EU4Digital-ın internet səhifəsi Azərbaycan dilində istifadəyə verilib

  • 08 Noyabr 2019

Aİ-nin rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstəyi: Şərq Tərəfdaşlığı regionunda rəqəmsal sahədə görülən işləri və nailiyyətləri işıqlandıran www.eufordigital.eu internet səhifəsi artıq azərbaycan dilində də əlçatandır.

Chip.az bildirir ki, www.eufordigital.eu səhifəsi Avropa İttifaqının Şərq Tərəfdaşlığı regionunda rəqəmsal iqtisadiyyat və cəmiyyətə dəstəyi ilə bağlı məlumatlar, xəbərlər və resurslardan ibarət çoxdilli platformadır.

Rəqəmsal bazarların uyğunlaşdırılması Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukraynada vətəndaşlara gözəçarpan nəticələr təmin etmək məqsədilə Aİ-nin siyasətə dair əsas praktiki nəticələrindən biridir. Aİ-nin adı çəkilən sahəyə dəstəyi, bu sahədə prioritet fəaliyyətləri və proqramları bir araya gətirən EU4Digital təşəbbüsü vasitəsilə istiqamətləndirilir.

EU4Digital təşəbbüsünün internet səhifəsində əsas diqqət təşəbbüsün altı tematik sahəsi üzrə göstərilən dəstəyə ayrılıb. Onların hər biri müvafiq məlumatlar, xəbərlər, tədbirlər və uğur hekayələrindən bəhs edən səhifəyə malikdir:

Telekommunikasiya qaydaları şəbəkəsi: Aİ-nin dəstəyi ilə rouminq tariflərinin azalması, rəqabət qabiliyyətinin gücləndirilməsi və sərmayələrin cəlb olunmasına səbəb olacaq daha güclü qanunvericilik, eləcə də istehlakçıların hüquqlarının qorunması və yeni genişzolaqlı rabitə vasitəsilə vətəndaşların və müəssisələrin necə mənfəət əldə edəcəyini öyrənin.

Etimad və təhlükəsizlik şəbəkəsi: rəqəmsal iqtisadiyyat sahəsində etimad və təhlükəsizliyi inkişaf etdirməklə Aİ elektron əməliyyatları asanlaşdırır, onların daha təhlükəsiz, sürətli və ucuz olmasını təmin edir, o cümlədən telekommunikasiya, energetika, nəqliyyat və ya bankçılıq sahələrində vacib əhəmiyyət daşıyan rəqəmsal infrastrukturun dayanıqlığının artmasına töhfə verir.

Elektron ticarət şəbəkəsi: elektron ticarət və elektron logistika vasitəsilə ixrac prosedurlarının sadələşməsi, sərhəddə gecikmələrin azalması, əməliyyatların təhlükəsizliyinin artması, xərclərin azalması və rəqəmsal iqtisadiyyatın rəqabət qabiliyyətinin yaxşılaşması gözlənilir.

İKT-nin innovativ inkişafı şəbəkəsi: Aİ-nin İKT-nin innovativ inkişafı sahəsinə dəstəyi nəticəsində qabaqcıl elmi araşdırmaların və transsərhəd sərmayələrin təşviqi, o cümlədən sözügedən regionda fəaliyyət göstərən startapların Aİ bazarlarına çıxışı və istedadlı gənclər üçün yeni iş yerlərinin yaradılması gözlənilir.

Elektron səhiyyə şəbəkəsi: Elektron səhiyyə sisteminə dəstək pasientlərə, o cümlədən səhiyyə sistemlərinə və peşəkarlara mənfəət verməklə yanaşı, vətəndaşların daha sağlam olması, təmin edilən tibbi xidmətlərin səmərəliliyinin artırılması, sığortaçıların daha məsuliyyətli olması və normativ-hüquqi bazanın yaxşılaşdırılması ilə nəticələnəcək.

Elektron bacarıqlar şəbəkəsi: Aİ rəqəmsal bacarıqların inkişafına dəstək verməklə həmin bacarıqların yeni yaranan sahələrin tələblərinə uyğunlaşdırılmasına kömək edərək məşğulluğa, özəl sektorun inkişafına və iqtisadiyyatın dinamik inkişafına töhfə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır