Beynəlxalq Avtomobil Federasiyasının (FIA) texniki direktoru Nikolas Tombasis bəyan edib ki, oktyabrın 31-də qəbul edilmiş yeni reqlamentin tətbiqi 2021-ci ildə Formula 1 maşınlarının eyni olacağı anlamına gəlmir.

Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, “RaceFans” portalı texniki direktorun aşağıdakı sözlərini sitat gətirir: “Bolidlərin zahiri görkəminin və formasının necə dəyişəcəyi barədə çoxlu söz-söhbət gəzir. Son ay yarım ərzində biz bir neçə aspektdə fərqi artırmaq üçün bir sıra təşəbbüslər həyata keçirdik.

Belə ki, maşınların bir-birindən fərqli olacağını gözləyirik. Bu fərqlər burun hissəsinə, qabaq və arxa qanadlara, havalandırma borusuna və yan pontonlara aid olacaq. Əlbəttə, bəzi aspektlərdə dəyişiklik məhdud olacaq, çünki onların bir neçəsi əsas rola malikdir və biz bu hissələrin üstünlüklərindən imtina etmək fikrində deyilik”.