Yaponiyanın Rainbow Town FM 79.2 Tokyo radiosunda Azərbaycan haqqında veriliş yayımlanıb

  • 29 Oktyabr 2019

Yaponiyanın “Rainbow Town FM 79.2 Tokyo” radiosunda yayımlanan növbəti verilişdə Azərbaycan haqqında da geniş danışılıb.

Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, radionun qonağı olan “Cross Border Club” şirkətinin baş meneceri Kazuyasu İşida rəhbərlik etdiyi təşkilatın yapon iş adamlarının dünyanın inkişaf etməkdə olan ölkələri ilə əlaqələrinin qurulması istiqamətində fəaliyyətindən bəhs edib. Şirkətin xətti ilə dünyanın bir çox ölkələrinə, o cümlədən son illər dünyada “İkinci Dubay” kimi tanınan Azərbaycan paytaxtı Bakı şəhərinə səfərləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, müstəqilliyini cəmi 28 il əvvəl bərpa etməsinə baxmayaraq, zəngin karbohidrogen ölkələrinə malik olan Azərbaycan ölkə rəhbərliyinin dərindən düşünülmüş siyasəti nəticəsində böyük uğurlara imza atıb. Bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında xüsusi yer tutur.

Verilişdə Azərbaycanın coğrafi mövqeyi, təbiəti, qədim və zəngin mədəniyyəti, müasir turizm potensialı barədə yapon dinləyicilərə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin xarici investisiyaların cəlb edilməsi istiqamətində yeritdiyi siyasət, apardığı islahatlar bu ölkəyə sərmayələrin qoyulması üçün əlverişli şərait yaradıb. Yapon iş adamları “Cross Border Club”ın vasitəsilə bu ölkəyə səfərlərdə fəal iştirak edərək burada əlaqələr qurublar və həmin iş hazırda da davam etdirlir. İndiyədək 1000-ə yaxın yapon iş adamının Azərbaycana səfərinin təşkil olunduğunu, Bakıda Yaponiya qida məhsullarının üç sərgisinin təşkil edildiyini xatırladan K.İşida gələn ilin iyununda da buraya növbəti səfərin planlaşdırıldığını qeyd edib. Bildirib ki, səfər çərçivəsində yapon iş adamalarının Bakı ilə yanaşı, Sumqayıt, Şəki və digər şəhərlərə səfərləri də nəzərdə tutulur.

Azərbaycanın iqtisadi əməkdaşlıq üçün çox əlverişli məkan olduğunu xüsusi qeyd edən K.İşida yapon iş adamlarını həmin səfərə qoşulmağa dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır