Hyundai Nexo yeni rekorda imza atıb - FOTO

  • 18 Dekabr 2019

Hidrogenlə çalışan Hyundai Nexo modelinin debüt etdiyi zamanda, yanacaq sərfiyyatının ölçülməsi üçün istifadə edilən NEDC dövrü son günlərini yaşayırdı. Səbəb isə məlum idi - Avropa ittifaqı reallığı daha yaxından əks etdirın WLTP standartına keçmək haqqında qərar qəbul etmişdi.

Chip.az autograph.az-a istinadən bildirir ki, NEDC dövrünə əsasən Hyundai Nexo modelinin dolu çən ilə bəyan edilmiş yürüş məsafəsi 800 km təşkil edirdi. Lakin, yeni standarta keçdikdən sonra, koreyalılar bu rəqəmin 666 km olduğunu bildirmişdilər. Reallıqda isə bu rəqəmin 400-450 km arasında olduğu görünürdü. Buna baxmayaraq, Fransada keçirilmiş avtoyürüşdə Hyundai Nexo krossoveri yanacaq doldurmadan 800 km qət etməyin real olduğunu sübuta yetirib.

Məşhur isveçrəli hava səyyahı Betran Pikkarın idarə etdiyi Nexo modeli yanacaq doldurmadan 778 km məsafə qət edərək, seriya hidrogen avtomobilləri üçün yeni rekorda imza atıb. Yürüyüşün başlanğıc nöqtəsi Almaniya sərhəddində yerləşən Sarqamin şəhərindəki FaHyence yanacaqdoldurma stansiyası olub. Buradan hidrogen krossoveri Paris şəhərinin yaxınlığında yerləşən Le Burjedəki Aviasiya və kosmonavtika muzeyinə yollanıb. Maraqlıdır ki, sən demə hidrogen krossoveri bundan artıq məsafə də qət edə bilərmiş - finiş nöqtəsində krossoverin kompyüteru 49 km yürüş ehtiyatının qaldığını göstərib.

 

Bu isə yaxın gələcəkdə Pikkarın rekordunun yeniləcəyindən və Nexo modelinin 800 km məsafəni qət etməyə cəhd göstərəcəyindən xəbər verir. Doğrudur, hələlik söhbət elektrik enerjisi sərfiyyatının az olduğu müəyyən edilmiş rejimdə hərəkətdən gedir - NEDC və WLTP standartları isə qarışıq rejimdə hərəkəti nəzərdə tuturlar.

  •  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır