Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Chip.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lerik və Lənkəran, nazirin birinci müavini Əli Abdullayev isə Astara rayonlarından olan vətəndaşları qəbul ediblər.
Lənkəranda keçirilən qəbuldan əvvəl nazir Ramin Quluzadə və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsi özünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Qəbul zamanı vətəndaşların telekommunikasiya, internet və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgə əhalisini maraqlandıran digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbulda iştirak edən vətəndaşlar, həmçinin yol təmir-tikintisi, yeni marşrut xətlərinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Müraciətlərin əksəriyyəti yerindəcə həll olunub, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.