İranlı deputat: İran nüvə proqramını tam gücü ilə davam etdirməlidir

  • 14 Noyabr 2019

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Nəkavi Hüseyni hökuməti tənqid edib.

Deputat deyib ki, Avropa dövlətləri 2015-ci ildə imzalanmış sazişdən irəli gələn heç bir öhdəliyi yerinə yetirmir. İran isə hələ də razılaşmaya sadiq qaldığını bildirir. Onun fikrincə, hökumət düzgün siyasət yürütmür. İran da razılaşmaya əməl etməməlidir.

Nəkavi Hüseyni nəzərə çatdırıb ki, saziş imzalandıqdan sonra İranın nüvə obyektləri fəaliyyətlərini dayandırdı, indi isə tədricən bərpa etməyə başlayıb. Bu isə əlavə maliyyə itkisi ilə müşayiət olunur. Odur ki, İran öz nüvə proqramını tədricən deyil, birdəfəyə və tamamilə bərpa etməlidir. Bir həqiqəti başa düşmək lazımdır ki, nə ABŞ, nə də Avropa dövlətləri İranın regiondakı mövcudluğu ilə barışmayacaq. Ona görə də İran nüvə tədqiqatlarını tam gücü ilə davam etdirməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır