ATMU-nun nümayəndələri İsveç Kral Texnologiya İnstitutunda təlimdə iştirak ediblər

  • 28 Oktyabr 2019

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri İsveçin Kral Texnologiya İnstitutu tərəfindən ali təhsildə təkmilləşdirilmiş tədris metodları mövzusunda təşkil olunmuş təlimdə iştirak ediblər. Ali təhsil sahəsində çalışan peşəkarlar üçün nəzərdə tutulmuş təlim Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihə çərçivəsində baş tutub. Beynəlxalq səviyyəli təlimdə Azərbaycan universitetləri ilə yanaşı, Çin, Yaponiya, Braziliya, Argentina, Çili, Kolumbiya və digər ölkələrin ali təhsil sahəsində fəaliyyət göstərən nümayəndələri də iştirak ediblər.

Təlimdə ATMU-nu universitetin rektor müşaviri Elvin Yusifli və Tədris-metodiki şöbənin müdiri Simnar Mamedov təmsil etmişlər. Təlimin əhəmiyyəti barəsində danışan Elvin Yusifli bildirib ki, Kral Texnologiya İnstitutu (KTİ) tədris metodologiyaları sahəsində innovasiyaları təşviq edən qabaqcıl Avropa universitetlərindən biridir və beynəlxalq səviyyədə tanınan “CDIO” (“Conceive-Design-Implement-Operate”) təşəbbüsünü irəli sürüb. İlk dəfə mühəndislik ixtisası ilə əlaqədar tətbiq edilmiş “CDIO” konsepsiyasının əsas ideyası tədris strategiyalarının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) və sənaye təcrübəsinə uyğunlaşdırılması, təhsil prosesində tələbələrə qlobal çağırışlara cavab verən problem həll etmə bacarıqlarının aşılanmasıdır. Elvin Yusifli qeyd edib ki, sözügedən tədris modelinin üstünlüklərindən biri təlim prosesi və öyrənmə motivasiyasına fərqli, daha konstruktiv yanaşma tətbiq etməsi ilə bağlıdır. Belə ki, “CDIO” metodologiyası tələbələrin qarşılıqlı əməkdaşlığı və kooperativ iş üsulları üzərində qurulub. Tələbələr tədris prosesi boyunca bir-birlərinin fəaliyyətinə rəy bildirir, konstruktiv tövsiyələr verirlər və nəticədə, qazandıqları bilik və bacarıqlar barəsində tənqidi refleksiya etmək imkanı qazanırlar. Modelin digər özünəməxsus cəhəti odur ki, təlimin qiymətləndirmə predmeti tələbənin dərs müddətində öyrəndikləri deyil, öyrəndiklərini təlim nəticələrinə uyğun tətbiq edə bilmək bacarığıdır.

KTİ-də tədris proseslərinin DİM-ə uyğunlaşdırılması praktikasını şərh edən Simnar Mamedov bildirmişdir ki, İsveçin ali təhsil sahəsində rəqabət qabiliyyətini gücləndirən ən önəmli amil qlobal çağırışlara cavab verən təhsil proseslərinin mövcud olmasıdır. “CDIO” yanaşmasının təməlində sürətlə dəyişən ekoloji, iqtisadi və sosial reallıqları nəzərə alan və innovativ həll yolları irəli sürə bilən peşəkarlar yetişdirmək dayanır. Simnar Mamedov əlavə edib ki, İsveç universitetlərində Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində nəzərdə tutulmuş məqsədlər təhsil proqramlarının, o cümlədən sillabusların mənimsəmə nəticələrinin hazırlanmasında əsas istiqamət kimi istifadə olunur. Bu səriştələr çoxşaxəli olub sistemli düşünmə, proqnozlaşdırma, normativ-etik təhlil, əməkdaşlıq, tənqidi düşüncə və problemlərin inteqrativ həlli kimi bacarıqları ehtiva edir.

ATMU-da həyata keçirilən islahatların əsas məqsədi tələbə yönümlü ali təhsilə keçidin sürətləndirilməsidir. Bu məqsədlə təlimdə qazanılmış təcrübələrin ATMU-nun təhsil strategiyalarının təkmilləşdirilməsi üçün istifadə edilməsi nəzərdə tutulub.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır