Nazir müavini: Hazırda ölkədə 4G yayımının əhatə dairəsi genişləndirilir

  • 06 Noyabr 2019

Hazırda Azərbaycanda 4G istiqamətində işlər aparılır, yayımın əhatə dairəsi genişləndirilir. Ola bilər ki, müəyyən texniki səbəbdən mobil şəbəkələrin yayımında problemlər olur.

Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün mobil şəbəkələrlə bağlı yayımlara nazirlik gündəlik nəzarət həyata keçirir: “Hansısa bölgələrdə, məkanlarda belə yayım həyata keçirilmirsə, nazirlik ya apardığı monitorinqlər, ya da vətəndaşların müraciətləri əsasında bunu mobil operatorların nəzərinə çatdırır. Mobil şirkətlər də biznes planlarına uyğun olaraq bu sahədə işlər həyata keçirirlər”.

Nazir müavini qeyd edib ki, hazırda kibertəhlükəsizlik məsələsi ölkəmizdə prioritet sahə hesab edilir. Hər bir sahədə elektron texnologiyaların tətbiqi ilə əlaqədar gedən inkişafı təmin etmək üçün kibertəhlükəzilik məsələləri diqqət mərkəzində saxlanılır.

“Artıq Milli Strategiya layihəsi işlənib, hazırlanır. Bu Starategiya ilk belə sənəd olaraq artıq təsdiq mərhələsindədir. Bu sənəd bir sıra sahələrdə kibertəhlükəsizliyin gücləndirilməsinə töhfə verəcək”, - deyə E.Vəlizadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır