Bu ay Azərbaycanda 9 xarici startap qeydiyyatdan keçib

  • 17 Oktyabr 2019

"Bu gün artıq İsrail anlayır ki, startaplar üçün ərəb investorlardan sərmayə cəlb edə bilməz. Ona görə də, startaplarını Azərbaycanda qeydiyyatdan keçirməyə başlayıb”.

Chip.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli İranın Milli İnnovasiyalar Fondunun rəhbəri Əli Vəhdətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

“Mən ötən gün bir Rusiya şirkəti ilə danışırdım. Onlar iddia edirdi ki, hazırladıqları məhsul dünya bazarında "Oracle"ın rəqibidir. Amma sanksiya ilə üzləşən Rusiyada olduqları üçün beynəlxalq investisiyaları cəlb edə bilmirlər. Mən də bildirdim ki, onlar Rusiyada işlərini davam etdirə bilərlər, eyni zamanda Azərbaycanda da qeydiyyatdan keçməklə investisiya cəlb edə bilərlər.

Bu ay 3 İsrail, 3 Ukrayna və 3 Rusiya startapı Azərbaycanda qeydiyyatdan keçib.

Başqa bir misal da deyim ki, bir ABŞ şirkəti var, İranla əməkdaşlıq etmək istəyir. Bu səbəbdən də burada qeydiyyatdan keçib, öz məhsullarını adaptasiya edib İrana satmaq istəyir. Həmişə olduğu kimi yenə demək istəyirəm ki, siyasət sərhəd tanıyır, ticarət isə yox".

Agentlik rəhbəri Ukrayna startapının Azərbaycandan 2 milyon dollar investisiya istədiyini də açıqlayıb: "Biz çox qısa müddətdə, təxminən 2 gün müddətində onları yoxladıq. Artıq onlar 17 milyon dollar investisiya cəlb ediblər, bizdən də 2 milyon dollar istəyirlər. Bu səbəbdən də biz əməkdaşlarımızı Kiyevə yola salmağa hazırlaşırıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır