Veb-saytların meyarlara görə qiymətləndirilməsi mövzusunda məruzə dinlənilib

  • 18 Oktyabr 2019

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Veb-saytların meyarlara görə qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.

Chip.az AZƏRTAC-a istinad edərək, xəbər verir ki, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova veb-saytların təsnifatı, onların ümumi və özəl qiymətləndirmə meyarları, ISO standartları, veb-saytların meyarlara görə qiymətləndirilməsi barədə məlumat verib. Qeyd edib ki, informasiyanın dəqiqliyi və təqdim edilməsi, aktuallıq, məzmun, veb-sayta giriş, erqonomik istifadə, texniki reallaşdırma veb-saytların ümumi meyarları sırasındadır. Dövlət idarəçilik orqanları, ali təhsil və tibb müəssisələrinin veb-saytlarının isə özəl qiymətləndirilməsi meyarları mövcuddur.

G.Nəbibəyova istifadəçilərə internetdə mövcud olan böyük həcmli tibbi məlumatların araşdırılmasına kömək edən qeyri-hökumət təşkilatı “Health On The Net Foundation” (HON) haqqında məlumat verib, “HON” kodeksinin əsas prinsiplərini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır