Chip.az bildirir ki, 16 oktyabr 11:00-dan etibarən MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirəcək.
Onlayn mənzil seçimində əvvəlki prosedurlardan fərqli olaraq yeni tələb qoyulub.
Bu dəfə seçim prosesində iştirak edən istifadəçilər tərəfindən “Seçimlər” mərhələsində “CAPTCHA” (kapça) –dan istifadə ediləcək.
MİDA bununla sistemdən istifadə edənin insan yoxsa robot (proqram) olmasını müəyyən etmək üçün istifadə edəcək.
Bu o deməkdir ki, mənzil seçmək üçün istifadəçi əlavə simvolları da sistemə daxil etməli olacaq. CAPTCHA –da istifadə olunan ingilis hərflərinin böyük və kiçik olması əhəmiyyət kəsb etmir.
Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz mənzil almaq istəyən şəxslərə bir sıra tövsiyyələr verib:
“Mənzil seçimində uğur qazanmaq üçün iddiaçılar demo versiyalardan mümkün qədər çox istifadə etməlidirlər.
Həmçinin, uduş sansını yüksəltmək üçün, keyfiyyətli kompüter, internet və kompüterdə işləmək vərdişləri yetərli olmalıdır.
İddiaçıların satış vaxtından bir neçə saat əvvəl “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sisteminə daxil olması tövsiyyə olunur. Sistemdə Elektron İmza və ya Asan İmza işlək vəziyyətdə olmalıdır“.