IFC Azərbaycan kredit təşkilatlarında rəqəmsal maliyyə xidmətlərinin inkişafına kömək edəcək

  • 06 Noyabr 2019

Azərbaycanda yoxsulluqla mübarizə və iqtisadi artımın genişləndirilməsi istiqamətində görülən işlərin icrası ilə əlaqədar olaraq, Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçirilən layihə çərçivəsində bu gün ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafının dəstəklənməsinə yönəldilən saziş imzalanıb. 

Chip.az Report-a istinadla xəbər verir ki, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlığı çərçivəsində IFC Azərbaycanın milli qurumu olmaqla ölkənin kredit təşkilatlarını təmsil edən Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlıq edəcəkdir. IFC Assosiyasiyaya maliyyə inklüzivliyi və müasirləşməyə töhfə verəcək mütərəqqi rəqəmsal maliyyə xidmətləri paketinin hazırlanmasına dair öz tövsiyələrini təqdim edəcək.

Bu əməkdaşlıq xüsusilə bankların filial şəbəkəsi ilə əhatəsi təmin edilməmiş kənd yerlərində həm fiziki şəxslər, həm kiçik sahibkarlıq subyektləri üçün əmanət hesablarının açılması və kreditlərin alınması prosesini əhəmiyyətli dərəcədə asanlaşdırmaq məqsədi güdür. Layihə həmçinin əhalinin rəqəmsal və elektron bank məhsulları sahəsində maarifləndirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasına kömək edəcəkdir. Bu məsələ Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir, çünki əhalinin yalnız 29 faizinin maliyyə təşkilatında hesabı vardır; bu rəqəm isə Dünya Bankının “Qlobal Findex” adlı maliyyə inklüzivlik üzrə hesabatında verilən məlumatlara əsasən, Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır.

“Texnologiyalar Azərbaycan əhalisinin maliyyə xidmətlərinə çıxış üsullarını müasirləşdirmək potensialına malikdir”, - Azərbaycan Banklar Asosiasiyasının sədri Zakir Nuriyev bildirib və əlavə edib ki, IFC ilə tərəfdaşlıq çərçivəsində həyata keçirəcəyimiz bu təşəbbüs yerli maliyyə təşkilatlarına bazarda tələb olunan qabaqcıl məhsullar hazırlamaqla müştərilərinin daimi dəyişən bazar şəraitində tələbatına uyğunlaşmağa imkan verəcək.

Rəsmi adı “Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi” olan bu təşəbbüs Azərbaycan iqtisadiyyatının diversifikasiyası və iqtisadi artımın gücləndirilməsinə, cari halda isə elektron və mobil bank xidmətlərinə dəstək vasitəsilə kömək edən Dünya Bankı Qrupunun geniş strategiyasının tərkib hissəsidir. Bankların uzaqda olan ərazilərə irəliləməsi gələcək barədə verdiyi söz və rəqəmsal bankçılığın potensialını nümayiş etdirir.

IFC-nin Azərbaycan üzrə nümayəndəsi Aliya Əzimova qeyd edir ki, Kiçik müəssisə və sahibkarlar, xüsusilə neft sektorundan xaric fəaliyyət göstərənlər üçün maliyyə xidmətlərinə çıxış imkanlarını gücləndirməklə onlara öz bizneslərini genişləndirmək, eləcə də yeni iş yerlərini yaratmaq imkanını vermiş oluruq: "Bu isə Azərbaycanda yoxsulluqun qarşısını almaq və qeyri-neft özəl sektorunun inkişafı sayəsində dayanıqlı iqtisadiyyatın qurulması baxımından ən önəmli amillərdəndir”.

Ölkədə müştərilərin məsafədən bank hesabı açmasına icazə verən yeni qaydalar qəbul edilib. Bu yeniliklərin məqsədi bu sahədə digər islahatlarçılarla yanaşı, Azərbaycana kömək etməklə rəqəmsal bankçılığın gələcək inkişafı da daxil olmaqla bankların uzaq məsafələrə çatmasını təmin etməkdir.

Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Həmin dövr ərzində IFC-nin ölkəyə toplam investisiyaları səfərbəretmə işləri üzrə 73 milyon dollarlıq investisiyalar daxil olmaqla 473 milyon dollar təşkil edir. Həmin vəsait hesabına maliyyə xidmətləri, infrastruktur və istehsalat sektorları da daxil olmaqla bir sıra iqtisadi sahələrdə həyata keçirilən 56 layihənin maliyyələşdirilməsi təmin edilib. Bundan əlavə, ticarətin maliyyələşdirilməsi proqramı xətti ilə IFC, təxminən, 100 milyon dollar məbləğində ticarətin dəstəklənməsi məqsədlərinə, habelə Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinə 250 milyon dollar vəsait ayırıb. Eyni zamanda IFC tərəfindən özəl sektorun inkişafına yönəldilən bir sıra məsləhət layihələri də icra edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır