2040-cı ildə qlobal enerji tələbatı 34 faiz artacaq

  • 14 Noyabr 2019

Qlobal enerji tələbatının 2040-cı ildə ötən ilə nisbətən 34 faiz artaraq 19 milyard 177 milyon ton neft ekvivalentinə çatacağı gözlənilir.

Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Bildirilir ki, keçən il qlobal enerji tələbatı 14 milyard 314 milyon ton neft ekvivalentinə bərabər olub.

2040-cı ilə qədər dünyada ən böyük enerji tələbatı 8 milyard 208 milyon ton neft ekvivalenti ilə Çinin də daxil olduğu Asiya-Sakit Okean ölkələrində formalaşacaq. Bu bölgəni 2 milyard 686 milyon ton neft ekvivalent ilə Şimali Amerika izləyəcək.

Avropada isə enerjiyə tələbat 2040-cı ilədək 530 milyon ton neft ekvivalenti azalacaq. Bu azalmaya baxmayaraq, Avropa Asiya-Sakit Okean və Şimali Amerikadan sonra 1 milyard 723 milyon ton neft ekvivalenti ilə enerjiyə ən çox tələbat olan üçüncü bölgə olacaq. Avropanı 1 milyard 318 milyon ton neft ekvivalenti ilə Afrika və 1 milyard 206 milyon ton neft ekvivalenti ilə Yaxın Şərq bölgəsi izləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır