Vətəndaşları icazəsiz olaraq xidmətlərə qoşurlar, pul qoparırlar – Ekspert

  • 05 Noyabr 2019

Bu gün hər kəs mobil telefondan istifadə edir və müxtəlif mobil operatorların müştərisi olaraq onun xidmətlərindən yararlanır. Həmin mobil operatorların abonentlərinin sayı günü-gündən artsa da, qarşılaşdıqları problemlərdən şikayətlərin ardı-arası kəsilmir. Abonentlərin nömrəsinə reklam xarakterli SMS-lər göndərən bəzi saxta şirkətlər barədə araşdırma edəndə görürük ki, gələn sms-in hamısı yalan və fırıldaqdan ibarətdir. Nəticədə müştərilərin hüquqları kobud şəkildə pozulur. Telefonlarına gələn saxta mesajlarla bağlı şikayət edən müştərilərin bir çoxu bildirir ki, mobil operatorlar heç bir məlumat vermədən servisə qoşurlar və gündəlik olaraq hesabdan müəyyən məbləğ çıxılır.


Sözügedən şikayətlə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı açıqlama verərək, bildirib ki, mövcud qanunvericiliyə görə bu cür şirkətlərin vətəndaşı qeyri-qanuni olaraq hansısa xidmətə qoşmağa haqqı yoxdur:
"Bir neçə il öncə reklam və telekommunikasiya ilə bağlı qanunvericilikdə dəyişikliklər olunub. Qanunvericiliyə görə, bu mesajları göndərən şirkətlər kontent provayderlərdir. Onlar mobil operatorlar ilə müqavilə bağlayır. Yəni, mobil operatorların özlərində də qeydlər olmalıdır ki, müştərilərinin məlumatı olmadan onların hesabından məbləğ çıxarılmasın. Bu qərarın qəbul olunmasına baxmayaraq, görünür ki, onlar yenidən öz fəaliyyətlərinə başlayıblar. Vətəndaşlara qanunsuz sms-lər göndərir, icazəsiz olaraq xidmətlərə qoşurlar və onlardan pul qoparırlar".
Ekspert onu da bildirib ki, müştərilərin şikayət etmək və haqqını tələb etmək hüquqları var:
" Əlbəttə, onlar yalandan deyəcək ki, siz özünüz razılıq vermisiz, yaxud da hansısa düyməni basmısınız. Vətəndaşın tələbi əsasında bu xidmət dayandırılmalı və ona dəymiş zərər ödənilməlidir. Vətəndaş ilk növbədə mobil operatorla əlaqə saxlamalı, problem həllini tapmadıqda məhkəməyə müraciət edə bilər".

Sonxeber.az

Chip.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır