ABŞ SZ silahlar yarışında məğlub ola bilər

  • 15 Noyabr 2019

Bundan iki ay öncə Pekin süni zəka sahəsində dünya lideri olmaq yolunda öz planını açıqladı. Cənubi Koreya 2022-ci ilə qədər SZ tədqiqatına 2 milyard dollar xərcləyəcək. Birləşmiş Krallıq SZ və robotların tədqiqatına əlavə 68 milyon funtsterlinq ayıraraq qarşıdakı 5 ildə 1,3 milyard dollara çatmağı planlaşdırır. Fransa növbəti beş il ərzində SZ tədqiqatlarına 1,5 milyard avrodan çox xərcləməyi və bu vəsaitlə yeni startapları dəstəkləməyi düşünür. Niderland, Kanada, Yaponiya, Hindistan, İsrail və planetin digər böyük ölkələri bu oyunun içinə daxil olub.

Donald Tramp ABŞ prezidenti kimi vəzifəsinin icrasına başladığı ilk gündən etibarən sənaye ekspertləri, akademiklər, hökumət rəsmiləri onu SZ-ni başlıca milli prioritetlərdən biri kimi qəbul edərək, bu istiqamətdə inkişafa diqqət ayırmağa çağırıblar. Ötən ilin mayında Pentaqonun sabiq rəhbəri Ceyms Mettis gec olmadan SZ-nin inkişafı ilə bağlı milli strategiyanın hazırlanmalı olduğunu və yalnız onun ABŞ-ın dünya liderliyinə zəmanət verəcəyini bildirmişdi.

Bəzi tədqiqat mərkəzlərinin araşdırmalarına görə, SZ-ni, böyük məlumat texnologiyalarını mənimsəyən təşkilatların gələn il digər rəqiblərindən 1,2 trilyon dollar əldə edəcəyi mümkündür və bu da Meksika kimi bir ölkənin ÜDM-sinə bərabərdir. II Dünya müharibəsindən sonrakı ilk illərdə ABŞ elmi cəhətdən dünya lideri olsa da, hələ 1957-ci ildə SSRİ istehsalı peykin Yer ətrafında dövr etməyə başlaması ilə həyəcan təbili çalmağa başladı. Bundan sonra təhsilə göstərilən diqqətin necə artmasını rəqəmlərlə də aydın görmək mümkündür. Belə ki, 1958-ci ildə ABŞ-ın “Milli Müdafiə Təhsil Aktı” təhsilə 1 milyard dollar xərcləməyi nəzərdə tuturdusa, 1973-cü ildə təkcə “Apollo” proqramına çəkilən xərc 25,4 milyard dollar idi.

Lakin son dövrlərdə xüsusilə SZ sahəsinə göstərilən diqqətin belə geniş miqyasda yayılması və digər böyük dövlətlərin bu yarışdan geri qalmaq istəməməsi artıq ABŞ-ın bu hegemonluğunu kölgə altında qoya bilər.

Ordu.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır