Bakutel 2019-da Danışan məktub filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirilib

  • 09 Dekabr 2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən “Danışan məktub” bədii filminin tiflo və surdo şərhi hazırlanıb.

Chip.az xəbər verir ki, filmin bu versiyasının hazırlanmasında məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır. “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə nazirlik tərəfindən mütəmadi olaraq müxtəlif sosial tədbirlərin həyata keçirildiyini bildirib, “Danışan məktub” bədii filminin görmə və eşitmə məhdudiyyətli insanlar üçün uyğunlaşdırılmasının əhəmiyyətindən danışıb.

E.Vəlizadə deyib ki, bu film müharibə dövründən bəhs etdiyi üçün hazırda da öz aktuallığını qoruyub saxlayır: “Bu təqdimatın “Bakutel 2019” sərgisi çərçivəsində keçirilməsi də təsadüfi deyil. Məhz dekabrın 3-ü Beynəlxalq Əlillər Günü kimi qeyd olunur”.

Sonra “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyası nümayiş etdirilib.

Tədbirin sonunda filmin yazıldığı disklər görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərə paylanılıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı əlil insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci il oktyabrın 14-də 3 dekabr tarixini Beynəlxalq Əlillər Günü olaraq qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır