Azərbaycanda elektron statistik hesabatlılıq səviyyəsi 95 faizi ötüb

  • 11 Dekabr 2019

"Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə də 2003-cü ildən başlayaraq böyük iqtisadi inkişaf yolu keçib. Bu illər ərzində ölkə iqtisadiyyatı 3,3 dəfə, qeyri-neft, qaz sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 3 dəfə artıb".

Chip.az xəbər verir ki, bunu Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsinin birgə konfransında çıxış edən Komitə sədri Tahir Budaqov bildirib.

Onun sözlərinə görə, 2015-ci ildən başlayaraq ölkədə milli statistika sisteminin inkişafı üçün çox böyük işlər görülüb: "Dövlət başçısının tapşırığı ilə qarşıya qoyulan ən böyük məqsəd milli statistika sisteminin beynəlxalq standartlara, ən əsası Avropa standartlarına çatdırılmasıdır. Bununla bağlı Komitənin müraciəti əsasında 2016-2017-ci illər ərzində müxtəlif qurumlar, o cümlədən BMT-nin Statistika Komissiyası, Avropa Statistika Komissiyası və bir sıra beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda milli statistika sisteminin auditi keçirilib və hesabat hazırlanıb. O hesabatda Azərbaycanın milli statistika sisteminin mövcud vəziyyəti və inkişaf etdirilməli olan sahələr müəyyən edilib. Azərbaycanın milli statistika sisteminin ümumilikdə Avropa standartlarına uyğun olduğu rəsmən təsdiq edilib".

Tahir Budaqov bildirib ki, Dövlət Statistika Komitəsi müxtəlif ölkələrlə əməkdaşlıq edir: "Avropa İttifaqı ilə 3-cü layihəmizi həyata keçiririk. Layihənin adı "Azərbaycanın milli statistika sisteminin Avropa standartlarına çatdırılması" adlanır. Layihə başa çatmaq üzrədir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində çox önəmli addımlar atılıb".

T. Budaqov eyni zamanda deyib ki, DSK strukturunda çox ciddi dəyişikliklər həyata keçirilib: "Komitənin nəzdində Statistik İnnovasiyalar və Elmi Tədqiqat mərkəzi yaradılıb. Həmin mərkəzin fəaliyyəti nəticəsində Statistika sahəsində innovativ yanaşmaların tətbiqi istiqamətində elmi tədqiqat işləri aparılıb və praktiki tövsiyələr verilib. Milli statistika sistemində keyfiyyət standartlarının tətbiqinə uğurla start verilib. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi rəsmi statistika proseslərinin istehsalında xüsusi önəm daşıyır. Görülən tədbirlər nəticəsində elektron statistik hesabatlılıq səviyyəsi respublika üzrə 95 faizi ötüb. Düşünürəm ki, yaxın zamanlarda 100 faizlik nəticəyə nail olacayıq".

Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi rəsmi statistika proseslərinin istehsalında xüsusi önəm daşıyır. Görülən tədbirlər nəticəsində elektron statistik hesabatlılıq səviyyəsi respublika üzrə 95 faizi ötüb. O, yaxın zamanlarda 100 faizlik nəticəyə nail olacağına əminliyini bildirib.

T.Budaqov Koreya Statistika Komitəsi ilə əməkdaşlığın da onlar üçün böyük əhəmiyyət daşıdlğını nəzərə çatdırıb.

Komitə sədri Koreya və Azərbaycanın Statistika komitələri arasında yeni əməkdaşlıq sazişinin imzalanmasının da nəzərdə tutulduğunu söyləyib.
O, Koreyann Azərbaycana indiyədək statistika sahəsi üzrə 1,2 milyon dollar həcmində qrant verdiyini əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır