Scale Up akselerator proqramının açılış mərasimi baş tutub

  • 13 Dekabr 2019

Bu gün “JW Marriott Absheron” otelində qadın sahibkarlar üçün xüsusi olaraq hazırlanmış “Scale Up“ akselerator proqramının açılış mərasimi keçirildi.

Chip.az bildirir ki, qadın sahibkarlar üçün nəzərdə tutulmuş “Scale Up“ akselerator proqramı “Azərbaycan işgüzar qadınları“ təşkilatının təşəbbüsü və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı səfirliyi, “PAŞA Bank” və “PwC Azerbaijan“ şirkətlərinin birgə dəstəyi ilə ərsəyə gəlib.

Proqramın əsas missiyası qadınların iqtisadiyyatdakı rolunu və təsirini gücləndirmək, onların bizneslərinin inkişafını sürətləndirilməsi və böyüməsi üçün lazımi dəstəyi göstərmək və uyğun şərait yaratmaqdır. Səkkiz həftə davam edəcək “Scale Up“
akselerator proqramı çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, kommunikasiya, investisiya qaydaları və özünüinkişaf kimi mövzularda bilik və bacarıqlar əldə edəcəklər.

Layihənin təqdimat mərasimində çıxış edən “Azərbaycan işgüzar qadınları“ təşkilatının təsisçisi Tatyana Mikayılovanın sözlərinə görə, qadınların iqtisadi cəhətdən gücləndirilməsi lokomotiv rolunu oynayaraq təhlükəsiz dünyada inkişaf etmək və yaşamaq üçün imkanlar yaradır: “Bu istiqamətdə birgə çiyin-çiyinə işləyərək qadın sahibkarlığının inkişafına dəstək vermək çox vacibdir. “Scale Up“ akselerator proqramı Azərbaycan qadınının cəmiyyətdə mövqeyinin gücləndirilməsinə, iqtisadiyyatın inkişafında qadınların rolunun artırılmasına öz müsbət təsirini göstərəcək“, deyə T.Mikayılova vurğuladı.

Proqramın təqdimat mərasiminə qatılan Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini, “PAŞA Bank”ın İdarə heyətinin üzvü Xəyalə Nağıyeva və “PwC Azerbaijan“ şirkətinin ölkə üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev dəyərli fikir və tövsiyələrini iştirakçılarla bölüşdülər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır