Çinin gəmi əleyhinə raketləri: Hərbi Dəniz Qüvvələrimiz üçün nələri əldə etmək lazımdır? - HƏRBİ ESKPERT (I YAZI)

  • 31 Oktyabr 2019

Azərbaycan Müdafiə nazirinin həm keçən il, həm də bu il ziyarət etdiyi Çin şirkətlərinin məhsulları barədə Ordu.az-da dərc edilən məqalə sahil mühafizə sistemlərinə və onların təchiz edildiyi raketlər mövzusuna yenidən qayıdılması zərurətini yaratdı. Həqiqətən də Azərbaycan Xəzərdən mümkün ola biləcək təhdidləri qarşılamaq üçün sahil mühafizə sistemləri əldə etməlidir. Lakin Qarabağ istiqamətinin təchizatı daha prioritet hesab edildiyindən, dəniz və sahil mühafizə vasitələrini daha diqqətlə araşdırmaq və ən uyğun gələn istehsalçıdan şəraitimizə uyğun olan silah sistemlərini əldə etmək imkanlarını qazanmışıq. Davamlı olaraq nümayəndə heyətlərinin Çin şirkətlərini ziyarət etməsi, bu şirkətlərin ölkəmizdə keçirilən sərgilərdə davamlı iştirak etməsi, yüksək səviyyədə keçirilən ikitərəfli görüşlər və s. imkan verir ki, Hərbi Dəniz Qüvvələrimizin gələcək təchizatında yer ala biləcək gəmi əleyhinə raket kompleksləri arasında Çin məhsullarına da rast gələk.

 

Təbii ki, Çin müdafiə Sənayesi digər ölkələrə nisbətən mətbuata daha qapalıdır. Buna baxmayaraq, bəzi açıq mənbələrdə Çin məhsulları haqında məlumatlar əldə etmək mümkündür. Təqdim edilən məqalə 3 hissədən ibarət olacaq.

Məqalənin birinci hissəsi Çinin P-15, SY-1, YJ-6, SY-2, HY-1, HY-2, HY-2G, HY-4, HY-41, YJ-61, YJ-63, HY-3 və FL-7, ikincinci hissəsi YJ-8, KD-88, YJ-81, YJ-82, YJ-83, YJ-7, TL-6, TL-10, YJ-91 və YJ-12, üçüncü hissəsi isə YJ-62, YJ-18 və CX-1 kimi müasir gəmi əleyhinə raketlərə həsr ediləcək. Son hissədə adı çəkilən silah sistemlərinin Azərbaycan Hərbi Dəniz Qüvvələrinin silahlanmasında istifadə ehtimalı mövcud olduğu üçün, onlara daha geniş diqqət yetiriləcək. Beləliklə, Çinin əsas gəmi əleyhinə raketlərinin yaranması, təyinatı, istifadəsi və TTX-sı ilə qısaca, əldə edəcəyimiz ehtimal edilən sistemlərlə isə daha ətraflı tanış ola bilərsiniz.


Hər bir ölkənin Silahlı Qüvvələrinin quruluşu, onun yerləşdiyi coğrafi ərazidən, qonşularla münasibətlərindən, mövcud reallıqlar nəzərə alınaraq qəbul edilən ölkənin hərbi doktrinasından və təhlükəsizlik konsepsiyasından asılıdır. Çinin təhlükəsizlik konsepsiyasının əsas elementlərindən biri, bəlkə də birincisi HDQ-nin sahil mühafizə qüvvələri hesab edilir. Çinin Xalq Azadlıq Ordususunun 240 min nəfərdən ibarət Hərbi Dəniz Qüvvələri üç donanmadan ibarətdir. Hər bir donanma özünün dəniz piyada, suüstü və sualtı gəmi, sahil mühafizə və hərbi dəniz aviasiya hissə və birliklərinə malikdir. Hazırda əlavə olaraq 7 briqadan ibarət yeni dəniz piyada korpusu yaradılır. Çin hərbi rəhbərliyi hazırda əsas təhdidlərin dənizdən ola biləcəyini bildirir. Buna görə də Çin HDQ-yə, onun sahil mühafizə komponentinə xüsusilə diqqətlə yanaşır. Çin rəhbərliyi sahil zonasına 600-1000 dəniz mili məsafədəki əraziləri aid edir. Ölkənin hərbi rəhbərliyi isə bu akvatoriyanı sahil raket artilleriya qurğuları vasitəsilə tam nəzarətdə saxlamaq üçün müvafiq uzaqmənzilli və idarəolunan silah nümunələrinin hazırlanmasına ciddi səylər göstərir. Çinin yeni aviadaşıyıcıları, göyərtə qırıcıları və yeni dəniz piyada korpusu, ölkənin artıq okeanlarda özünü qlobal güc kimi təmsil etməyə hazırlaşdığına işarə edir.

Ötən əsrin 60-cı illərinin ikinci yarısına qədər Qərb dəniz mütəxəssislərinin əksəriyyəti idarə olunan gəmi əleyhinə raketləri dənizdə silahlı mübarizənin effektiv vasitəsi hesab etmirdilər. Lakin sonradan ABŞ və SSRİ mütəxəssisləri sahil mühafizə qüvvələrini gəmi əleyhinə raketlər, sualtı qayıqlar, esmineslər və aviasiya ilə təmin etməyə başladılar. İlkin nümunələr bir sıra parametrlər baxımından mükəmməl olmasa da, 1967-ci ildə baş verən Ərəb-İsrail silahlı qarşıdurması zamanı gəmi əleyhinə raketlərin uğurlu istifadəsi bu sahənin canlanmasına səbəb oldu.

Təbii ki, dünyanın ən böyük insan resursuna malik ölkəsi olan Çin də bu prosesdən kənarda qala bilməzdi.

P-15

Kütləvi istehsal edilən gəmi əleyhinə raketlər arasında arasında P-15 ilk modifikasiya hesab edilirdi. Atəş məsafəsi qırx kilometrə çatan raket ikikomponentli maye yanacaqlı reaktiv mühərriklə, radiolokasiya və ya termal özütuşlanan başlıq, avtopilot, barometrik və ya radioaltimetr avtonom idarəetmə sisteminə malik idi. Bu isə uçuş yüksəkliyini yer və ya su səthindən 100-200 metr yüksəkdə saxlamağa imkan verirdi. 480 kiloqram ağırlığında fuqas-kumulyativ döyüş başlığı 3000 tondan çox sututumuna malik döyüş gəmilərini məhv etmək üçün nəzərdə tutulurdu.


P-15 raketləri 183R layihəli katerlərlə birlikdə çox sayda bir neçə ölkəyə ixrac edilib. Onlar Əlcəzair, Misir, Kuba, Şimali Koreya və İndoneziya hərbi dəniz qüvvələrinin silahlanmasında indi də mövcudur.

70-ci illərin birinci yarısında Nanchang şəhərindəki 320 nömrəli Aviasiya Zavodunda yeni P-15M raketinin seriya istehsalı başlandı. İstehsalı prosesinə "Mədəni İnqilab" tərəfindən ciddi şəkildə maneə törədildi. Ziyalılara qarşı edilən repressiyalar və o dövrdə istehsal mədəniyyətinin ümumi tənəzzülü, Çinin müasir silahların yaradılması sahəsindəki imkanlarını ciddi şəkildə məhdudlaşdırdı.

SY-1

ÇXR-də sonradan P-15 raketlərini SY-1 olaraq təyin etdilər. Əvvəlcə SY-1 raketlərinin istismarı böyük çətinliklərlə qarşılaşdı, həmin dövrdə çinlilərin bu sahə üzrə təcrübə, bilik və istehsal mədəniyyəti kifayət qədər yüksək deyildi, məhsulun istehsal keyfiyyəti də çox aşağı idi. Tez-tez yanacaq və oksidləşdiricinin sızması halları olurdu ki, bu da onların təması baş verdikdə alovlanırdı, bəzi hallarda partlayışa və böyük yanğına səbəb olurdu.


70-ci illərin sonlarında Çində inkişaf etmiş bir versiya - SY-1A gəmi əleyhinə raketi yaradıldı. Erkən modeldən əsas fərqləri yeni bir impulslu maneədən qorunan özütuşlanan başlıqdan və yeni radioaltimetrdən istifadə edilməsindən ibarət idi.

YJ-6

SY-1A raketinin modifikasiyasında yanacaq sızmalarından qurtulmaq və raketlərin doldurulmuş formada kifayət qədər uzun müddət saxlanılması imkanı əldə edildi. SY-1A raketinin saxlanması, daşınması, istifadəsinin etibarlılığı və təhlükəsizliyi onun bazasında uzaqmənzilli N-6 bombardmançılarının daşıdığı ilk Çin hava platformalı gəmi əleyhinə YJ-6 raketini yaratmağa imkan verdi. Gəmi əleyhinə raketlərin bu variantı artıq 100 km məsafədəki hədəfləri məhv edə bilirdi. Çin mütəxəssisləri tərəfindən hədəfi məhvetmə ehtimalı müdaxilə edilmədikdə 0.7 olaraq qiymətləndirilirdi.


SY-2

Əməliyyatın mürəkkəbliyini, kaustik oksidləşdirici və zəhərli yanacaqla işləyən raket mühərriklərinin istifadəsinin təhlükəli olduğunu nəzərə alaraq, Çin mütəxəssisləri sərt yanacaqlı mühərrikə malik SY-2 gəmi əleyhinə raket hazırladılar. Lakin SY-2 raketlərinin atəş məsafəsi 50 km-dən çox olmadı, bununla əlaqədar 80-ci illərdə turboreaktiv mühərrikli SY-2A gəmi əleyhinə raketlər yaratmağa cəhd edildi. Lakin Çin sənayesi üçün o dövrdə yüksək dərəcədə etibarlılığı olan kiçik ölçülü turbo mühərrik istehsalının inkişafı çətin bir vəzifə idi. Buna görə sadə və ucuz maye yanacaqlı raket mühərriklərinin yeni modifikasiyalarının inkişafı və istehsalı da davam etdirildi.

HY-1

Çin gəmi əleyhinə raketlərinin sonrakı inkişafı HY-1 seriyalı raketlərin yaranmasına səbəb oldu. Bu layihədə əsas diqqət döyüş başlığının gücünün, özütuşlanan başlığın müdaxiləyə qarşı davamlılığının, uçuş sürətinin və məsafəsinin artırılmasına yönəldildi. Ümumiyyətlə, Çin mütəxəssisləri raket istehsalında SSRİ-nin yolunu gedirdi, lakin P-15 ailəsinin gəmi əleyhinə raketlərinin inkişaf etdirilməsində daha irəli getmişdilər.


HY-1 raketləri, 051 layihəli Çin esmineslərinə yerləşdirildi. Yeni aktiv radiolokasiyalı özütuşlanan başlıqlara malik HY-1J və HY-1JA versiyaları da hazırlandı. Bu tip raketlər ağırlığı 500 kq-dan çox olan döyüş başlığı daşıyırdı. Raketin gəmidən və ya yerdən atıcı qurğudan buraxılışı sərt yanacaq sürətləndiricisindən istifadə edilməklə həyata keçirilirdi, raketin marş mühərriki isə artıq havada, etibarlı məsafədə fəaliyyətə başlayırdı. Bu üsul raketlərin istifadəsinin təhlükəsizliyini xeyli dərəcədə artırdı.

HY-1 tuşlama sisteminin modernləşdirilməsi və həndəsi ölçülərin artırılması HY-2 raketlərinin yaradılmasına səbəb oldu. Daha böyük həcmli yanacaq çənləri sayəsində uçuş məsafəsi 100 km-ə qədər artdı. Lakin çən tutumunun artması, raketlərin ölçülərini artıraraq onların gəmi atıcı qurğularına yerləşdirilməsini mümkünsüz etdi. Bu səbəbdən HY-2 ailəsinin gəmi əleyhinə raketləri yalnız sahil raket sistemlərində istifadə edildi.


HY-2A raketlərinin modifikasiyaları infraqırmızı, HY-2B və HY-2G monoimpulslu radiolokasiya, HY-2C isə televiziya tuşlama sistemi ilə təchiz olunur. Monoimpulslu radiolokasiya tuşlama başlığın ələ keçirdiyi hədəfin məhv edilmə ehtimalı 0.9 olaraq qiymətləndirildi.

HY-2G modifikasiyasında təkmilləşdirilən radioaltimetrin və proqramlaşdırılabilən nəzarət mexanizminin istifadəsi raketə dəyişkən uçuş profilindən istifadə etməyə imkan verdi.

HY-4

Çində kiçik ölçülü WS-11 turboreaktiv mühərrikin yaradılması, onları yeni HY-4 zenit raketlərində tətbiq etməyə imkan verdi. Çin WS-11 mühərrikləri ABŞ-ın Vyetnam Müharibəsi zamanı AQM-34 kəşfiyyat PUA-larına quraşdırdığı "Teledyne-Ryan CAE J69-T-41A" turboreaktiv mühərrikinin bənzəri hesab edilir.


1983-cü ildə Çin ordusunun silahlanmasına qəbul edilən 150 km-ə qədər uçuş məsafəsi olan HY-4 raketi, WS-11 turboreaktiv mühərriki ilə HY-2G raketlərinin idarəetmə və tuşlama sistemlərinin birləşməsidir. Bu mühərriklər bəzi Çin PUA-larında da istifadə edilib. Xarici görünüşünə görə, HY-4 raketi HY-2G-dən hava girişinin daha aşağıda yerləşməsi ilə fərqlənir. İxrac üçün nəzərdə tutulan HY-4 raketinin modifikasiyası C-201W təyinatını aldı.

HY-41


Raketin inkişaf etmiş bir modifikasiyası HY-41 təyin edildi. Çin mediasına görə, HY-41 komplekslərinə malik sahil raket divizionu hədəfləri uçuş profilindən asılı olaraq, 250-300 km məsafədə, +/- 85 dərəcə sektorda məhv edə bilər, bu isə bir kompleks tərəfindən 14000 kv. km dəniz akvatoriyasının mühafizə olunması demək idi.

YJ-61


80-ci illərin ortalarında Çinin HY-2 raketinin bazasında hazırlanan YJ-61 (S-611) dəniz qüvvələri tərəfindən sınaqdan keçirildi və silahlanmaya qəbul edildi. Hava platformalı raket daha az kütləyə malikdir və onun üzərində start gücləndiriciləri yoxdur. N-6 uzaq mənzilli bombardmançılar tərəfindən daşınan əvvəlki Çin maye yanacaqlı raket modelləri ilə müqayisədə, YJ-61 raketinin istifadəsi daha asan və təhlükəsiz idarə olunurdu. Atəş məsafəsi və hədəfi məhv etmə ehtimalı isə daha da artırıldı.

YJ-63

HY-4 gəmi əleyhinə raketin yeni versiyası 2002-ci ildə istifadəyə verilən YJ-63 (S-603) aviasiya raketi oldu. Bu turboreaktiv mühərriklə təchiz edilən ilk Çin "hava yer" raketi hesab edilir. YJ-63 həm yerüstü, həm də suüstü hədəfləri yüksək dəqiqliklə vurmağa qadirdir. Xarici görünüşünə görə yeni raket gəmi əleyhinə raketlərin əvvəlki modellərinin bir çox xüsusiyyətlərini saxladı, lakin quyruq hissəsində fərqli bir dizayna sahib oldu.

Uçuşun başlanğıc mərhələsində YJ-63 ətalətli sistem tərəfindən idarə olunur, orta hissədə peyk naviqasiya sisteminin siqnallarından istifadə edərək nizamlanır, son hissədə isə televiziya tuşlama sistemi işə düşür. 2005-ci ildə radioşəffaf və axımlı döyüş başlığına malik raketin bir variantı nümayiş olundu, böyük ehtimalla bu başlığın daxilində radiolokasiya tuşlama sistemi yerləşdirilirdi.


YJ-63 zenit raketinin atəş məsafəsi 180 km-dir, lakin uçuşun səsəqədər sürəti və böyük kütləsi raketin düşmənin hava hücumundan müdafiə sistemlərinə qarşı həssaslıq nümayiş etdirə biləcəyini ehtimal etməyə əsas verir.

Çin gəmi əleyhinə raketlərinin ilk nəsli arxaik görünüşünə baxmayaraq, hələ də ölkənin Dəniz Donanmasının sahil mühafizə hərbi hissələrinin silahlanmasında mövcuddur, onlardan bəzilərini isə uzaqmənzilli bombardmançılar daşıyır.

Lakin Çin donanmasının döyüş gəmilərində mövcud olan maye yanacaqlı köhnə raketlər demək olar ki, hamısı turboreaktiv və sərt yanacaqlı mühərriklərə malik müasir gəmi əleyhinə raketlərlə əvəz edilib.

Çinin hava hücumundan müdafiə qoşunlarının döyüş hazırlığını dəstəkləmək və yeni zenit-hava sistemlərini sınaqdan keçirmək üçün SY-2, HY-1 və HY-2 raketləri bazasında böyük sayda köhnə döyüş raketlərindən radio ilə idarə olunan hədəflər hazırlanıb. Çin P-15 raketləri Birma, Kuba, Şimali Koreya, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Sudan və s. ölkələrə ixrac edilib. Şimali Koreya və İran bu tip raketlərin yerli istehsalını da yaradıblar.

Qərbdə "Silk Warm" adı ilə tanınan Çin sahil mühafizə komplekslərinin gəmi əleyhinə raketləri İran-İraq müharibəsi və 1991-ci ildə Fars Körfəzi Müharibəsi zamanı aktiv istifadə edildi. Beləliklə, 1991-ci ilin fevral ayında ABŞ-ın USS "Missouri" (BB-63) linkoruna İraq tərəfindən 2 ədəd HY-1 raketi buraxıldı. Raketin birində tuşlama sistemi çalışmadı və o kursdan yayındı, digəri isə ingilislərin HMS "Gloucester" (D96) esminesindən buraxılan "Si Dart" zenit raketi tərəfindən məhv edildi.

HY-3

80-ci illərin ortalarında Çin mütəxəssislərinə məlum oldu ki, 1950-ci illərdə P-15 raketində tətbiq edilən texniki imkanlar artıq köhnəlib və modernləşdirmə potensialı tükənib. Bununla əlaqədar Çində səsdən sürətli sahil bazalı HY-3 (S-301) gəmi əleyhinə raketləri yaratmağa cəhd edildi.

Lakin bu cəhd çox da uğurlu alınmadı: kütləsi təxminən 3,5 ton olan raketin uzunluğu təxminən 10 metr oldu, bu isə onun daşınmasını və sahildəki raket kompleksinin maskalanmasını xeyli çətinləşdirirdi.

HY-3 raketində HY-2G raketlərinin döyüş başlıqları və tuşlama sistemləri istifadə edilirdi. Raketin buraxılması dörd sərt yanacaq sürətləndiricisinin köməyi ilə baş verirdi. Kerosinlə işləyən iki ədəd reaktiv marş mühərriki 1.8 Max sürətə çatdıqdan sonra işə düşürdü və raketi 2.5 Max-a qədər sürətləndirirdi. Atəş məsafəsi 150-180 km aralığında dəyişirdi, bu isə 10 metrlik raket üçün kifayət deyildi.

Həddindən artıq çəkisi və ölçüləri səbəbindən HY-3 raketindən geniş istifadə edilmədi və onların istehsalı eksperimental bir partiya ilə məhdudlaşdı.

FL-7


90-cı illərin əvvəlində FL-7 raketinin sınaqlarına başlandı. Nisbətən kiçik olan bu raket vasitəsilə səsdən yüksək sürətə nail olmaqla onlardan Z-8 helikopterlərində və JH-7 qırıcı-bombardmançılarda istifadə etmək nəzərdə tutulurdu.

Lakin müasir standartlara görə, 35 km-dən çox olmayan kiçik atəş məsafəsi və istismarı təhlükəli olan iki komponentli maye yanacaqlı mühərrikdən istifadə, Çin hərbi dəniz qüvvələrinin bu raketə olan maraqlarının itirilməsinə səbəb oldu.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev

Ordu.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır