin struktur vahidlərindən biridir. CDU-nun əsasə vəzifəsi ölkənin İKT infrasturkturunun funksiyalarını təmin etməsinə dəstək olmaq, həmçinin dövlət xidmətləri və funksiyalarının, eləcə də özəl sektorun İKT infrastrukturunun qorunmasının dəstəklənməsidir. CDU müharibə dövründə hərbi kiber müdafiəni təmin etməkdə daha çox məsuliyyət daşımalıdır. Həmçinin Estoniya Müdafiə Liqası (CDU) ehtiyat kiber qüvvələrin formalaşdırılması üçün məsuliyyət daşıyır (hazırda bu rolu Kiber Komandanlıq yerinə yetirir). Estoniya Müdafiə Liqası qanunla müəyyən edilmiş hərbi müdafiə qabiliyyətlərini hazırlamaq və müvafiq orqanların rəhbərliyi altında kiber təhlükəsizliyin təmin edilməsində iştirak etmək öhdəliyinə malik olmasına baxmayaraq, müharibə dövründə qanunla müəyyən edilmiş heç bir kiber müdafiə rolu yoxdur. CDU üzvlərinin əksəriyyəti peşəkar mülki işçilərdir və buna görə də ehtiyat qüvvələrin bir hissəsi olmadıqca hərbi əməliyyatlarda vəzifələndirilə bilməzlər.

Dəyanət Ağalarlı

Chip.az ordu.az-a istinadən yayımladı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır