Bu gün metronun Gənclik stansiyası 00:30-a qədər fəaliyyət göstərəcək

  • 12 Dekabr 2019

"Qarabağ" futbol klubu bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.

Chip.az xəbər verir ki, bu barədə açıqlamanı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, oyunla bağlı bu gün metronun iş qrafikində də dəyişiklik ediləcək: “Oyunla bağlı metropolitendə tədbirlər planı hazırlanıb. “Bakı Metropoiliteni” QSC-nin İdarə Heyətinin sədri Zaur Hüseynov bununla bağlı əmr imzalayıb. Tədbirlər planına əsasən, bu gün metronun “Gənclik” stansiyası gecə saat 00:30-a qədər fəaliyyət göstərəcək. Yəni Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyundan sonra stadiona gəlmiş azarkeşləri sona qədər təhlükəsiz daşımaq üçün “Gənclik” metostansiyası gecə saat 00:30-a qədər sərnişin qəbul edəcək.

Bundan başqa, sərnişin sıxlığının yaranmaması üçün stansiya gücləndirilmiş rejimdə çalışacaq. Stansiyaya əlavə işçi qüvvələri artıq cəlb edilib, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib. Ehtiyac yaranarsa, əlavə qatarlar xəttə buraxılacaq və qatarların hərəkət qrafikində dəyişiklik ediləcək”.

Qeyd edək ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) oyunu saat 21:55-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır