Robot funksiyalı süni orqanlar, protez gözlər düzəldən Bakı məktəbliləri - STEAM dünyasından reportaj

  • 18 Oktyabr 2019

Oktyabrın 16-da STEAM layihəsinin tətbiq olunduğu Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyaya mediatur təşkil edilib.

Mediaturun məqsədi gimnaziyada STEAM fənninin tədrisi ilə bağlı media nümayəndələrini məlumatlandırmaq, onları bu ildən pilot olaraq həyata keçirilən STEAM layihəsi çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.

STEAM layihəsinin rəhbəri və Təhsil İnstitutunun əməkdaşı İqrar Novruzov söyləyib ki, STEAM-ın keyfiyyətli şəkildə tətbiq edilməsi şagirdlərin təhsil səviyyəsinin artmasına yaxından kömək edəcək:

“Düşünürəm ki, STEAM layihəsi  qəbul edilən problemin analizi, arqumentləşdirilməsi və onun bir ideya kimi formalaşdırılması istiqamətində böyük işlərə imza atacaq. Bu prosesdə tətbiq olunan metodologiyalar  yenilər. Bu da fənlərarası inteqrasiya prosesinə öz töhfəsini verir. Layihənin əsasında dayanan konsepsiya və metodologiyaların əsasını inteqrativ öyrənmə təşkil edir.

Hazırda layihə 40-dan çox məktəbi əhatə edir. Eyni zamanda 6000 çox şagirdi özündə birləşdirir. Layihə növbəti ildən etibarən bölgələrimizdə də tətbiq edilməyə başlanılacaq. Hədəf olaraq 20 mindən çox şagirdi əhatə etməsi planlaşdırılır.

Layihə hazırda tədris planına əlavə olunub. Həftədə iki saat olmaqla 6-cı siniflərdə tədris edilir. Layihənin tədris planı tərtib edilib. Müəllimlər və şagirdlər üçün dərsliklər hazırlanıb. Layihənin tətbiqi şagirdlərdə yeni bacarıqların formalaşmasına gətirib çıxarıb. Bu layihə tətbiq olunarkən şagirdlərin mühəndislik  bacarığı əsas götürülür. Proyektin maraqlı tərəfi ondan ibarətdir ki, şagird öz ideyaları ilə müəllimə müraciət edir. Onlarda həmin layihəni qiymətləndirirlər. Şagird istədiyi nəticəni əldə edə bilmirsə, bu, onun uğursuzluğu hesab edilmir. Bu müəllim tərəfindən ona düzgün şəkildə aşılanır ki,  şagird bu aldığı uğursuz nəticəni  yeni bir fürsət olaraq qiymətləndirsin”.

“Fizika ixtisasını seçən abituriyent iki naqili bir-birinə birləşdirə bilmirdi”

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın informatika müəllimi Nərmin Ərəbova STEAM layihəsinin tətbiq edilməsi haqqında fikirlərini bölüşərək, şagirdlərin STEAM-a çox həvəslə yanaşdıqlarını qeyd edib:

“Bu ildən etibarən 6-cı siniflərə STEAM dərsi tədris edilir. Onlar komanda şəklində layihələr hazırlayaraq bunu təqdim edirlər. Əvvəllər yüksək bal toplayan abituriyentlərin texniki və praktiki istiqamətdə bilikləri olmurdu. Fizika ixtisasını seçən abituriyent iki naqili bir-birinə birləşdirə bilmirdi. İngilis dilindən 25 yazan abituriyentlər  səlis şəkildə  danışa bilmirdilər. Buna görə də biz əvvəlcə uşaqlarda praktiki bilikləri formalaşdırdıq. Hazırda şagirdlər robotlar düzəldirlər. Onlar yeni nəsil kompüterlərlə işləyirlər. Uşaqların qavrayışı müəllimlərdən də yaxşıdır. Şagirdlər o dərəcədə inkişaf edirlər ki, biz onlardan nəsə öyrənməyə çalışırıq. Uşaqlar gələcəkdə öz robotlarını hazırlayacaqlar. Artıq vətəndaşlarımız xarici ölkələrə üz tutub onların markalarından istifadə etməyəcəklər. Yerli markalarımız istehsal olunacaq və bu da bizə çoxlu gəlir gətirəcək.

Robotları düzəltdikdən sonra biz proqramlarımız  vasitəsi ilə mikrobitlərimizi ötürürük, bu da robotlarımızı hərəkətə gətirir”.

Burada  müxtəlif fənləri inteqrasiya edib vəhdət şəklində təqdim edirik.

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın informatika müəllimi  Sucan Əsgərova STEAM-ın uşaqlarda böyük həvəs yaratdığını qeyd edib.

“STEAM 5 biliyin vəhdətidir. Bunlar bilik, texnologiya, mühəndislik. incəsənət və riyaziyyatdan ibarətdir. Burada bütün fənlər inteqrasiya edir. Biz bir fənnə köklənmirik. Burada  müxtəlif fənləri inteqrasiya edib vəhdət şəklində təqdim edirik. Uşaqlar əvvəlcə mövzunu araşdırırlar sonra isə  mühəndislik və riyaziyyat bacarıqlarından istifadə etməklə robotu tərtib edirlər.

Dərs şagirdlər üçün çox maraqlı keçir. Onlar istəyirlər ki, bütün günü bu dərslə məşğul olsunlar. Valideynlər də çox həvəslə yanaşırlar. Onlar zəng edərək bu layihənin necə maraqlı olduğunu qeyd edirlər.

STEAM layihəsi ilə bağlı biz sentyabrda 14 günlük  təlimlərə çağırıldıq. Orada çox yüksək səviyyədə təlimlərdə iştirak etdik. Bütün proqramlarda işləməyi bizə aşıladılar”.

“Mən süni orqanlar yaradıram. Bu orqanlar vasitəsi ilə xəstə olan insanlara transplantasiya prosesini həyata keçirmək mümkün olacaq”

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın 6-cı sinif şagirdi Nihal Məhərrəmov STEAM-la bağlı fikirlərini bölüşüb.

“STEAM layihəsi mənə  yeni bacarıqlar yiyələndirdi. Bu layihə çox maraqlı təşkil olunub.Onun vasitəsi ilə gələcək  haqqındakı təsəvvürlərimi genişləndi. Mən gələcəkdə həkim kimi fəaliyyət göstərmək istəyirəm.

Burada biz TİNKER CARD proqramı vasitəsi ilə əşyalar düzəldib, onu 3D printer vasitəsi ilə çapa veririk. Mən süni orqanlar yaradıram. Bu orqanlar vasitəsi ilə xəstə olan insanların transplantasiya prosesini həyata keçirmək mümkün olacaq. Bu da gələcək həyatda bir çox tibbi problemləri aradan qaldırmağa kömək edəcək.

İnsanlar səbirsiz ola bilərlər. Amma robotlar elə deyil. Onlar bizim bir çox problemlərimizi həll etməyə böyük yardımçı olacaqlar.

 

Bu şəraiti bizə yaratdıqları üçün məktəb rəhbərliyimizə təşəkkürümü bildirirəm. Həddindən artıq maraqlı olan bu layihə ümid edirəm ki. gələn ildən etibarən bütün siniflərə  şamil ediləcək”.

Gələcəkdə həkim olmaq istəyirəm. STEAM-dan istifadə etməklə tibb elminə yeniliklər gətirməyi düşünürəm.

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın 6-cı sinif şagirdi Alina Sofiyeva  STEAM layihəsi vasitəsi ilə fərqli biliklər əldə etdiyini qeyd edib.

“TİNKER CARD proqramı vasitəsi ilə məktəblilərə lazım olan bir çox vasitələr hazırlamışam. Bu yeni texnologiyalar vasitəsi ilə məktəblərdə tədris prosesi asanlaşdıracaq. Layihədə  şəkillər çəkərək proqram vasitəsi ilə onu dizayn edir və nəticədə yeni robotlar yaradırıq.

Gələcəkdə həkim olmaq istəyirəm. STEAM-dan istifadə etməklə tibb elminə yeniliklər gətirmək düşünürəm”.

“Hamımızın məqsədi  texnologiyanı inkişaf etdirməkdi”

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın 6-cı sinif şagirdi Tunar Nəbizadə  STEAM-la bağlı fikirlərini bölüşüb:

“Layihədə olmaqda məqsədim ölkəmizin elmi biliklərini və texnologiyasının inkişafında rol oynamaqdı. Hamımızın məqsədi  texnologiyanı inkişaf etdirməkdi. Bu yolda bizə dəstək olan hamıya təşəkkürümü bildirirəm.

Mən burada robotların düzəlməsinə kömək edirəm. Hamımız qrup olaraq işləyirik. İnsanın məqsədi varsa, onun arxasınca getməlidir. İnanın ki, alınmayacaq heç bir şey yoxdur. İki qrupumuz  mövcuddur”.

Biz burada müxtəlif  orqanlar düzəldə bilərik. Onlar sağlamlıq problemləri olan insanlara böyük yardımçı ola bilər.

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın 6-cı sinif şagirdi Fatimə Əbdürrəhmanova  STEAM-la bağlı fikirlərini ifadə edib.

“STEAM dərsində biz TİNKER CARD proqramından istifadə etməklə müxtəlif əşyalar düzəldirik. İnsanların ehtiyacını ödəməyə yönümlü robotlar hazırlamağı düşünürük. Bu dərsi öyrənməkdə əsas məqsədim odur ki,  böyüyəndə daha böyük robotlar hazırlaya bilim. Biz burada müxtəlif  orqanlar düzəldə bilərik. Həmin robotlar  sağlamlıq problemləri olan insanlara böyük yardımçı ola bilər. Xəstələri kritik vəziyyətlərdən çıxarmağa yardımçı ola bilər. Bu tibb sahəsində də yenilik yaradacaq.

Gələcək hədəfim isə astronom olmaqdı. Günəş sistemi üzərində tədqiqatlar aparmaq istəyirəm. Yeni bir planet kəşf etməyi düşünürəm”.

Göz problemi yaşayan insanlar üçün protez gözlər yaratmaq istəyirəm.

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın 6-cı sinif şagirdi Nihal Abdullayev STEAM-la bağlı fikirlərini bölüşüb.

“Bizə ikinci günlər STEAM və 5-ci günlər isə informatika dərsləri keçirilir.Biz TNKER CARD proqramında  əşyanı formalaşdırıq.Onu həndəsi fiqurlarla yaradırıq.Lakin bunu etmək üçün biz əvvəlcə proqramı bilməliyik.Burada müxtəlif obyektlər düzəltməklə bacarıqlarımızı genişləndirik.Mənim layihədəki vəzifəm müxtəlif fiqurlar formalaşdırmaqdı.

Gələcəkdə iki yerdə işləmək istəyirəm.Həm komputer mühəndisi, həm də həkim olmaq istəyirəm.

Göz problemi yaşayan insanlar üçün protez gözlər yaratmaq istəyirəm.

Danışa bilməyən insanlar üçün isə qurğu formalaşdırmaq istəyirəm ki, onlar rahat şəkildə ünsiyyət saxlaya bilsinlər.

Fiziki məhdudiyyətli insanlar üçün protez əl və ayaqlar yaratmaq istəyim. Bununla da  onlar rahat şəkildə işlərini görə biləcəklər”.

“Ayağı və əlləri olmayan insanlara protez əl və ayaq düzəldib, tibb aləminə yeniliklər gətirmək istəyirəm.

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın 6-cı sinif şagirdi Elşad Məmmədli  STEAM-la bağlı fikirlərini bölüşüb.

“Əvvəllər elə düşünürdüm ki, heç  vaxt robot düzəldə bilməyəcəm. Bu mənə çox çətin bir proses kimi gəlirdi. Sonra internetdən robotlar haqqında məlumatlar əldə etdim və bu mənə çox maraqlı gəldi. Lakin indi mən özüm robot texnologiyasını öyrənirəm. Bu cür layihələrə önəm verdiyi üçün məktəbimizə təşəkkürümü bildirirəm.

Mənim layihədəki vəzifəm ondan ibarətdir ki. detalları tapıb dostlarıma verirəm. Asan robotlar olanda bunu özümüz hazırlayırıq. Çətin robot olduqda isə onun konstruksiyasına internetdən baxırıq. Sonra isə onu özümüz düzəldirik.

Gələcəkdə  cərrah olmaq istəyirəm. Ayağı və əlləri olmayan insanlara protez əl və ayaq düzəldib tibb aləminə yeniliklər gətirmək istəyirəm”

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən başladılan STEAM layihəsi hazırda Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsini və 6 mindən çox şagirdi əhatə edir. Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib..

Xatırladaq ki, STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunan şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf edən ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.

Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilir. STEAM təhsilinin tədrisi məqsədi ilə 34 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak ediblər. Növbəti ildən regionların da bu layihədə iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur.

Chip.az AzEdu.az-ın əməkdaşı - Şükufə Süleymanın STEAM tədris otağından yayımladığı xəbəri təqdim etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır