Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri konfransına məqalə qəbulu sabah başa çatır

  • 29 Oktyabr 2019

Azərbaycan İlahiyyat İnstitutu, Bakı Yunus Əmrə İnstitutu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda noyabrın 29-da keçiriləcək konfransa məqalə qəbulu sabah başa çatır.

Chip.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalələr oktyabrın 30-dək shamsbagirova@ait.edu.az və shahinalesgerov@ait.edu.az elektron poçt ünvanlarına göndərilməlidir. Məqalələrdə minimum söz sayı 1500 olmalıdır. Məqalənin adı, müəllifin elmi dərəcəsi və elmi adı (olduğu təqdirdə), müəllifin adı və soyadı, işlədiyi müəssisənin adı və tutduğu vəzifə (təhsil aldığı müəssisənin və fakültənin adı) səhifənin yuxarısında sağda göstərilməlidir. Məqalə giriş, yarımbaşlıqlar və nəticədən ibarət olmalıdır. 3 dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar sözlər yazılmalıdır.

Xatırladaq ki, konfransın məqsədi türk-müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələrin araşdırılması, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün bir platforma təşkil etməkdir.

Konfrans “Antik yunan və Roma filosoflarının əsərlərinin İslam mütəfəkkirlərinin yetişməsində rolu”, “Müsəlman Şərqində elmin inkişafına “Qurani-Kərim”in və ərəb dilinin təsiri”, “Bəşər sivilizasiyasının inkişafında türk-müsəlman alimlərinin rolu”, “Müsəlman dünyasında elmin inkişafında kitabxanaların rolu”, “Türk-müsəlman alimlərinin elm və texnologiyaya töhfələri araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Dəqiq, təbiət və humanitar elmlərin inkişafında türk-müsəlman alimlərinin xidmətləri”, “Türk-müsəlman alimlərinin elmi və fəlsəfi əsərlərinin dünya dillərinə tərcüməsi”, “Müasir dövrdə elm və texnologiyanın inkişafında türkdilli dövlətlərin rolu: prioritetlər və gözləntilər” istiqamətlərini əhatə edəcək.

Konfrans materialları kitab şəklində çap olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır