Yaponiyanın Kansay aeroportu drona görə işini müvəqqəti dayandırıb

  • 4 gün Əvvəl

Yaponiyanın Osaka şəhərində yerləşən “Kansay” beynəlxalq aeroportu drona görə uçuş-enmə zolaqlarını müvəqqəti bağlamağa məcbur olub.

Chip.az AZƏRTAC -a istinadla xəbər verir ki, noyabrın 7-dən 8-ə keçən gecə saat 22 radələrində aeroporta yaxınlaşan təyyarənin pilotu səmada dron işıqlarına bənzər görüntü aşkar etdiyini bildirib.

Bundan sonra operator təhlükəsizlik məqsədilə hər iki uçuş-enmə zolağını bağlamalı olub. Bir saat davam edən yoxlamadan sonra heç bir təhlükə aşkar edilməyib.

Lakin bundan dərhal sonra yerdə olan nəzarətçi drona bənzər obyekt müşahidə etdiyini bildirib. Bundan sonra uçuş-enmə zolaqları yenidən bağlanıb. Obyektin axtarışları yenə heç bir nəticə vermədiyinə görə uçuş-enmə zolaqları gecə yarıdan sonra fəaliyyətini bərpa edib.

Uçuş-enmə zolaqlarının bağlanması nəticəsində aeroporta yaxınlaşan səkkiz sərnişin təyyarəsi Yaponiyanın mərkəzindəki digər aeroportlara yönəldilib. Təxminən 15 təyyarənin uçuşunun da iki saat təxirə salındığı bildirilir.

Xatırladaq ki, bu, “Kansay” beynəlxalq aeroportunda dronla bağlı ilk hadisə deyil. Oktyabrın 19-da da aeroportun uçuş-enmə zolaqları eyni səbəbdən bağlanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır