Skoda yeni Octavia haqqında məlumatı açıqlayıb - FOTO

  • 25 Noyabr 2019

Yeni nəsil Skoda Octavia modelini 11 noyabr tarixində təqdim edəcəkdirlər. Çex istehsalçısı təqdimatı gözləmədən yeni model haqqında bir sıra təfərrüatları açıqlayıb. İlkin olaraq, universal kuzovlu Skoda Octavia işıq üzü görəcəkdir. Səbəbi isə məlumdur - Octavia modelinin satışlarının üçdə ikisi universalın payına düşür. Avropda isə Octavia Combi ən çox satılan universaldır. Liftbek kuzovlu versiya isə bir həftə sonra debüt etməlidir.

Beləliklə, yeni Skoda Octavia modelinin ölçüləri bir qədər artacaqdır: kuzov növündən asılı olmayaraq modelin qabarit uzunluğu 4689 mm olacaqdır. Yəni liftbek 19 mm, universal isə 22 mm uzanmış olacaqdır. Avtomobilin eni də 15 mm artaraq 1829 mm təşkil edəcəkdir. Bununla belə, modelin təkər bazası dəyişilməz qalıb - 2686 mm. Avtomobilin aerodinamik müqavimət əmsalı da yaxşılaşdırılıb: liftbekdə bu rəqəm 0,29-dan 0,24-ə, universalda isə 0,31-dən 0,26-ya enib.

Chip.az autograph.az-a istinadən bildirir ki, yeni salonda ikiqollu sükan çarxı və yeni VW Golf modelində olduğu kimi DSG "robotunun" kiçik selektoru quraşdırılacaqdır ki, bu selektorun ötürmələr qutusu ilə mexaniki birləşməsi olmayacaqdır. Bahalı versiyalar cihazlar panelinin və multimedia sisteminin 10,25-düymlük displeylərinə malik olacaqdırlar. Sadə versiyalarda mərkəzi ekran bir qədər kiçik olacaqdır.

Yeni Skoda Octavia modelinin salonu geniş olacaqdır. İkinci cərgənin sərnişinlərinin ayaq zonasında məkan genişlənəcək, baqaj bölümünün həcmi artacaqdır. Avropa bazarı üçün nəzərdə tutulmuş liftbek 600 litr (+10 l), Combi isə 640 litr (+30 l) tutur. Başqa parametrlər açıqlanmayıb.

Yeni "Oktaviya" əvvəllər təklif edilməyən çoxsaylı opsiyalara sahib olub. Golf Mk8 modelinin ardınca Octavia da dinamik dönmə işıqları olan matrisa tipli ön fənərlərə, proyeksiya displeyinə, üçzonalı iqlim sisteminə, masaj və havalandırması olan ön kreslolara malik olacaqdır. Modelin opsiyalar siyahısına 230 voltluq çıxış, Sleep Package (açılan yanları olan başlıqlar və yorğan), həmçinin genişləndirilmiş elektron yardımçılar dəsti də daxil edilib. Arxa qapılarda olan "uşaq" qıfılları elektrik ötürməsinə malik olublar.

Avropada yeni Octavia dörd asqı variantı ilə təklif ediləcəkdir: standart, idman (- 15 mm), adaptive DCC (- 10 mm) və pis yollar üçün dəst (+15 mm). Təchizat səviyyəsi üç varianta - Active, Ambition və Style, - malik olacaqdır.

Mühərrik çeşidinə gəldikdə isə, Skoda Octavia Avropa bazarında 110 at qüvvəli 1,0 TSI "turboüçlüyü" və 150 at qüvvəli 1,5 TSI "turbodördlüyü" ilə təklif olunacaqdır. Hər iki aqreqat 6-pilləli mexaniki qutu və ya 7-pilləli DSG "robotu" ilə təchiz edilə bilər. Avtomatik qutuya malik olan avtomobilləri 48 voltluq elektrik hissəsi olan "yumşaq" hibridlər ilə sifariş etmək olar. Hibrid əlavə qayış ötürməsi olan startyor-generator və kiçik tutumlu litium-ion batareyasından ibarətdir.

190 at qüvvəli 2,0 TSI mühərriki yalnız 7-pilləli DSG "robotu" və tam ötürmə sistemi ilə təklif ediləcəkdir. 2,0 TDI turbodizeli isə 115, 150 və 200 at qüvvəli variantlarda təklif olunacaqdır. 150 və 200 at qüvvəli dizellər tam ötürmə ilə də sifariş edilə bilər. Əlbəttə ki, qazla işləyən G-Tec versiyası da olacaqdır. Octavia G-Tec 130 at qüvvəli 1,5 TSI mühərriki və 17,7 kiloqramlıq metan balonları və 9-litrlik yanacaq çəni ilə təchiz ediləcəkdir.

Skoda Octavia modelinin məişət şəbəkəsindən qidalanan iki tamölçülü hybrid versiyası da olacaqdır. Hər iki modifikasiya 1,4 TSI mühərriki, elektromotor quraşdırılmış 6-pilləli "robot" və 13 kVs-lıq batareya ilə təchiz ediləcəkdir. Skoda Octavia iV modelinin baza versiyası 204 at qüvvəsinə, daha güclü versiya isə 245 at qüvvəsinə malik olacaqdır. 2020-ci ildə model xətti RS və Scout versiyaları ilə tamamlanacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır