Yeni Bloq – Yeni Media adlı sosial media layihəsinə start verilib

  • 30 Oktyabr 2019

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər üçün “Yeni Bloq – Yeni Media” adlı sosial media layihəsinə start verilib.

Chip.az bildirir ki, layihə çərçivəsində 19-27 oktyabr 2019-cu il tarixlərində Binəqədi Gənclər Evində baş tutan təlimlərdə gənclərə təcrübəli təlimçilər tərəfindən bloqqerlik fəaliyyəti barədə ilkin anlayışlar, bloqların yaradılması və təkmilləşdirilməsi, həmin platformaların üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkələrin yaradılması, eləcə də gənc sahibkarların mövcud imkanlardan yararlanması, əqli mülkiyyətin qorunması istiqamətində nəzəri və praktiki təlimlər keçirilmişdir.

Təlimlər ərzində iştirakçıların bloqqerlik üzrə təlimçi Rəşad Əliyev, tanınmış vbloqqer Nərmin Knyaz, “Azxeber.com” informasiya portalının baş direktoru Əfsələddin Ağalarov və həmin platformanın baş redaktoru Hacıbəy Heydərli kimi ekspertlərlə görüşləri təşkil edilmişdir. Bu kimi görüşlər zamanı iştirakçılarla bloq yaratmaq mövzusu ilə yanaşı, “Virtual məkanda milli maraqlarımız” və “Bloqlar vasitəsilə maddi gəlir əldə etmək” mövzularında müzakirələr aparılmışdır.

Layihənin rəhbəri, “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin prezidenti Həsən Həsənlinin qeyd etdiyinə görə təlimlərin keçirilməsində məqsəd iştirakçılara yeni medianın, xüsusilə bloqların üstünlüklərini çatdırmaq, İKT-nin imkanlarından səmərəli istifadə istiqamətində nəzəri və praktiki biliklər vermək, eləcə də Bloq və VBloq xidmətlərindən daha faydalı istifadə bacarıqları aşılamaqdan ibarətdir.

Sözügedən layihə 15 noyabr 2019-cu il tarixinə qədər davam edəcək və ümumilikdə gənclərdən ibarət 500 nəfərlik auditoriyanı əhatə etməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır