Parisdə 20-dən çox metro stansiyası bağlanıb

  • 16 Noyabr 2019

Parisdə “sarı jiletlərin” bu günə planlaşdırılan aksiyaları səbəbindən şəhər nəqliyyat şəbəkəsinə inteqrasiya olunmuş 20-dən çox metro stansiyası bağlanıb.

Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Fransa paytaxtının RATP ictimai nəqliyyat kompaniyası məlumat yayıb. Məlumata əsasən, etiraz aksiyaları üçün əsas meydana çevrilən şəhərin mərkəzi prospekti – Yelisey çölləri üzərində və onun yaxınlığında yerləşən stansiyaların fəaliyyəti dayandırılıb. Həmçinin Eyfel qülləsi, Konkord meydanı, parlament binası yaxınlığında yerləşən stansiyalar da fəaliyyət göstərməyəcək.

Bundan əlavə, dəyişikliklər 50-dən çox marşrut üzrə hərəkət edən avtobuslara da təsir edib. Bəzi hallarda avtobusların marşrutu qısaldılıb, bəzi hallarda isə marşrutlar dəyişdirilib.

Aksiya təşkilatçılarının planlarına görə, şənbə və bazar günləri – etirazların başlanmasının ildönümündə - Parisdə və ölkənin digər regionlarında miqyaslı aksiyalar keçiriləcək.

Xatırladaq ki, 2018-ci il noyabrın 17-də yanacağa vergilərin artırılmasına etiraz olaraq Fransada “sarı jiletlərin” irimiqyaslı aksiyaları başlayıb. Ənənəvi şənbə aksiyaları əksər vaxt iğtişaşlar və etirazçıların polislə toqquşmaları ilə müşayiət olunur. Fransa hökumətinin məlumatına görə, “sarı jiletlərin” etiraz aksiyaları başladıqdan bəri ölkə iqtisadiyyatına 2,5 milyard avro zərər dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır