Qrant möcüzələri – Ucqarlarda teatr truppası və robot mərkəzi yaradan müəllimlər

  • 24 Oktyabr 2019

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib layihələrin bir çoxunun icrasına artıq başlanıb.

Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə, 6 mövzunu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi - əhatə edir. 

“Layihə uşaqlarda teatr və incəsənətə böyük həvəs yaratdı”

Qazax rayon İslam Nəsirov adına Aşağı Əskipara kənd tam orta məktəbinin direktoru Yaşar Əliyev “Məktəb və Teatr” layihəsi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə  III qrant müsabiqənin qalibi olub.

Chip.az onun, AzEdu.az–a verdiyi açıqlamasınını təqdim edərək bildirir ki,  Yaşar Əliyevin bu layihəni yaratmaqda əsas məqsədi regionlarda teatrı inkişaf etdirməkdir.

“Teatrlarımızın çoxu mərkəz ərazilərdə və paytaxtda yerləşir. Biz istədik ki, şagirdlərin teatra marağını artıraq və onların dünyaya baxışlarını dəyişək. Nəticə olaraq,  layihəmizi Təhsil Nazirliyinə təqdim etdik və qalib olduq.

Nəsimi ili ilə əlaqədar bir çox şair və mütəfəkkirlərə həsr olunan teatr tamaşaları məktəbimizdə nümayiş olunub. Bu da uşaqlarda teatr və incəsənətə böyük həvəs yaratdı. Biz layihədə bir tamaşa ilə təmsil olunduq. Bu da uşaqların həvəsini daha da artırdı.

Hazırda şagirdlərlə bərabər “Hacı Qara” əsərini səhnələşdiririk. Burada 8-11-ci sinif şagirdləri iştirak edəcək.

Bizim tədris müəssisəsi məcburi köçkün məktəbi olduğu üçün biz teatr və bir çox mədəniyyət nümunələrindən istifadə edə bilmirdik.2016-cı ildən məktəbimizin yeni tədris binası istifadəyə verildi. Burada bütün şəraitlər yaradılıb.

Biz bu layihə ilə demək istədik ki, məktəbimiz heç də inkişaf edən təhsil müəssisələrindən  geri qalmır.

Bir çox təkliflər var idi. Lakin uşaqlar bu layihəni sevdiyi üçün biz onu reallaşdırmaq qərarına gəldik. Şagirdlərə səhnədə olmaq, tamaşaçı tərəfindən alqışlanmaq çox sevindirici gəlirdi.

Biz layihəni uğurla başa çatdırdıqdan sonra teatr truppası yaratmaq istəyirik. Bu truppaya bütün Qazax rayonunun şagirdlərini əlavə etmək niyyətindəyik. Hədəfimiz regionlara çıxmaq və teatr tamaşaları göstərməkdir. Həmçinin, məktəblərdə  istedadlı şagirdləri yığıb, Teatr truppası yaratmaq istəyirik. Yəqin ki, ilk belə addımı  biz atmış olarıq.

Biz tamaşalarımızı dahi mütəfəkkir Mirzə Fətəli Axundov ilə başladıq. Çünki  o, milli dramaturgiyanın banisidir. Klassiklərdən başlayaraq müasir yazıçılarımızın əsərlərini səhnələşdirmək istəyirik”.

“Şagirdlər robotatexnikanı müəllimlərdən daha yaxşı qavrayırlar”.

Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbin Riyaziyyat və İnformatika müəllimi Çiçək Xəlilli Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində “Robotatexnika mərkəzi” layihəsi ilə qalib olub.

O, qeyd edib ki,  robototexnikaya olan marağı universitet illərindən formalaşıb:

“Mən bu layihəni uzun zamandır ki, həyata keçirmək istəyirdim. Lakin fürsət tapa bilmirdim. Qrant müsabiqəni gördükdən sonra düşündüm ki, bu fürsətdən yararlanmaq lazımdır.

Mən “İstedadlı müəllim” müsabiqəsində informatika müəllimi kimi 3-cü yerə layiq görüldüm. Bu da qrant müsabiqəyə həvəsimi daha da artırdı. Layihəni hazırlayıb, təqdim etdim. Təhsil Nazirliyi layihəni həyata keçirmək üçün müəyyən büdcə ayırdı.

Şəmkir robotatexnika mərkəzi adlı yer formalaşdırmışıq. Bura şagirdlər üçün çox maraqlıdır. Valideynlər üçün isə həddindən artıq fərqli məkandı. Hətta onlar gəlib övladlarının  dərslərini də izləyirlər. Gənc informatika müəllimləri də gəlib tədris prosesi ilə tanış olurlar. Ümid edirəm ki,  dekabr ayına qədər layihəni tam şəkildə formalaşdıra bilərik. Layihə düşündüyümdən də daha çox nəticə verir. Sonda  ən çox aktivlik göstərən şagirdlərin gələcəkdə yaxşı təhsil almaları üçün şərait yaradılacaq. Biz ayrılan büdcəyə uyğun olaraq iki robot dəsti ala bilmişik. İki qrupumuz var və 20 şagird üçün nəzərdə tutulub. Hər qrupda 10 şagird fəaliyyət göstərir. Hər robot dərsində 5 şagird  qrup formasında robot hazırlayır. Onlar əvvəlcə robotların kodlarını yazırlar. Sonra isə robotu düzəldərək, ona müxtəlif əmrlər verirlər.

Şagirdlər robotatexnikanı müəllimlərdən daha yaxşı qavrayırlar. Biz belə bu dərəcədə olacağını düşünmürdük. Onların yaşı azı olduğu üçün qavrama qabiliyyətləri də daha yüksəkdir.

Dekabr ayına qədər  robotun hərəkəti üçün əmrlər yazacağıq.

Şəmkir  ərazisində bu layihəni bütün məktəblərdə tətbiq etməyi düşünürəm. Təlimçilərimlə bərabər komanda şəklində  ən azı 3 məktəbdə robotatexnika mərkəzi yaratmağı düşünürəm”.

Chip.az

AzEdu.az Şükufə Süleymanlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır