Gənc müəllimin layihəsi şagirdlərə kosmosu bu cür sevdirəcək- Qrant möcüzələri

  • 26 Oktyabr 2019

“Astronomiyanın ayrıca fənn kimi təhsil proqramına daxil edilməsi layihənin nəticələrindən biri olacaq”.

Bu sözləri Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsində “Məktəblilərarası Astronomiya Olimpiadası” layihəsinin qalibi Abdulla Bazarov deyib.

O, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzində fizika müəllimi olaraq çalışır.

“Olimpiada Bakı Şəhər ümumtəhsil müəssisələrinin IX-X sinif şagirdləri arasında keçiriləcək. Layihənin məqsədi şagirdlər arasında Azərbaycanda Astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyanın daha geniş yerə sahib olması üçün, cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsidir.

Dərs keçdiyim şagirdlərin astronomiyaya xüsusi maraqları var idi. Amma dərs vəsaitləri onları qane etmirdi. XXI əsrin kosmos əsri olduğunu da qəbul etsək, bu sahədə  çox işlərin görülməsi vacibdir. Əgər şagirdlər arasında rəqabət formalaşsa,  nəticəsində bilik tələbatı yaranacaq. Bu tələbatı görən mütəxəssislər də, dərsliklərə daha çox material əlavə edəcək. Astronomiyanın ayrıca fənn kimi təhsil proqramına daxil olması da mümkün nəticələrdən biridir. Bütün bunları düşündükdən sonra “Məktəblilərarası Astronomiya Olimpiadası” nı keçirməyi qərarlaşdırdım. Bu sahənin mütəxəssislərinin də razılığı və fikirləri ilə, layihəni Təhsil Nazirliyinin elan etdiyi İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinə təqdim etdim və dəstəkləndi.

Layihənin digər təşkilatçıları AMEA-nın Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Bakı Dövlət Universiteti və Tusi-Bohm Planetariumudur”.

Qeyd edək ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsində qalib layihələrin bir çoxunun icrasına artıq başlanılıb.

Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə, 6 mövzunu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi - əhatə edir. 

AzEdu.a Şükufə Süleymanlı

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır