Azərbaycanlı gənclər Huawei-də təcrübə keçəcək

  • 31 Oktyabr 2019

İnformasiya və kommunikasiya texnologiyaları üzrə dünya liderlərindən biri olan “Huawei” şirkəti “Seeds For The Future” korporativ layihəsini növbəti dəfə Azərbaycanda keçirib.

Chip.az bildirir ki, artıq bir neçə il ölkəmizdə “Huawei” tərəfindən keçirilən bu layihə İKT sektorunda çalışan istedadlı gənclərinin aşkar edilməsi və onların gələcəkdə “Huawei” ailəsinin bir hissəsi olmasında xüsusi rol oynayır.

Cari ilin 10 oktyabr tarixində keçirilən tədbirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Huawei” şirkətinin nümayəndələrindən ibarət olan münsiflər heyəti müsabiqədə iştirak etmiş 10 tələbəni seçib. 

Seçilmiş tələbələr təcrübə yığmaq, o cümlədən seminar və təlimlərdə iştirak etmək məqsədi ilə 15-günlük Çinə, “Huawei” şirkətinin baş ofisinə göndəriləcəklər.

Layihənin qalibləri: Bəylər Bayramov (ADA), Gülnarə Əliyeva (ADA), Ülvi Mehdiyev (ADA). Lalə Əsgərova (ADA), Leyla Abdulsəməd (ADNSU), Türkan Nəbiyeva (ADNSU), Kamil Əliyev (BMU), Fərid Həmidov (BANM), Tapdıq Məhərrəmli (BANM), Rəhman Abbaszadə (UNEC).

Tədbirdə çıxış etmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirin müavini Elmir Vəlizadə qalibləri təbrik edib və bildirib ki, İKT sektorunda çalışan bütün gənclərdən uğurlar gözləyir. 

“Seeds For The Future” layihəsi bir daha göstərir ki, “Huawei” Azərbaycan gənclərinə və tələbələrinə xüsusi diqqət göstərir və onların arasında ən istedadlılarını seçmək üçün bu tipli layihələri həyata keçirir.

“Huawei” Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriliyi ilə olan əməkdaşlıq çərçivəsində bu layihəni 2015-ci ildən başlayaraq keçirir və artıq bir çox Azərbaycanlı gənc bu layihənin iştirakçısı olub, “Huawei” kimi dünya nəhəngin iş üsulları ilə tanış olub, İKT üzrə biliklərini artırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır