Dünyanın avtomobil istehsalı sahəsində tanınmış şirkətləri gələcək üçün nəzərdə tutulan məhsullarını “Tokyo Motor Show - 2019” sərgisində nümayiş etdirməyə hazırlaşırlar.
Yaponiya Avtomobil İstehsalçıları Assosiasiyasına (JAMA) istinadla xəbər veririk ki, oktyabrın 24-də başlayacaq sərgi noyabrın 4-dək davam edəcək.
Xatırladaq ki, avtomobil həvəskarları tərəfindən böyük maraqla gözlənilən sərgi iki ildən bir keçirilir. Cari ildə sərgidə Yaponiyadan və xaricdən gəlmiş 180 avtomobil istehsalı şirkətinin iştirak edəcəyi gözlənilir.
Sərginin 2017-ci ildəkindən fərqli olaraq daha uzun müddət davam edəcəyi bildirilib ki, bu da avtomobil həvəskarlarına sərgi ilə daha ətraflı tanış olmağa imkan yaradacaq.
Bundan əlavə, ziyarətçiləri daha məmnun etmək üçün cari ildəki proqrama sərginin keçiriləcəyi “Tokyo Bigsite” sərgi mərkəzinin yaxınlığında yerləşən “Tokyo Waterfront City”də müxtəlif əyləncəli və xüsusi tədbirlər salınması da nəzərdə tutulub.
Oktyabrın 25-dən ictimaiyyət üçün açıq olacaq sərgidə yüngül, kommersiya xarakterli avtomobillər, motosiklеtlər, avtomobillər üçün kuzovlar, ehtiyat hissələri, alətlər və digər xidmətlər ziyarətçilərə təqdim ediləcək.
Chip.az
Azərtac