Mərkəzi Elmi Kitabxanada seminar: Türkiyənin müasir elektron resursları

  • 05 Noyabr 2019

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyi ilə MEK-də “Türkiyənin müasir elektron resursları” mövzusunda təlim-seminar keçirilib.

Chip.az AZƏRTAC-a istinadən xəbər verir ki, seminarın ilk təqdimatçısı İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Kitabxana və Muzeylər İdarəsinin nümayəndəsi Ramazan Elmas “İstanbul Böyükşəhər Bələdiyyəsi nümunəsi” mövzusunda məruzə ilə çıxış edib. O, Atatürk Kitablığı Kolleksiyaları və qurumun nəzdində fəaliyyət göstərən muzeylər haqqında məlumat verib.

Təlimin digər aparıcısı, Artvin Çoruh Universiteti kitabxanasının rəhbəri Muhammet Kızıl “Türkiyədə ali təhsildə elektron qaynaqlar” məruzəsində universitet kitabxanasında yaradılan şərait haqqında ətraflı məlumat verib. O, Anadolu Universiteti Kitabxanalar Konsorsiumundan da bəhs edib. Qeyd edib ki, konsorsium 83 müxtəlif verilənlər bazasına malik olmaqla, 60-dan çox nəşriyyat evi ilə 1628 ədəd müqaviləsi olan, 155 universitet və araşdırma qurumunun üzv olduğu, beynəlxalq səviyyəli elmi mərkəzdir.

Hiperlink nəşriyyat evinin rəhbəri Hayri Yavuz isə “Hiperlink. Türkiyədə yerli kitabxanalar” mövzusunda təqdimatla çıxış edib. O, hiperlinkin Türkiyənin ilk və tək elektron kitab verilənlər bazası olduğunu diqqətə çatdırıb və Azərbaycanın müvafiq qurumları ilə gələcək əməkdaşlıq şərtləri barədə danışıb.

Seminar iştirakçıların sualları ətrafında müzakirələrlə davam edib.

Xatırladaq ki, oxucuların bir çox tammətnli elektron resursların məlumat bazalarına əlçatanlığını təmin edən MEK beynəlxalq elektron resurslarla bağlı silsilə seminarlar təşkil edir və elmi mərkəzlərlə əlaqələrin gücləndirilməsi istiqamətində işlərini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır