Avropada Gaia-X adlı yerli bulud şəbəkəsi yaradılacaq

  • 30 Oktyabr 2019

Müasir dövrdə informasiya texnologiyaları inkişaf etdikcə bulud sistemlərinin əhəmiyyəti artır. Həssas məlumatların bu sistemlərə yüklənməsi həmin sistemləri təklif edən şirkətləri seçərkən də diqqətli olmağı tələb edir. Dünyada bulud şəbəkələri üzrə provayderlərin əksəriyyətinin ABŞ və Çin mənşəli olması son dövrlərdə Avropada yerli bulud şəbəkəsinin yaradılması məsələsini aktuallaşdırıb.

Chip.az AZƏRTAC -a istinadən, xəbər verir ki, Avropanın əksər ölkələri, xüsusilə də Fransa və Almaniya belə bir şəbəkənin yaradılmasında maraqlıdır. “Gaia-X“ adlanan layihə gələn ilin yazında təsis edilməli və provayderlərin fəaliyyətinə həmin ilin sonunda start verilməlidir. Avstriyanın Federal İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir ki, bu layihənin məqsədi Avropa ölkələri, şirkətlər və vətəndaşlar üçün Avropa informasiya infrastrukturunun növbəti nəslini inkişaf etdirməkdən ibarətdir.

Mütəxəssislər hesab edirlər ki, bu mühüm texnologiyanın qeyri-Avropa provayderlərinin dominantlığında olması uzunmüddətli dövrdə Avropa şirkətlərinə zərbə vura bilər. Hazırda dünyada getdikcə populyarlaşan bulud sistemləri üzrə bazar əsasən ABŞ-ın iki nəhəng şirkəti – Amazon və Microsoft arasında bölünüb.

Məlumatların gələcəyin əsas “xammalı“ olacağını nəzərə alaraq, bir sıra Avropa dövlətləri mövcud narahatlığı konkret nəticəyə çevirməkdə maraqlıdırlar. Süni intellekt və məlumatların analizi kimi sahələrdə əvəzedilməz rola malik bulud texnologiyalarına tələbat daim artmaqdadır. Buna görə də güclü, rəqabət qabiliyyətli, təhlükəsiz və etibarlı məlumat infrastrukturunun yaradılması günün tələbi kimi dəyərləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır