Sosial şəbəkələrin müsbət və mənfi tərəfləri ilə bağlı seminarlar davam edir

  • 07 Noyabr 2019

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin 10 və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir. 

Chip.az xəbər verir ki, noyabrın 7-də DTX-nin təşkilatçılığı, Təhsil Nazirliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 20 nömrəli məktəb-liseydə ilk dəfə yuxarı sinif şagirdlərinin də çıxışçı qismində iştirak etdikləri və bu formatda keçirilən interaktiv seminara rayonun 26 məktəb və liseyinin 600-dən çox şagirdi qatılıb.

Tədbiri 20 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim Səadət Veysova açaraq belə mühüm maarifləndirmə və tədris formalarının əhəmiyyətini vurğulayıb. O, bu seminarın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın uşaqların və yeniyetmələrin milli ruhda tərbiyəsinə, inkişafına, təhsilinə və kamil vətəndaş kimi formalaşmalarına, ümumilikdə uğurlu gənclər siyasətinə növbəti töhfələri olduğunu qeyd edib.

S. Veysova DTX-nin bu təşəbbüsünün təqdirəlayiq olduğunu və indiyədək keçirilən seminarların müəllim-şagird kollektivləri tərəfindən rəğbətlə qarşılandığını bildirib.

DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır