Finlandiya öz Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün yeni qırıcı təyyarələr almaq niyyətindədir

  • 06 Noyabr 2019

Finlandiya öz Hərbi Hava Qüvvələrinin (HHQ) ehtiyacları üçün yeni qırıcı təyyarələr almaq məqsədilə 10 milyard avro ayırmaq niyyətindədir.

Chip.az AZƏRTAC -a istinadla xəbər verir ki, Finlandiya Müdafiə Qüvvələri 10 milyard avroya qədər dəyəri olan kontrakt üzrə təchizatı təmin etmək iddiasında olan qırıcı təyyarələr istehsalçıları arasında tenderin şərtlərinə yenidən baxılması xahişi ilə hökumətə müraciət edib.

Yeni təyyarələr Finlandiya HHQ-nin artıq köhnəlmiş olan F/A-18 qırıcı təyyarələr parkını yeniləşdirmək məqsədilə alınacaq.

Finlandiya hökuməti oktyabrın sonunda tenderin başlanmasını elan edib. “HX Fighter Program” çərçivəsində alınması nəzərdə tutulan qırıcı təyyarələr Amerikada istehsal edilən “Boeing F / A-18 Super Hornet” və “Lockheed Martin F-35”, həmçinin Fransa istehsalı olan “Dassault Rafale”, Britaniyada buraxılan “Eurofighter Typhoon” və İsveçin “Saab Gripen” modelləridir.

Finlandiya Müdafiə Qüvvələrinin Katibliyində bildirilib ki, bu layihə çərçivəsində əməliyyat mühitinin tələblərinə cavab verən 64 ədəd yeni, çoxtəyinatlı qırıcı təyyarə alınacaq.

Qırıcı təyyarələrin gələcək təchizatçısı beş komponent əsasında seçiləcək: çoxtəyinatlı qırıcının hərbi imkanları, təchizatın təhlükəsizliyi, sənaye əməkdaşlığı, alış xərcləri və təyyarələrin yararlılıq müddəti, habelə təhlükəsizlik və müdafiə siyasətinin nəticələri.

Təkliflər, ilk növbədə, hərbi imkanlar nəzərə alınmaqla qiymətləndiriləcək, çünki alınan qırıcı təyyarələr Finlandiyanın müdafiə qüvvələrinin imkanlarına uzun müddət təsir göstərəcək. Beləliklə, 2021-ci ildə nəzərdə tutulan alış barədə qəti siyasi qərar qəbul edilməsi bu qiymətləndirməyə əsaslanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır