Reaktiv motosiklet və uçan lövhə: Xüsusi təyinatlılar üçün xüsusi nəqliyyat vasitələri

  • 18 Dekabr 2019

Dünyaya uçan motosiklet - "hoverbike", "jetpack" və uçan lövhə - "hoverboard" kimi anlayışları bəxş edən məhz fantastik ədəbiyyat oldu. Çoxsaylı cəhdlərə baxmayaraq, XX əsrdə yuxarıda göstərilən vasitələrin heç biri prototip mərhələsindən çıxmadı və heç biri hazır məhsula çevrilmədi.

 "Ada" (The Island) filmindən uçan motosikl (hoverbike)

 

21-ci əsrdə elektronikada, sensorlarda, yığcam və güclü elektrik mühərriklərində güclü inkişaf yenidən şəxsi uçan vasitələr yaratmaq ideyasına qayıtmağa imkan verdi.

Uçan lövhə

 

 

"Uçan lövhə" yaratmaqda ən böyük uğur fransız idmançı və ixtiraçı Franki Zapata və onun "Zapata Industries" şirkəti tərəfindən əldə edilib. 2005-ci ildə "Zapata Industries" şirkəti "Flyboard" uçan platformasını təqdim etdi - güclü nasos skuterə bağlanan bir boru vasitəsilə suyu təzyiqlə aşağıya doğru sürətlə itələyir və bu, pilotun 16 metr yüksəklikdə uçmasına imkan verir.

 

"Flyboard" uçan platforması əyləncə və idman üçün nəzərdə tutulurdu, lakin sonralar bununla əlaqədar daha qabaqcıl məhsullar yaratmağa imkan verən bir çox həll variantı da işlənib hazırlandı.

 "Flyboard" uçan platforma paneli

 

"Zapata Industries"in ən böyük nailiyyət modeli "Flyboard Air" uçan lövhəsi oldu. Öz kütləsi 25,1 kq olan "Flyboard Air" 102 kq yük qaldıra bilir, maksimal uçuş sürəti 150-195 km/saatdır və maksimum 1524 metr hündürlüyə qalxa bilir. Yanacaq çəninin tutumu 23,3 litr, uçuş müddəti isə 10 dəqiqədir. 2016-cı ildə Ginnesin Rekordlar Kitabında rəsmi olaraq "Flyboard Air" üçün 3 dəqiqə 55 saniyədə 2252 metr uçuş məsafəsi qeydə alındı.

 "Franky Zapata" və "Flyboard Air"
"Flyboard Air" ilə dünya rekordu

 

 

"Flyboard Air" mühərrik sistemi özündə aviasiya kerosinlə çalışan dörd reaktiv mühərrikini ehtiva edir. Yanacaq, pilotun kürəyində yerləşən çantaya qoyulan bir çəndən gəlir. Hər bir mühərrik təxminən 30 kq çəkmə qüvvəsinə malikdir, öz kütləsi isə 3 kq-dır. Bundan əlavə, platforma, idarəetmə sisteminin sürətli reaksiyasını təmin etmək üçün aşağı ətalətə malik bir cüt əlavə pərli mühərriklərlə təchiz edilir. İdarəetmə sistemi "Flyboard Air"in daha bir vacib elementidir, o yüksək sürət və dəqiqliklə, küləyin güclənməsini, pilotun yerdəyişməsinə görə kütlənin yenidən bərabər paylanmasını, yanacaq sərfiyyatını, mühərrikin rəvan çalışmasını və uçuşun sabitliyini təmin edir.

 

Bastiliya Günü münasibətilə Parisin Yelisey sarayı önündə keçirilən hərbi paradda, tüfənglə (və ya onun maketi ilə) silahlanan "Flyboard Air" pilotu da iştirak etdi, bu isə hərbçilərin də bu texnologiyaya maraq göstərdiyini vurğulayır.

 Paris üzərindəki səmada "Flyboard Air"

 

Silahlı qüvvələrdə uçan lövhələr hansı keyfiyyətdə istifadə edilə bilər? Kimsə uçan lövhələrdə düşmənə hücum edən mobil piyada əsgərləri düşünürsə, çox güman ki, məyus olacaq. Bu anda uçan lövhələr hələ ki, böyük həcmə malikdir, cihazlarını idarə etmək çətindir və uçuş müddəti son dərəcə məhduddur. Lakin bəzi taktiki vəziyyətlərdə üçan lövhələr nəinki faydalı, hətta əvəzolunmaz olacaq.

 

İlk növbədə xüsusi əməliyyatların aparılması, məsələn, binalara hücum, girovların azad edilməsi və s. barədə danışa bilərik. Bu vəziyyətdə, uçan lövhələrin tətbiqi binaların damına enmək üçün helikopterlərdən imtina etməyə imkan verəcək. Lövhələr xüsusi əməliyyat yerinə avtomobil vasitəsilə çatdırılır, bundan sonra döyüş bölməsi bir neçə dəqiqə ərzində lazımi silahlarla binanın damına yerləşə bilər. Bu həllin üstünlükləri arasında vəziyyətin yerində qiymətləndirilməsini, dama çıxmaq üçün rəqibin atəş sektoruna daxil olmayan "ölü" zonanın seçilməsini, binanın arxitekturasına görə qısa müddətdə geri çəkilmək imkanlarının nəzərə alınmasını göstərə bilərik.

 

Helikopterin desant endirmə nöqtəsinə çatması, xüsusi təyinatlıların enməsi (yeddinci dəqiqədən). Bu vəziyyətdə, zərbə qrupu binanın sonundan uçan lövhə ilə dama qalxa bilərdi, bu zaman yalnız bir pəncərəyə nəzarət etmək kifayət idi.

 

Digər bir nümunə kimi şəhər ərazisindəki hərbi əməliyyatların aparılmasını nəzərdən keçirə bilərik. Bu vəziyyətdə "Flyboard Air" snayperləri hər tərəfi minalanan hündür bir bina üzərinə qaldırmaq üçün istifadə edilə bilər. Və ya düşmən tərəfindən müdafiə olunan mövqelərin arxa hissəsinə maneələr üzərindən atlanaraq keçmək üçün də istifadə edilə bilər.

Dağlarda hakim yüksəklikləri ələ keçirmək üçün də bu lövhələrdən istifadə edilə bilər. Burada onun dəniz səviyyəsinə nisbətdə qalxa biləcəyi hündürlüklə bağlı məhdudiyyət qoymaq lazımdır. Bəzi məlumatlara görə, "Flyboard Air"in uçuş hündürlüyü 3000-3500 metrə çata bilər ki, bu da bəzi helikopterlərin uçuş hündürlüyü ilə müqayisə olunur. Düşmən ona ön tərəfdən hücuma mane olan əlverişli mövqe tutubsa, digər ərazilər isə çətin keçiləndirsə, o zaman uçan lövhələrlə təchiz edilən manevr qrupu düşmənin mövqeyinə münasibətdə daha əlverişli mövqelər ələ keçirə bilər.

"Flyboard Air" pilotunun uçuşda olduqca həssas olduğu iddia edilə bilər, əslində isə o, yüngül helikopter pilotundan heç də həssas deyil.

Bir pilotun məhv edilməsi ehtimalının minimuma endirilməsi, onun istifadəsinin qəfil olması ilə təmin edilməlidir (burada helikopterdəki kimi "uçaraq yaxınlaşma müddəti" anlayışı yoxdur, onu mühərriklərin səsinə görə uzaqdan aşkarlamaq da mümkün deyil). Uçuş müddətinin özü də çox qısadır, təxminən sıçrayışla tullanmaq kimi bir prosesə bənzəyir. Helikopterdən çox kiçik, həm də qəfil peyda olan hərəkətli bir hədəfi məhv etmək, ilk baxışdan göründüyü qədər asan deyil.

Ssenarilərin heç birində uçan lövhələr döyüş əməliyyatları üçün bir platforma kimi qəbul edilmir, yalnız xüsusi taktiki vəziyyətlərdə qısa məsafələr üzərində hərəkət etmək üçün yüksək mobil vasitə kimi qəbul edilir. Pilotsuz versiyada isə onlar silah və sursatı mühasirədə olan döyüş qrupuna çatdırmaq üçün istifadə edilə bilər.

 

Uçan motosiklet

 

Uçan motosiklet - hoverbike yaratmaq ideyası insanları daha az cəlb edir. XXI əsrin əvvəllərində uçan motosiklet yaratmağın iki metodu izah edilirdi. Birincisi, reaktiv mühərrikləri olan, ikincisi isə pilotsuz kvadrokopter yaratmaq üçün istifadə olunan texnologiyalara əsaslanan uçan motosikletin yaradılmasından ibarət idi. Buna görə də yanacaq olaraq ya mayedən, ya da batareyalardakı enerji ehtiyatından istifadə olunmalı idi. Təyin olunan hər iki metod həm üstünlüklərinə, həm də həyata keçirilməsinə görə bəzi çətinliklərə malikdir.

Ən maraqlı və real konsepsiyalarından biri də "Jetpack Aviation" şirkətinin "Speeder" reaktiv motosikletidir. Dörd reaktiv mühərriklə təchiz edilən "Speeder" saatda 240 km-dən çox sürət yığaraq 115 kq yükü 5000 metr yüksəkliyə qaldıra bilir. Əvvəlcə reaktiv mühərriklərin konstruksiyanın mərkəzi hissəsində yerləşməsi planlaşdırılırdı, lakin bu idarəetməni çətinləşdirə biləcəyi üçün mürəkkəb avtonom sabitləşdirmə texnologiyalarının tətbiq olunmasını tələb edirdi, buna görə də gələcəkdə turbinlər korpusun kənarlarına yaxınlaşdırılmalı olacaq.

Uçuş müddəti təxminən 30 dəqiqə olacaq. Çoxdur və ya azdır? Elan edilən maksimal sürəti nəzərə alsaq, bu təxminən 100-120 km deməkdir. Şəhərdəki tıxacları yan keçərək şəhərkənarı iqamətgaha getmək üçün bu kifayətdir. "Jetpack Aviation" artıq "Speeder" üçün əvvəlcədən sifariş qəbul etməyə başlayıb. Növbədə yer sifariş etmək 10 min ABŞ dolları, uçan motosikletin ümumi dəyəri isə 380 min dollardır. İlk dəst yalnız 20 maşından ibarət olacaq.

Bu reaktiv motosikletin hərbi versiyasını yaratmaq imkanı da nəzərdən keçirilir. Burada "Speeder" dörd əvəzinə beş mühərrikə sahib olacaq, maksimum yükgötürmə qabiliyyəti və uçuş müddəti artırılacaq.

 "Jetpack Aviation" kompaniyasının "Speeder" reaktiv motosikleti

 

Daha əvvəl Rusiyanın, indi isə ABŞ-ın şirkəti olan "Hoversurf" tərəfindən hazırlanan uçan motosiklet modeli daha təvazökar xüsusiyyətlərə malikdir. "Hoversurf" şirkəti Sankt-Peterburqdan olan Aleksandr Atamanov tərəfindən təsis edilib və 2014-cü ildə Kaliforniyada qeydiyyata alınıb. Uçan "Scorpion" motosikleti, kütləsi 114 kq-dan az olan karbon lifli çərçivəyə, havadan və pilotun çəkisindən asılı olaraq 10-25 dəqiqə uçuşu təmin edə bilən litium-marqans-nikel hibrid batareyasına malikdir. Uzaqdan idarəetmə rejimində uçuş müddəti 40 dəqiqədir. "Scorpion" yerdən 16 metr yüksəklikdə saatda maksimum 96 km sürətlə uça bilər.

 

"Jetpack Aviation" şirkətinin "Speeder" reaktiv motosikleti ilə müqayisədə daha təvazökar xüsusiyyətlərinə baxmayaraq, "Hoversurf" şirkətinin "Scorpion" layihəsi tətbiq olunmağa daha yaxındır. İstehsaldan qabaq hazırlanan prototiplər göstərilib, almaq üçün sifariş də açıqdır - onun qiyməti 150 min dollar olacaq. "Scorpion" ABŞ-a pilot lisenziyası tələb etməyən uçuşa imkan verən çox yüngül vasitə kimi təsnif edilir.

 "Hoversurf" şirkətinin "Scorpion"u
"Dubai Polis" tərəfindən 2019-cu ildə "Scorpion" sınaqları

 

"Hoversurf" mülki və xüsusi tətbiqlər üçün oxşar vasitələrin digər növlərini buraxmağı planlaşdırır.

 "Hoversurf eVTOL"

 

 

Rusiyadan "qaçan" bu və digər layihələrə baxaraq demək istəyirəm ki, ölkə rəhbərliyi yüksək texnoloji yerli startap layihələrinə yanaşmasına yenidən baxmalıdır. Əks təqdirdə, bundan sonra ABŞ-ın helikopter sənayesinin Rusiya vətəndaşı tərəfindən yaradıldığını söyləyərək bir çox oxşar nümunələri xatırlatmaqdan və bundan qürur duymaqdan başqa əlacımız qalmayacaq.

 

Uçan motosikletlər hərbi və xüsusi bölmələr tərəfindən necə istifadə edilə bilər? Uçan lövhələrdə olduğu kimi, uçan motosikletlər də hələlik düşmənə hava zərbələri endirmək üçün hazırlanan döyüş nəqliyyat vasitələri kimi dəyərləndirə bilməz, lakin bundan sonra bu təyinatı da əldə edəcəyi tamamilə istisna edilməməlidir.

Əvvəla uçan motosikletlə xüsusi qüvvələrin təcili çatdırılması üçün istifadə edilə bilər. Terror təhlükəsi olduqda, bir neçə dəqiqə də hesaba alınır. Ləngimə terrorçulara atəş nöqtələrini təchiz etməyə və mina partlayıcı qurğular quraşdırmağa imkan verə bilər. Eyni zamanda, şəhər avtomobil yollarının tıxanması xüsusi nəqliyyat vasitələrinin lazımi ərazilərə sürətlə irəlləməsinə imkan vermir. Uçan motosikletlər xüsusi bölmələri, təhdidlərə qarşı mübarizədə başqa nəqliyyat vasitələri tərəfindən təmin edilə bilməyən ən yüksək reaksiya sürəti ilə təmin edəcək.

Silahlı qüvvələrin yerüstü bölmələri üçün də onlar oxşar funksiyaları yerinə yetirə bilər - tez bir zamanda yardım çatdırmaq, silah və sursatı ən qısa müddətdə təxminən 100 kilometr məsafəyə daşımaq, mövqelərə sürətlə hərəkətə etmək, düşməni qabaqlayaraq onları ələ keçirmək və s. Bundan əlavə, gələcəkdə uçan motosikletlər avtopilot rejimində yenidən bazaya qayıda bilər. Və ya əksinə, pilotsuz rejimdə göstərilən nöqtəyə qədər irəliləyərək quru qoşun bölmələrinin təxliyyəsini təmin edə bilər.

Uçan motosiklet istifadəsinin ən vacib sahələrindən biri də yaralanma zamanı həm mülki şəxslərə, həm də hərbçilərə təcili tibbi yardım göstərmək üçün həkimlər tərəfindən tətbiqi ola bilər. Bir çox xəstəlik və ya xəsarət növləri üçün nəinki dəqiqə, hətta saniyələr mühüm rol oynayır.

Hər iki vasitələrin istifadəsi üçün təklif olunan ssenarilərin nə qədər doğru olduğunu zaman göstərəcək, lakin hazırda istehsalçıların hamısı onların hərbi və xüsusi istifadəsinin mümkünlüyünü iddia edir. Yüksək ehtimalla bu tip uçan vasitələrə təkcə mülki bazarda deyil, həm də silahlı qüvvələrin və xüsusi təyinatlı qüvvələrin nəqliyyat vasitələri kimi tələbat yaranacaq.

Yazı Andrey Mitrofanovun məqaləsi əsasında hazırlanıb

Hərbi ekspert Ədalət Verdiyev

Yayımladı: Chip.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır