Bakı elektrik stansiyasında təmir-bərpa işləri aparılır

  • 29 Oktyabr 2019

“Azərenerji” ASC regionlardakı elektrik stansiyalarında olduğu kimi, qoyuluş gücü 104,4 meqavat olan “Bakı” elektrik stansiyasında da “itirilmiş” gücün bərpa edilməsi, etibarlılığın və dayanıqlılığın artırılması istiqamətində təmir-bərpa işləri aparır.

Chip.az xəbər verir ki, ASC-dən verilən məlumata görə, ötən ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Bakı” elektrik stansiyasında mövcud 12 aqreqatdan biri ümumiyyətlə işləmirdi, qalan 11 aqreqat isə kəsirlə işləyirdi. İlin sonunda bütün aqreqatlarda “itirilmiş” güc bərpa ediləcək. Belə ki, yaranan problemi aradan qaldırmaq üçün ilin əvvəlindən aqreqatların ehtiyat hissələri sifariş edilərək gətirilib və sazlama işlərinə başlanılıb. 2015-ci ildən fəaliyyətini dayandıran bir aqreqat da daxil olmaqla son aylarda 7 aqreqat təmir edilib, 2 aqreqatda isə təmir işləri yekunlaşmaq üzrədir. İlin sonunadək digər 3 aqreqatda da təmir işləri yekunlaşdıqdan sonra stansiyada 20 meqavat “itirilmiş” güc bərpa olunacaq. Stansiyada enerjinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də kompleks işlər həyata keçirilib və stansiyadan çıxan 4 ədəd 110 kilovoltluq yüksəkgərginlikli hava xətlərindəki problemlər aradan qaldırılıb.

“Azərenerji” ASC “Bakı” elektrik stansiyası ilə yanaşı, “Səngəçal”, “Xaçmaz”, “Şəki”, “Astara” və “Şahdağ” modul tipli elektrik stansiyalarında, həmçinin “Azərbaycan” istilik elektrik stansiyası da daxil olmaqla ümumilikdə 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır