NASA Plutonun Günəş sisteminin doqquzuncu planeti elan edilməsini təklif edib

  • 29 Oktyabr 2019

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Plutonun Günəş sisteminin doqquzuncu planeti elan edilməsini təklif edib.

Space.com portalının yayımladığı xəbərə görə, bu təşəbbüsü Vaşinqtonda keçirilən Beynəlxalq Aeronavtika Konqresində agentliyin direktoru Ceyms Braydenstayn irəli sürüb.

“NASA-nın rəhbəri olaraq mən Plutonun planet olduğuna inanıram” deyən Braydenstayn əlavə edib ki, bəzi astronomların qənaətinə görə, yalnız öz günəş orbitini təmizləyən göy cisimləri planet hesab edilə bilər. Onun sözlərinə görə, bu minvalla bütün planetləri cırtdan obyektlər kimi qiymətləndirmək olar, çünki onların heç biri öz orbitini tam olaraq təmizləmir. NASA-nın rəhbəri onu nəzərdə tutub ki, Günəş sistemindəki bütün planetlərin ətrafında asteroidlər mövcuddur. “Mən bu meyarı yersiz hesab edirəm, düşünürəm ki, planetlərin müəyyən edilməsində onların orbitin dinamikasında daim dəyişən parametrləri deyil, daxili dəyərləri nəzərə alınmalıdır”, -deyə Braydenstayn vurğulayıb.

Bu cür mübahisələrin 2016-cı ildə planetlərin təsbitinə necə təsir edəcəyi hələlik məlum deyil. Bir tərəfdən, NASA Plutonun planetlər cərgəsinə qaytarılması tərəfdarları üçün ciddi müttəfiqdir. Digər tərəfdən, onun təklifinin Beynəlxalq Astronomiya İttifaqı tərəfindən nəzərə alınıb alınmayacağı da məlum deyil.

Braydenstaynın qaldırdığı məsələ ətrafında astronomlar uzun illər mübahisələr aparıblar. 1930-cu ildə Amerika astronomu Klayd Tombonun kəşf etdiyi Pluton digər göy cisimləri – kometa, asteroid və ulduzlara bənzəmədiyi üçün planet adlandırılıb. Sonradan astronomlar meyarları sərtləşdirərək hesab ediblər ki, Günəşin orbitində yerləşən yetərincə böyük, öz qravitasiyası ilə sferik formasını qoruyub saxlayan və Günəşin ətrafında “təmiz” orbitdə olan göy cisimləri planet sayılmalıdır. 2005-ci ildə astronom Maykl Braun ölçüləri Plutona bənzəyən Erida adlı göy cismini kəşf edib. Onun da planet hesab edilməsi seçimi qarşısında qalan astronomlar 2006-cı ildə Plutonun planet statusunu ləğv ediblər. Beynəlxalq Astronomiya İttifaqı onu cırtdan göy cisimləri sırasına daxil edib.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır