Azərbaycanlı gənc Google və Youtube-ə baxıb – ALMANİYADA ŞİRKƏT QURDU

  • 04 Noyabr 2019

Azərbaycandan xaricdə öz biznesini quran həmyerlilərimizdən biri də Orxan Əhmədovdur.

Chip.az FED.az -a istinadən xəbər verir ki, 1990-cu il təvəllüdlü Orxan Bakı Dövlət Universitetində hüquq fakültəsini bitirdikdən sonra 2014-2016-cı illərdə Almaniyanın Frankfurt şəhərində magistr təhsili almağa başlayıb. Tələbə vaxtı müxtəlif işlərdə işləyən Orxan Əhmədovun hazırda Almaniyada 3 kofeşopu, 1 sexi və 1 mərkəzi ofisi var. Bakıda isə fanşizasını satdığı bir kofeşop var. Qurduğu biznes barədə bəzi məlumatları internetdən öyrənən Orxan Əhmədov iş adamı olana qədər bir çox sahələrdə işlədiyini bildirdi.

- Orxan bəy, necə oldu ki biznes qurmaq qərarına gəldiz?

- Bu fikir mən də lap uşaqlıqda var idi. Məktəb illərindən oxumağa səbrim və həvəsim olmayıb. Mənə deyirdilər ki, oxumasan imkanın olmayacaq, pulun olmayacaq. Ailə qura blməyəcən və s. Başa düşürdüm ki, oxumağı mənə pulum olsun deyə məcbur edirlər. Fikirləşirdim ki, əgər mənim oxumağa həvəsim yoxdursa bu pulu başqa necə qazana bilərəm. Məktəb vaxtı nəsə etmək qeyri-mümkün idi. Amma universitetə qəbul olandan sonra xırda-xırda işlərlə məşğul oldum.

- İlk işiniz nə olub?

- Bizim bir uzaq qohumumuz var idi. Gürcüstana tez-tez gedib gəlirdi. Maşını ordan alırdı burda satırdı. Mən də həmişə ondan xahiş edirdim ki, onunla gedim. Onun yanında gedirdim əslində bir köməyim də dəymirdi. Onda 17-18 yaşım var idi. Fikirləşirdim ki, mən də ordan maşın alıb burda sataram. Amma Gürcüstandan maşın alıb Azərbaycanda satmaq cəhdim uğursuz alınmışdı.

- Nə üçün evinizi satmağa məcbur olduz?

- İlk profesional biznesə başlmağıma görə ev satmağa məcbur oldum. 2016-cü ildə Almaniyada tələbə idim və başa düşdüm ki, burda investisiyasız başlasam inkişafım çox ləng gedəcək. Ona görə, fikirləşdim ki, necə edim ki, investisiya ilə başlayım ki, bir-sıfır öndə olum. Ona görə, də fikirləşdimki yeganə variant Bakıdakı evimi satmaqdır. Çünki evimdən başqa heçnəyim yox idi.

- Yaxınlarınız biznes üçün evinizi satmaq fikrini necə qarşıladı?

- Evimi satmağa hamı narazı idi. 22 yaşım var idi, hamı deyirdi ki, evi satıb pulunu batırarsan. Evi satmağıma o şərtlə razı oldurlar ki, Azərbaycanda evi satıb Almaniyada alacam. Amma elə etmədim. Evi satıb işə qoydum. Düzdü bununla fəxr emirəm. Amma öz fikrimdə olanı etdim.

Biləndə ki, evin bütün pulunu işə qoymuşam yaxınlarımdan çoxu dedi ki səhv hərəkət etmişəm. Hamı deyirdi ki, o işdən başın çıxmır. Tanımadığın ölkədir, dilini belə bilmirsən. Amma heç kimə qulaq asmadım. Öz fikrimdə olanı etdim və işimi də alındırdım.

- Biznes qurmaqda kim sizə dəstək olub?

- Biznes qurmaqda heç kim mənə dəstək olmadı. Sadəcə validenylərimin bir növ dəstəyi evi satıb biznesə qoymağım oldu. O da validenylərim fikirləşirdi ki, Almaniyada ev alacam ona görə, Bakıdakı babamdan miras qalan evi satmağıma razı oldular.

Almaniyada heç kimdən köməyim olmayıb. Almaniyada tələbə vaxtı Frankfurt şəhərində yaşamışam. Burda tələbə şəhərciyi var idi heç kim Alman dilində danışmırdı. Hamı ingilis dilində danışırdı. 2016-cı ildə Berlinə köçəndən sonra bir il bazarı araşdırıb 2017-ci ilin sonunda öz şirkətimi açmışam. Biznesim barədə nəsə öyrənmək istəyəndə Google və ya Youtube-dən baxıb öyrənirdim.

- Biznesinizi qurana kimi harada və nəçi işləmisiz?

- Bu vaxta qədər bu sahədə özümün işi olmayıb. 2016-cı ildə Berlinə köçəndə bilmirdim hansı işdən başlayım. Ayrı-ayrı pizza, burger dükanlarında işləyirdim. Hər yerdə bir az, bir az işləyirdim ki, görüm hansı işi daha çox sevəcəm. Amma kofeşopda işləyəndən sonra gördümki bu işi çox sevirəm Elə onda da qərara gəldim ki, öz kofeşopumu açacam. Amma öz kofeşopumu açmamışdan öncə Berlində ofisiant, qabyuyan və barista kimi çalışmışam.

- Şirkətinizlə bağlı son vəziyyət necədir, hansısa yenilik varmı?

- Bu ay Berlində yeni – 4-cü filialımız açılır.

- Françayzinq alan şəxs almandır, yoxsa azərbaycanlı?

- Yerlimizdir, uzun müddətdir ki, Berlində yaşayan azərbaycanlıdır.

- Sizi necə tapıb?

- Media vasitəsilə, alman radiolarından eşidəndə ki, bir azərbaycanlı işi adamı Almaniyada kofe sexi qurub, kafeləri var. Dediyinə görə fəxr edib və mənim nömrəmi tapıb əlaqə saxlayıb.

- Sizcə bu fəxr hissi nə ilə bağlıdır?

- Məncə mənim şəxsimdə bizimkilər özlərini görür və fəxr edirlər ki, biz də nələrisə özümüz edə bilərik. Təəssüf ki, indiyədək Azərbaycanın heç bir kofe və ya qida sahəsində beynəlxalq brendi yoxdur.

- Sizcə bunun səbəbi nədir – azərbaycanlılar fərasətsizdir, ya şərait yoxdur?

- Xeyr, əksinə azərbaycanlılar fərasətlidirlər. Sadəcə inamsızlıq və ətrafdakıların qınaması qorxusu var, vəssalam.

- Orxan, niyə biznesinizi Bakıda deyil, Berlində başlamağı qərara aldınız?

- Mən də hamı kimi - Bakıda başlasam işlərim getməz qorxusundan.  Amma Bakıdakı filialımızdan sonra fikirlərim tam dəyişdi.

- Bəs indi məqsədiniz nədir?

- Məqsədim milli beynəlxalq brend yaratmaqdır. Azərbaycanlıları xaricdə birləşdirən dəyər.

- Çox sürətlisiniz, 28 yaşınızda son iki ildə kofe sexi və 4 filial, bununla kimə borclusunuz?

- Yaxınlarımın və həmyerlilərimin mənəvi dəstəyinə. Hər tərəfdən zəng edən, yazan, «Ormado»nun Bakıdakı filialından şəkillər atanlar və sair. Bunlar hamısı məni motivə edir. İşlərimdə daha çox güc verir.

- İndi planınızda növbəti nə var?

- 4-cü filialın açılışından sonra növbəti ölkələrə çıxmağı planlaşdırıram. Azərbaycan və Almaniyada filiallarımız var, planımızda 3-cü və 4-cü ölkələrdir. İnşallah çox yaxın gələcəkdə bütün dünyanı əhatə edəcəyik, buna əminəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır