Ferrari 488 modelinin yarış versiyaları yenilənib - FOTO

  • 09 Dekabr 2019

Ferrari 488 modelinin həyat dövrü başa çatıb. Artıq 488 ailəsi estafeti F8 Tributo ailəsinə təhvil verib. Lakin, yarış treklərində hələlik 488 modelini əvəzləyəcək model təqdim edilməyib. Yeni bolidlər üzərində işlər getdiyi bir vaxtda, Ferrari mühəndisləri mövcud olan texnikanı modernləşdirmək qərarına gəliblər. Təkmilləşdirilmiş yarış bolidləri Evo indeksinə sahib olublar.

Firma monokubokunda çıxış edən Ferrari 488 Challenge Evo modeli yeni aerodinamik dayağa malik olub: ön hava yönləndiricilərinin konfiqurasiyası dəyişdirilib, yeni löhvəciklər və örtmələr quraşdırılıb. Nəticədə avtomobilin yerəbasma gücü 50% artıb. Üstəlik, yerəbasma gücünün oxlar arasında paylanması da dəyişibdir ki, bu da idarəetmə balansının yaxşılaşmasına səbəb olub.

Chip.az autograph.az-a istinadən bildirir ki, elektron yardımçıların tənizmlənməsinə yenidən baxılıb, yeni əyləc diskləri və Pirelli şinləri peyda olubdur. Salonda isə sükanaltı dəstəkləri olan yeni şturval və görüntüsü yaxşılaşdırılmış arxa kameranın displeyi quraşdırılıb. 670 at qüvvəli biturbomühərrik dəyişilməz qalıb. Ferrari 480 Challenge Evo modelini hazır şəkildə sifariş etmək olar, lakin mövcud olan avtomobilləri modernləşdirmək üçün Evo dəsti də təklif edilir.

Daha ciddi yarış avtomobili olan Ferrari 488 GT3 modeli də əsaslı şəkildə təkmilləşdirilib. Ferrari mühəndisləri avtomobilin aerodinamikasını optimallaşdırmaq ilə yanaşı, onun təkər bazasını da 60 mm artırıblar. İndi 488 GT3 modelinin təkər bazasının uzunluğu daha mütərəqqi 488 GTE modelində olduğu kimi 2710 mm təşkil edir.

Eyni zamanda, Ferrari 488 GT3 Evo modeli hərəkət elektronikasının və V8 biturbo mühərrikinin yeni tənzimləmələrinə sahib olub. Nəhayət, bir sıra yüngülləşdirilmiş komponentlər peyda olub ki, bunlara misal kimi LED fənərləri göstərmək olar. Maraqlıdır ki, mövcud olan 488 GT3 modelləri üçün də Evo dəsti təklif edilir. Ferrari artıq hazır 488 GT3 Evo modelinə və Evo dəstinə sifarişləri qəbul edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır